Yalanı fərqli fikir adı ilə yaşatmaq

Hər il Müstəqillik günü şəxsən mənə çox böyük sarsıntılar gətirir. Görürəm ki, tək mən belə deyiləm, başqaları da eyni hissləri yaşayır. Axı insan doğrudan da öz ölkəsinin indiki halı ilə razılaşa bilməz. Bizim ölkədə necə yaşamaq bir yana qalsın, bu ölkəni belə qoyub ölmək də asan deyil. Insan öz övladlarını bu cür ədalətsiz cəmiyyətdə buraxıb necə rahat ölə bilər?! 
Bir anlığa düşünün: bizim övladlarımızı nə gözləyir burada? Bunu fikirləşmək dəhşətdir. Dürüst biri olacaqsa, onu yaxşı heç nə gözləməyəcək. Yaxşılara sahib olmaq üçün isə gərək yaltaq, oğru olsun. Bəs buna yaxşı deyə bilərikmi? Insan öz övladını yaltaq, alçaq təsəvvür edə bilərmi?
Bunu sadəcə fikirləşməyə də insan qəlbi dözmür…
Gerçəklik budur ki, müstəqilliyi – bizim tarixi arzumuzu bu xalqa peşman edən bir rejimin zülmü altında yaşamaqdayıq. Başqa adı yoxdur bunun. Ölkəmiz yağı yurdu kimi talan edilir. Bu qədər aşkar oğurluğun misli varmı? Bir şeyi bilirəm ki, bizdən də ağır ictimai rejimlərdə, qapalı cəmiyyətlərdə bu qədər böyük korrupsiya, bu qədər böyük oğurluq yoxdur. Məsələn, Türkmənistanda, Özbəkistanda. Orada da yoxdur bu cür talan. Bu, bir mülahizə deyil, ciddi göstəricilər əsasında gəlinmiş qənaətdir.
Təkcə 48 milyard ofşor zonalara çıxarılıb bizim sərvətimizdən. Baxın və düşünün. O qədər harınlayıblar ki, o qədər arxayınlaşıblar ki, yığdıqları rüşvətdən açıq şəkildə paketlərdə məmurlara pay verirlər. Gözlərini pul örtüb. Istədiklərini edirlər. Hətta bizim səsimizi mandat edib satırlar…
Yaltaqlıq və yalan isə yaşadığımız cəmiyyəti çirkab yuvasına çevirib. Bir tikə halal çörək tapsan da yeyə bilmirsən rahatlıqla. Yaşamaq çox ağır olub…
Və biz yalanlara qarşı çıxanda isə kimlərsə müdrikcəsinə bizi anlaya bilmir. Guya bizim nə istədiyimiz onlara çatmır. Hayqırırlar – demokratiyadır, söz azadlığıdır. Müdafiə olunurlar – “bu da bizim fikrimizdir” deyə.
Üsula baxın! Demokratiya fərqli fikirlərin mümkünlüyü ilə var olur – buna söz ola bilməz. Amma yalanı fərqli fikir adı yaşatmaq haqqı heç kimə verilməyib, bunun da demokratiyaya heç bir dəxli yoxdur. Yalanı fərqli fikir, demokratiya, plüralizm kimi sırıyıb yaşatmağın, ümumiyyətlə, adı yoxdur.
Biz bir vaxtlar “danışa-danışa susanlar”ın hiyləsini açdıq. Göstərdik ki, bu adamlar əsas problemləri qoyub, 100-cü problemlərdən ürək dolusu danışırlar. Halbuki dedikləri problemlərin də həlli əsas dərdlərin həllindən asılıdır. Onlar barədə isə susurlar…
Başqaları da var. Onlar yalanı deyir və bunu fərqli fikir kimi qələmə verirlər. Amma fikir ayrıdır, yalan ayrı.
Biz isə yalana susa bilmərik, nə də onu fərqli fikir kimi qəbul edə bilmərik. Yalan bizim ölkəni bataqlığa çevirib. Yalan bizi həqiqətsiz qoyub. Oğru rejimin dayağı da yalandır. Əksinə, oğru rejimi həqiqət yıxacaq. Həqiqət onu yox edəcək. Odur ki, biz həqiqəti güzəştə gedə bilmərik. Onu güzəştə getmək ölkəmizi, onun azadlığını, ədalətini güzəştə getməkdir. Buna görə də illərdir bəyan edirik ki, həqiqət bir ölkə üçün çörəkdən də qiymətlidir. Həqiqət olmayanda biriləri başqalarının çörəyini də əlindən alır, oğurlayır…
Bizi anlamaq üçün, sadəcə, halımızı düşünmək lazımdır. Biz gecələr rahat yata da bilmirik, yuxumuz da gəlmir. Çünki biz bu ölkənin gerçək sahibləriyik, yəni onun dərdlərinin sahibiyik. “Sadəcə, dərdlərinin sahibiyik” demək çətindir, çünki dərdlər sadə olmur…