Sabiq millət vəkili Gülər Əhmədova bu gün Bakı Dövlət Universitetinə (BDU) işə gəlib. “Modern.az”ın məlumatına görə, sabiq deputat 805-ci otaqda dərsini keçib, dekanlıqdan olan bir xanım isə dərsin sakit tərzdə keçməsinə nəzarət edib. Belə ki, o, digər tələbələrin Gülər Əhmədovanın dərs keçdiyi otağın qapısını açmasına icazə verməyib. Həmçinin G.Əhmədovanın müəllimi olduğu Psixologiya kafedrasının qarşısında bir polis əməkdaşı da dərsə nəzarət edib. Universitetin 805-ci otağı yerləşən dəhlizində isə tələbələrin gediş-gəlişi məhdudlaşdırılıb.
Gülər Əhmədova 10 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəlliməsidir. O, universitetdə yarımştat işləyir.
Xatırladaq ki, G.Əhmədova məlum videoqalmaqalla bağlı mandatdan imtina edib. Respublika Prokurorluğu isə ABU-nun keçmiş rektoru Elşad Abdullayevin G.Əhmədova ilə bağlı yaydığı videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb.
Gülər Əhmədova həm də Respublika Uşaq Təşkilatının sədri, “Mərkəz” qəzetinin baş redaktorudur.