Mən musiqi düşməni deyiləm. Muğamı, xalq mahnılarını, klassik əsərləri, estradanı, pop musiqisini də dinləyirəm. Amma bizim azərbaycanlıların günlərlə iş-gücünü atıb uzaq xaricdən gələn Cenifer Lopezin, Rihannanın və ya bətnində 6 aylıq uşaq gəzdirən Şakiranın əlində əsir-yesir olmasını anlaya bilmirəm. Hələ o “bahalı” müğənnilərə xərclənən pulları, bağışlanan hədiyyələri demirəm. Bəlkə, heç bu yazını da yazmayacaqdım. Əgər bizim “səxavətli” iş adamlarından birinin kolumbiyalı Şakiraya 100 min manatlıq üzük bağışlaması xəbərini oxumasaydım…
Demə, bu iş adamı müğənniyə necə heyranmışsa, ona “müsəlman olsaydınız, körpənizin kirvəsi olardım” söyləməkdən də özünü saxlaya bilməyib. Doğrusu, bu görməmişliyə və düşüklüyə lap heyrətləndim! Bəlkə, çoxunuz “bu günün Azərbaycan sahibkarından artıq nə gözləyirsiniz” deyə düşünəcəksiniz. O, Zeynalabdin Tağıyev deyil ki, milyonlarını millətinin və ölkəsinin tərəqqisi yolunda fəda etsin. O, Bill Geyts deyil ki, sərvətini dünyada yoxsulluğun, işsizliyin, aclığın köklərinin qazılmasına və təhsilin inkişafına xərcləsin. O, bugünkü Azərbaycan reallığında sahibkarlıqla monopolizmin eyniləşdirildiyi düşüncə səviyyəsindən irəli getməyən biridir hər halda. Indi dünyanın normal sahibkarlıq sistemində səbəbsiz yerə belə qiymətli hədiyyələrin verilməsi mədəniyyətsizlik kimi qəbul olunur. Ən azı ona görə ki, yer kürəsində o pula ehtiyacı olan milyonlarla ac-yalavac insan var. Bu heç də o demək deyil ki, öz halal qazancından bahalı hədiyyə vermək “qadağan”dır. Sadəcə, baxır o hədiyyə kimə və nə məqsədlə verilir…
Bilirsiniz ki, böyük mesenat Hacı Zeynalabdin Tağıyev Azərbaycanda qız məktəbi açmaq üçün özünü illərlə oda-közə vurmuşdu. Məqsədinə çata bilməyən fədakar maarifpərvər son dəfə şansını 1895-ci ildə Zaqafqaziya müsəlmanlarının təmsilçisi olaraq qatıldığı Nikolayın tacqoyma mərasimində sınamışdı. Mərasimdə çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı bir hədiyyə bağışlayan Tağıyev Bakıda onun adına qız məktəbi açılmasına razılıq verilməsini xahiş etmişdi. Bu dəfə onun böyük arzusu həyata keçmişdi. Bununla, müsəlman şərqində ilk qızlar məktəbi açan Tağıyev ora zəngin ailələrdən olan qızların qəbulunu da məhdudlaşdırmışdı. Məqsəd kasıb ailələrdən olan bacarıqlı qızların təhsil almasına imkan yaratmaq idi.
100 min manat Şakira üçün böyük pul deyil hər halda. O hər verdiyi konsertdən bundan qat-qat çox qazanc götürür. Amma Azərbaycan vətəndaşı üçün 100 min manat nədir, bilirmisiniz?
Azərbaycanda övladının qarnını doyurmaq arzusuyla gündə 100 dəfə ah çəkən analar var!
Azərbaycanda 100 manat qazanc üçün bir ay mağazalarda, evlərdə, bazarlarda təmizlik işiylə məşğul olan qadınlar var!
Azərbaycanda xəstə övladlarını 3 min, 5 min, 10 min manatın yoxluğu üzündən torpağa tapşıran valideynlər var!
Bu gün Azərbaycanda ehtiyac içində boğulan, ölkəni tərk etmək zorunda qalan və ya sıxıntıdan intihar yolunu seçən 100 minlərlə insan var!
Heç şübhəsiz, pul xərcləmək bir mədəniyyət və düşüncə tərzindən xəbər verir. Kimsə kimsəni öz kisəsindən başqasına xərcləməyə vadar edə bilməz. Bu, hər kəsin vicdanına buraxılan insanlıq və iman məsələsidir. Ən böyük insanlıq ehtiyacı olana əl uzatmaqdır. Ən böyük insanlıq və xeyirxahlıq böyük bir toplumun xeyir görə biləcəyi işlərə imza atmaqdır. Nə etmək ki, kimi bunu minlərlə insanın taleyini dəyişən məktəb yaratmaqda, kimi isə bir popçunun barmağına brilyant üzük keçirməkdə görür…

Şakiraya, yoxsa Aleksandraya gedən hədiyyə daha dəyərlidir?..
•