2aprel-3

Bu gün Fəvvarələr Meydanında mitinqdir

2aprel-3Xalq parlamentin buraxılmasını tələb edəcək; Tanınmış simalar aksiya ilə bağlı çağırış etdi

“Əziz vətəndaşlar! YAP-çı deputat Gülər Əhmədovanın videosundan hər birimiz xəbərdarıq. Bu video açıq-aşkar sübut etdi ki, ölkəmizdə parlament xalqın iradəsi ilə yox, ”gülərlərin”, “ramizlərin” və “milyon manatlar”ın köməyi ilə formalaşır. Indi hakimiyyət Gülər Əhmədovanı qurban verib diqqəti parlamentin saxta mahiyyətindən uzaqlaşdırmaq istəyir. Biz bununla razılaşmayan, saxta insanların formalaşdırdığı parlamentin buraxılmasını istəyən hər kəsi meydana səsləyirik. Bu həm də bir ləyaqətin müdafiəsi aksiyasıdır. Dinc və sivil yolla saxta parlamenti istəmədiyimizi ifadə edək. Aksiya 20 oktyabr saat 15:00-da Fəvvarələr meydanında keçirilir”.

Bu çağırış artıq sosial şəbəkələrdə bir həftədir yayılıb və kütləvi hal almağa başlayıb. Əsasən fəal gənclər və tanınmış ictimaiyyət nümayəndələrinin təşkil etdiyi aksiyaya hazırlıq yekunlaşmaq üzrədir. Təşkilatlanma sürətlə gedir və “Parlament buraxılsın!” hərəkatına qoşulanlar aksiyada iştirak edəcəklərini bildiribər.
Aksiya təşkilatçıları isə mitinqə 2 minə yaxın etirazçının qatılacağını proqnozlaşdırır. Heç bir partiyanın və qurumun təşkilatçılığı olmadan qərarlaşdırılan aksiyaya isə dəstək gəlməyə başlayıb.

Aksiya təşkilatçılarından polisə cavab

Bu arada Daxili Işlər Nazirliyi (DIN) mitinq keçirilməsinə imkan verilməyəcəyini bəyan edib. DIN-dən gələn xəbərdarlığa aksiya təşkilatçıları münasibət bildirib.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov deyib ki,  polis vətəndaşların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaqdansa, cinayətkarlıqla mübarizə aparsın: “Azərbaycan polisi vətəndaşların konstitusion hüququndan istifadə etməsinə qarşı bu qədər həvəsli olunca, yaxşı olar gedib öz içindəki hacıməmmədovların yetişməsinin qarşısını alsın.
Polis qanunsuzluqla maraqlanırsa, Gülər Əhmədovları görsün, dinc və sivil metodlarla demokratiya uğurunda mübarizə aparanları yox”.

AXCP Gənlər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, aksiyaya çıxmaqla gənclər heç bir qanunsuz addıma imza atmırlar, əksinə, bu onların hüququdur: “Bizim keçirəcəyimiz aksiya qanunsuz deyil, Azərbaycan Konstitusiyasının 49-cu maddəsinin bizə verdiyi haqdır. Ana Qanunun mövcudluğu halında qeyri-legitim hakimiyyətin nə dediyi önəmli görünümür.
Ayrıca, DIN qanunsuzluqlara qarşı mübarizəni sevirsə, o zaman 20 oktyabr aksiyasının motivi olan Gülərgeyt qanunsuzluğuna niyə göz yumurlar? Ölkədə hər addımbaşı bir qanunsuz hala rast gəlinir, DIN bu hallarda hara baxır?”.
Ə.Qurbanlı bildirib ki, vətəndaşların, siyasi fəalların ifadə azadlığını, sərbəst toplaşmaq azadlğını pozmaq, qarşısını almaq və bu yöndə təhdidlə çıxış etməyin özü qanuna ziddir.

Koordinasiya Şurasının üzvləri meydanda olacaq

Ictimai Palata Fəvvarələr meydanında keçiriləcək mitinqə dəstək verilməsi barədə qərar qəbul edib. Qurumun Koordinasiya Şurasının üzvü Ədalət Yusubov “Mediaforum” saytına açıqlamasında deyib ki, qərar Koordinasiya Şurasının oktyabrın 17-də Müsavat Partiyasının qərargahında keçirilən iclasında qəbul olunub. Ədalət Yusubovun sözlərinə görə, Ictimai Palata oktyabrın 20-nə nəzərdə tutulan aksiyanı tam dəstəkləyir: “Bütün Azərbaycan xalqını, tərəfdarlarımızı 20 oktyabr mitinqində iştiraka çağırırıq. Bakı Şəhər Icra Hakimiyyətinin bu mitinqlə bağlı təşkilatçılara verdiyi mənfi cavabı, aksiyanın 20-ci sahədə yerləşən sürücülük məktəbinin həyətində keçirilməsi təklifini qanunsuz sayırıq. Bunu vətəndaşların konstitusion hüquqlarının pozulması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması kimi qiymətləndiririk. Bakı Şəhər Icra Hakimiyyətindən bu qanunsuzluğa son qoymağı tələb edirik”. Ə.Yusubov onu da bildirib ki, Ictimai Palatanın Koordinasiya Şurasının üzvləri də aksiya günü meydanda olacaq.

Burada jurnalistlər, bloqçular, QHT təmsilçilərini görmək olar

Natiq Ədilov “Yeni Müsavat” qəzetinə açıqlamasında isə deyib: “Bu aksiyanı çox yüksək qiymətləndirirəm. Çox fərəhli haldır ki, aksiyanın təşkilində ilk dəfə partiyalar yox, ayrı-ayrı fəal fərdlər iştirak edir. Burada jurnalistlər, bloqçular, QHT təmsilçilərini görmək olar. Bu da o deməkdir ki, artıq cəmiyyətimiz etiraz etməyin təkcə siyasi təşkilatların missiyası olmadığını başa düşür”.
N.Güləhmədoğlu hesab edir ki, G.Əhmədova hadisəsini susqunluqla qarşılamaq növbəti dövrlərdə daha böyük yaramazlıqların başımıza gətirilməsinə zəmin ola bilər: “Məqsədimiz heç də bu aksiyaya çıxıb hakimiyyəti devirmək deyil. Əlbəttə, çox yaxşı olardı ki, bu hadisəni əsas götürüb hökumət istefaya getsin, parlament buraxılsın. Amma biz reallıq hissini itirməmişik. Bilirik ki, bir ifşa və aksiyaya görə Azərbaycan parlamenti özünü buraxacaq ədəbdə deyil. Ancaq biz onların yerinə düşünmürük, öz vəzifələrimizi düşünürük və buna görə də etirazı vacib bilirik. Ayın 20-si meydana hətta müşahidəçi kimi çıxan insanlar təbəə, nökər yerinə qoyulması ilə barışmayan insanlar olacaq. Məhz o insanlar ölkəmizin işıqlı sabahına inanan və bunu reallaşdıracaq kəslər olacaq”.

Biz ölkədəki qanunsuzluqlara görə səsimizi çıxarmağa borcluyuq

Tanınmış köşə yazarı Şahvələd Çobanoğlu isə aksiya barədə bunları deyib: “Hamımıza bəllidir ki, bizim hakimiyyət sərbəst toplaşma hüququnu tanımaq istəmir, onu özünün verə biləcəyi haqq kimi təqdim edir. Amma biz də bu hüququ əldə etmək, geri qaytarmaq istəyirik. Istəyirik ki, bizim belə hüququmuz birmənalı olaraq tanınsın. Son illərin etiraz aksiyalarının hər birinin konkret məqsədləri olsa da, onların bir tələbi də həmişə bu olub. Yəni sərbəst toplaşma hüququnun qazanılması. Hesab edirəm ki, sərbəst toplaşma hüququnun bərqərar olmasına ən böyük töhfə tanınmış adamların askiyalara qatılmasıdır. Hakimiyyət bu halda bizim etiraz aksiyalarını çılğın qrupların qanunsuz təbdiri kimi təqdim edə bilməyəcək. Təbii ki, aksiyaların aparıcı qüvvəsi gənclər olur. Amma xalqın tanınmış simalarıının iştirakı etirazı aksiyalarına böyük güc və mənəvi əsas qatacaq. Aksiyaların bizim konstitusion haqqımız olması onda çox gur səslənəcək. Çox istərdim ki, xalqın tanınmış insanları aksiyaya qatılsınlar. Bu, bizim qanuni haqqımızdır. Biz ölkədki qanunsuzluqlara görə səsimizi çıxarmağa borcluyuq”.

“Biz meydana çıxıb etirazımızı bildirməliyik”

Tanınmış yazar Zamin Hacı vətəndaşları aksiyaya qatılmağa çağırıb: “Gülər Əhmədov ilə bağlı videodan sonra cəmiyyətdə parlamentin saxta formalaşdırılmasıyla bağlı iddialar daha da möhkəmləndi. Bütün vicdanlı insanlar parlamentin buraxılmasını tələb etməlidir. Hər kəsi sabahkı (bu günkü – red.) aksiyada iştirak etməyə səsləyirəm. Hakimiyyət elə düşünür ki, istədiyi vaxt, istədiyi qədər qanunsuz yollarla parlament formalaşdıra bilər. Cəmiyyət isə buna etiraz bildirməyəcək. Biz meydana çıxıb etirazımızı bildirməliyik. Sakit dayansaq, vəziyyət daha da pisləşəcək. Ona görə də hər bir vicdanlı insanı saxta parlamentə etiraz etməyə, onun buraxılması üçün çalışmağa çağırıram”.

Xalq mandat satışına müşahidəçi mövqeyində qalmamalıdır

ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev də insanları aksiyaya biganə qalmamağa çağırdı: “Məlum rüşvət videosu bizim illərdir bildiyimizi faktla sübut etdi. Parlamentin saxta şəkildə formalaşdığını bilirdik. Indi əlimizdə tutarlı faktlar var və buna da etirazımızı bildirməliyik. Bu, müxalifətçilərin və ya hansısa partiyanın aksiyası deyil. Hesab edirəm ki, 20 oktyabr mitinqi xalq nümayişinə çevrilməlidir. ADP-nin gəncləri də aksiyada iştirak edəcək və hakimiyyətin saxta parlamentinə etiraz edəcəyik”.

Keçmiş vicdan məhbusu, müsavatçı fəal Rüfət Hacıbəyli də aksiyada iştirak edəcək: “Cəmiyyəti də bu mitinqə çağırıram. Məlum videolar hər şeyi çılpaqlığı ilə ortaya qoydu. Göstərdi ki, millətin seçim hüququ yoxdur. Yalnız bir neçə adamın siyahısı əsasında parlament formalaşır. Mandat açıq şəkildə satışa çıxarılıb. Xalq buna müşahidəçi mövqeyində qalmamalıdır. Aksiyada heç bir təxribata və qarşıdurmaya yol verməyəcəyik”.

İsa Sadıqov çağırış etdi

Mühacirətdə yaşayan azərbaycanlı fəallardan biri, keçmiş korpus komandiri, polkovnik İsa Sadıqov da Bakıda parlamentin buraxılması tələbilə keçiriləcək aksiyada iştiraka çağırış edib. “Azadlıq” qəzetinə göndərilən müraciətdə deyilir: “Əziz həmvətənlər! Xahiş edirəm, bu aksiyada fəal iştirak edin. Çıxın küçələrə, öz haqlarınızı tələb edin. Vətəni bu kriminal, rüşvətxor, qəddar və oğru-quldur dəstəsindən qurtarın. Bu ancaq siyasi partiyaların işi deyil, hamımızın borcudur.
Bunlar bizləri nə qorxuda, nə çəkindirə bilər. Bizim azadlığımızı əlimizdən ala bilməzlər. Biz kimliyimizi dünyaya sübut etməliyik və tezliklə “Azadlıq” meydanını bu quldur dəstədən azad etməli, rejimə son qoymalıyıq. Əminəm ki, buna hamılıqla, bir yerdə nail olacağıq.
Mən üzümü keçmiş əsgər dostlarıma tutram: Vətəni xilas, bu quldur dəstədən azad etməliyik. Bu, bizim borcumuzdu.
Hamımız bir olsaq, qalib gələcəyik. Yaşasın Vətən!”.