Səma filosofları

«Bu o demək deyil ki, o bu deməkdir» qarışıqlığı haqqında…

Bu yaxınlarda Ilqar Məmmədovun bir yazısını oxudum, mövqeyini bölüşmədim. Amma tərzini bəyəndim. Istədiyini dəqiq yazmışdı. Mövqe tələb edirdi. Ziyalılardan, bəzi siyasilərdən və s. Söhbət mübahisələrə və etiraz aksiyasına səbəb olmuş hicab məsələsindən gedirdi.

Bu yazıya cavab özünü çox gözlətmədi. Niyazi Mehdi öz bostanına düşən daşı götürüb kənara atmaq, ittihamların ona aidiyyəti olmadığını sübut etmək istədi. Amma bu dialoqda maraqlı bir problem ortaya çıxdı – Müəyyənliyin ifadəsi fəlsəfəsi. Niyazi müəllim böyük bir yazıda izah edə bilmədi ki, o nəyin tərəfdarıdır, nəyin tərəfdarı deyil. Bütün yazı belə bir üslub texnikası ilə müşayiət olundu: “Mən bunun tərəfdarıyam, bu o demək deyil ki, onun tərəfdarıyam”, yaxud da “Bunu istəyirəm o demək deyil ki, onu istəmirəm”. Fəlsəfi lüğəti, yəni fəlsəfəyə aid sözlər çoxluğunu bilən biri kimi hətta mən ayırd edə bilmədim ki, Niyazi müəllim nə istəyir. Və bu istədiyini niyə istəyir. Hərçənd fəlsəfə “niyə”nin üzərində dayanıb. Niyazi Mehdiylə bağlı məsələ sadəcə bir aydınlıq girişi idi.

Cəmiyyətdə nə etdiyini bilməyən, fikirlərinin ayaqları yerə dəyməyən “səma filosofları” artmağa başlayır. Adamlar danışırlar, sənə də elə gəlir ki, bu fəlsəfə nədisə, ya çox qəliz şeydir başa düşmürsən, ya da bu, sadəcə boşboğazlıqdır. Amma ən azı Qan Turalı, Nərmin Kamal şahidlik edə bilərlər ki, fəlsəfə elə də mürəkkəbliklər burulğanı deyil. Onun əsas funksiyası aydınlaşdırmaq, izah etməkdir. Sadələşdirməkdir… Həyat haqqında yazarkən ancaq ölümü təsvir etmək fəlsəfənin işi deyil. Bununla ilahiyyat məşğuldur… Ritualları da aydın və konkretdir. Ağalar Məmmədov uzun illərdir “təklər” və “cütlər” məsələsinə nöqtə qoya bilmir ki, bilmir. Nə demək istədiyini bilən bir adam da tapa bilməmişəm… Fəqət, maraqlı söhbətlər elədiyini deyən dostlarımız çoxdur. Bizim üçünsə daha maraqlı məqam belə mövqenin ortaya çıxmasına səbəb olan faktoru müəyyənləşdirməkdir – niyə bu ziyalılarımız konkret ola bilmirlər. Tutaq ki, bir çox mühazirələrini və söhbətlərini dinlədiyim adamlar arasında müqayisə aparaq.

Hüquq nəzəriyyəçisi Erkin Qədirli haqqında yuxarıdakı fikirləri səsləndirmək olmur. Ona görə ki, o, problemi də, çıxış yollarını da həyatdan göstərir. Cəmiyyətin daxili natamamlığından, hazırlıqsızlığından, demoralizasiyasından, sosial taqətsizliyindən, təhsilsizliyindən yaranan problemləri də, onlardan çıxış yollarını da həyatla əlaqəli şəkildə izah edir. Və hər kəs aydın başa düşür ki, Erkin müəllim nə istəyir. Başqa bir misal, bu günə qədər bir dəfə də olsun Şahvələd Çobanoğlunun nə demək istədiyi barədə çətin sual qarşısında qalmamışam, heç bu mövzuda asan sual da yaranmayıb. Çünki, cənab Çobanoğlu nə istədiyini yazır… Xalqdan, hakimiyyətdən, elitadan, gənclikdən və nəhayət, özündən. Mənim üçün və əlbəttə, hər şeydə müəyyənlik axtaran dostlar üçün də maraqlıdır ki, bu qeyri-müəyyənlik sevgisi ziyalılarımızın intellektual bətnində özünə necə rahat sığınacaq tapa bilir…

Təsəvvürdən doğan təsvir…

Bir rəssamdan daha yaxşı müşahidəçi tapmaq çətindir. Çünki dəqiq təsvir üçün ikiqat artıq konkret təsəvvür olmalıdır. Izah etmək üçün, öncə anlamaq şərtdir. Bu işin elə tərəfidir ki, heç kim əksini iddia etməz. Amma heç kim iddia da etməz ki, bizim səma filosoflarımız bu məsələlərdə yetərli bilgiyə və bu bilgilərin emal olunmasına, yəni doğru nəticələrin çıxarılması imkanına malik deyillər. Bunu iddia etmək qeyri-səmimilik olar. Bu tip adamlar özlərinin sosial problemləri barədə o qədər aydın və gözəl danışır, yazırlar ki, adam az qalır öz yazdığını cırıb atsın. Amma bir qədər geniş təbəqənin problemlərinə gəlincə, yəqin ki, rəqəmlərin təsirindən izahlar qəlizləşir, ilahiləşir və səmaviləşir. “Heç nə hər şey demək olur, hər şey heç nəyə bərabər olur… mənasızlıqda bir məna olur… Məntiq odur ki, məntiq yoxdur” ritorikası isə bəzən bifurkuasion fuluktasiyaların emercent rezultatlarını interdeferensasiya edir. Bu da doğma dilimizdə fəlsəfə… Vaqifin ögey anasının dilində. Deməli, məsələləri dərk etməkdə bir sorun yoxdur…

Uzağa daş atmaq vərdişi…

Yaxına da daş atmaq olar. Yetər ki, hədəfi vurun. Amma əvvəlcə hədəfin nə olduğunu, kim olduğunu elan edin. Sizin hərəkətləriniz sistemsizlik və məqsədsizlik ifadə etməsin. Son mənzilinizin hara olduğunu bilmirsinizsə, yaxud da nəyi tapana kimi axtaracağınızı bilmirsinizsə, əbədi hərəkətdə və axtarışda olmağın nə anlamı ola bilər ki. Siz öz fəaliyyətinizlə nəyə nail olacaqsınız? Yaxud sizin fəaliyyətiniz başqalarına nə verəcək. Anlaşılmazlığın şəklini təsəvvür edirsinizmi… Hətta o da aydın olmasa, nəyin şəkli olduğu bilinməz. Bunu deməkdə məqsədim odur ki, bir hədəfi vurmaq üçün əvvəlcə onu aşkar (müəyyən)  etməlisən. Bir anlaşılmazlığı izah etmək üçün nəyin dolaşıq olduğunu dərk etməlisən və görə, göstərə bilməlisən. Bunu etmədikcə, yüksəklikdəki fikirlərinizin taleyi açılmayan paraşütdəki hərbçini xatırladır. Onun döyüş hazırlığının səviyyəsindən danışmaq yersizdir. Çünki yerə ölü düşəcək. Ölünün isə heç bir hazırlığı olmur.

Bizə bir dalğa gərək

Alvin Tofler deyirdi ki, üçüncü dalğanın öncüllərindən biri də filosoflar olacaq. Bu isə müasir toplumun bilgiyə meylinin və tələbatının yüksək olacağı demək idi. Amma nədənsə biz belə bir situasiya ilə üz-üzəyik ki, fəlsəfəmiz və filosoflarımız toplumdan uzaqlaşaraq erkən orta əsrlərin və hətta miladdan 600 il öncənin elitarlıq xəstəliyinə tutulurlar. Bu isə bizə yaxşı olmayan gələcək vəd edir. Məncə, yenidən və əsaslı şəkildə düşünməliyik, həyatımızla əlaqəli olmayan fəlsəfələrin başımızı qatdığını görməliyik. Və indiki dövrdə “qatillərdən ən qorxulusu vaxtı öldürəndir” deyiminin necə yerinə düşdüyünü görməliyik. Vaxtı  öldürmədən fikirlərinizi naməlum uçuşlar reysindən saxlayın və bu ölkədə, öz həyatımızda bəzi şeyləri dəyişməyə başlayaq… Niyə? Ona görə ki, biz yaşamalıyıq. Tək gerçək həyatdır…