ABU-nun rektoru «Azadlıq»a dövləti cinayətlərdən şok faktlar yazır
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq”a növbəti dəfə sensasion materiallar göndərib.
Elşad Abdullayev iddia edir ki, müğənni Mətanət Isgəndərli Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərir. O, diqqətəlayiq fakt kimi, qeyd edir ki, böyük cinayətlərdə iştirakçı olmasına baxmayaraq, müğənni “toxunulmazlıq” hüququna malikdir: “Əks təqdirdə, o, ”sandığı açıb, pambığı tökər”. Əminəm ki, bu, gec-tez olacaq. Çünki bu, onun özü və ailəsi üçün də vacibdir, belə sosial təhlükəli cinayətkarlar şahidləri sevmirlər”.
Sabiq rektor xatırlayır ki, 2003-cü il 3 oktyabrda müğənni M.Isgəndərlini dayısı oğlu, sürücüsü Teymur Mahirin “Mersedes” markalı maşını ilə Dəvəçi rayonuna konsertə aparıb. Oktyabrın 7-də isə Bakı şəhəri, Montin qəsəbəsində “Yaşıl ada” restoranında Mətanət Isgəndərlinin, Iranə Ilkin və Arzu Kazımovun iştirakıyla Mahiri “Mətanət Isgəndərlinin Qarabulaq sərgüzəştləri” məqaləsilə təhdid edilərək, ondan 2 milyon dollar pul tələb olunub.
“Mətanət Isgəndərlinin Mahirin oğurlanmasında birbaşa iştirakçı olduğunu təsdiqləyən vacib faktlardan biri də onun 6 yanvar 2007-ci il tarixində, saat 23:00-də ATV telekanalındakı çıxışıdır. Həmin çıxışında Isgəndərli məni ”oğru dilində” təhdid edir. Mahirin heç kimin bilmədiyi uşaqlıq təxəllüsü ilə, qəfəsdə olan Tutuquşuya müraciət edir: “Mario!, Mario!, Mario!!! Darıxma, darıxma, tezliklə qəfəsə sənin əzizini də (Elşad müəllimi) gətirəcəyəm, tək darıxma!!!”
Generallara göndərilən video
“Ən önəmli fakt budur ki, Mahir oktyabrın 13-də oğurlandıqdan sonra, ayın 15-də saat 14.00 radələrində Daxili Işlər Nazirliyinin 7-ci idarəsinin rəisi, polkovnik Vaqif Şərifov bu idarənin əməkdaşı Rövşən Abbasquliyevi yanıma göndərdi. O, mənə bunları dedi: ”Rəisim Vaqif Şərifov mənə tapşırıq verib dedi ki, “Elşad müəllimə çatdır, qardaşı Mahiri gedib Hilal Əsədovun Idarəsindən alsın”.
Mən bu danışıqları gizli kamera ilə qeydə aldım.
Fikir verin, əsl həqiqət, cinayət faktı budur. Prokurorluğun müstəntiqi Elmar Məmmədovun bu cinayət faktını gizlədib, yalan məlumat verməsi başadüşülən deyil!
Qeyd olunan video-görüntüləri daxili işlər naziri Ramil Usubova, sabiq nazir müavini Zahid Dünyamalıyevə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, polkovnik Rəsul Rəsulova yazılı protakolla təhvil vermişəm. Həmçinin baş prokuror Zakir Qaralova da yazılı şikayətlərimə əlavə edib göndərmişəm. Rövşən Abbasquliyevin danışıqlarının video-görüntülərini xüsusən, mənə yayındırıcı, yalan cavab yazmış prokurorluğun müstəntiqi Elmar Məmmədovun rəisi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin rəisi Eldar Əhmədova iş otağında şəxsən təqdim etmişəm. Rövşən Abbasquliyevin danışdıqları yüzlərlə digər video-görüntülər vasitəsilə də təsdiqini tapır. Təəccüblüdür ki, adi bir cinayət işində bir tüklə cinayətin üstü açılır, lakin bu qədər təkzibolunmaz maddi sübutların, faktların olmasına baxmayaraq, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütşəkkil cinayətkar dəstənin havadarları bu cinayətin açılmasına maneçilik törədirlər.
Usubovun otağındakı gərgin müzakirələr
Bundan sonra Abbasquliyev həyəcanlı halda yanıma gələrək məndən köməklik istəyib bunları dedi: “Siz bu məlumatları verəndən sonra məni Ramil Usubov, Zahid Dünyamalıyev və Vaqif Şərifovun iştirakı ilə nazirin iş otağında dindirib sıxışdırdılar. Söydülər ki, nə üçün bu məsələni gedib Elşad müəllimə demisən? Mən də cavab verdim ki, axı burada mənim nə günahım var? Rəisim Vaqif Şərifov mənə tapşırıq verib ki, get, Elşad müəllimə de, mən də gedib demişəm, daha mənlik nə var?”
Son nəticədə bir müddət sonra Rövşən Abbasquliyevi düz danışdığına görə işdən çıxartdılar, rəisi Vaqif Şərifovu isə Moskvaya göndərib, sonradan onu da işdən uzaqlaşdırdılar.
Adam oğurluğunun canlı şahidləri
Qeyd etdiyim kimi, Mahirdən külli miqdarda pul almaq məqsədilə onu 13 oktyabr 2003-cü ildə müğənni Mətanət Isgəndərlinin evindən oğurlayıblar. Bu yerdə Sənanın Mətanət Isgəndərlinin bacısı Təranə ilə sıcaq əlaqəsi də nəzərdən qaçmamalıdır.
Əsas fakt budur ki, canlı şahidlər – Məmmədəli kişi, Araz Mürsəliyev, Bayıl Xanım, Rövşanə, Novruz – “Sevinc” kafesi, Fəzilə – prodüsser Asifin bacısı, Teymur – Mətanətin sürücüsü, dayısı oğlu, Gültəkin – Mahirin həyat yoldaşı, Səftər, Sahib və s. çoxsaylı şahidlər yazılı təsdiq edirlər ki, Sənan Mahir oğurlanan zaman onu Mətanətin evinə ötürüb. Oradan da izi gizlətmək məqsədilə səhər saat 11.00 radələrində Mahirin Binəqədi rayonundakı “Sevinc” kafesində gəlib oturub.
Sənan necə və niyə dəyişdi?
Telefon danışıqlarının analizindən göründüyü kimi, Sənan hər gün Mahirə 20-25 dəfə zəng edib. Lakin Mahir oğurlanan zaman Sənan Mahirə bir dəfə də olsun, zəng etmir. Çünki əvvəlcədən bilirdi ki, Mahiri kimin göstərişilə kim oğurlayıb, ona görə də zəng etməyib.
Tələbəçilik illərindən Mahir oğurlanana qədər Sənan bütün günü qardaşımın yanında olub. Qəribədir ki, əvvəllər mənə “ağsaqqal” deyən Sənan Mahirin oğurlanmasından sonra, bizi təhdid etməyə başladı, üstümüzə yeridi, bizimlə görüşməkdən həmişə qaçdı. Çünki Mahirin oğurlanmasında birbaşa günahkardır”.
Akademikin ölümü
Bu da faktdır ki, Sənan həmin ərəfələrdə müxalifət qəzetlərində prezident Ilham Əliyevin əleyhinə yazılan məqalələri telefonla Mahirə oxuyurdu. Mahir də mobil telefonun selekterini açıb, mənə qulaq asdırırdı və deyirdi ki, qulaq as, bəs deyirsən ki, Sənan polis polkovniki Hilal Əsədovun qohumudur? O ki bütün günü telefonda prezidentin əleyhinə məqalələri həvəslə oxuyur… Mahiri başa salmışdım ki, ola bilsin, gələcəkdə bunları sənin əleyhinə işlətsin. Doğrudan da hadisələr sübut etdi. Nazir müavininin əleyhimə Ilham Əliyevə yazıb verdiyi arayışların məzmunu “Təzadlar”da, eləcə də digər reket qəzetlərdə müntəzəm olaraq nəşr olunurdu. Mən də Mahirə Sənandan uzaq durmağı tapşırmışdım. ABU-un mühafizəçilərinə tapşırmışdım ki, Sənanı universitetə buraxmasınlar. Mahirin tələbə yoldaşı Yardımlıdan olan Yusifi evində asmışdılar. Onun qayınatası da API-də professor idi. Mahirə başa saldım ki, onun ölümündə Sənandan şübhələnirlər. Sonra, Sənan Milli Elmlər Akademiyasının elmi katibi, dünya şöhrətli alim, mənim əziz və hörmətli müəllimim, akademik Aslan Aslanovun köməkçisi idi. Onun da ölümünü Sənandan görürlər. Daha sonra, Sənan Milli Məclisinin keçmiş sədri Rəsul Quliyevin “köməkçisi” işləyib. Məlum olduğu kimi, o da ölkəni tərk etmək məcburiyyətində qaldı və s. Yəni, Sənanın tərcümeyi-halı bu mənada zəngindir.
Mahir Abdullayevin avtomobili peyda olur
Mahir oğurlanan zaman idarə etdiyi “Mersedes-Benz” markalı AZ 10-SR-067 dövlət nömrə-nişanlı avtomobil 35 gün qanunsuz olaraq, müğənni Mətanət Isgəndərlinin qarajında saxlanılıb. “Mersedes”i aparıb gizlədən isə müğənninin dayısı oğlu Teymur olub. “Mersedes” Bakıdan kənara çıxmadığı halda, necə olub ki, Qaradağ postunda yol polisi Əli
Əhmədov bu maşını görüb?!
…17 noyabr 2003-cü il tarixdə, Mahir oğurlandıqdan 1 ay 4 gün sonra onun avtomobili Bakı şəhəri, Mirzə Fətəli küçəsində Mənzil Istismar Idarəsinin qarşısına, yenicə yuyulmuş vəziyyətdə gətirilib qoyulub. Həmin an biz maşının şəklini çəkdik. Bir hüquqşünas kimi, “Mersedes”in dayandığı yerə kriminalistik-hüquqi baxış keçirdik. Bundan ötrü ali hüquq təhsilli olmağa heç ehtiyac da yoxdur, çünki hər şey adi gözlə görünürdü.
Ilham Əliyevin mühafizəçisi “işin içində”
Maşınla bağlı diqqəti çəkən faktlardan biri də odur ki, heç vaxt mənimlə nə şəxsi, nə də telefon əlaqəsi olmayan, Ilham Əliyevin avtomobil karvanının mühafizəçisi, polkovnik Qafar Abbasov “Mersedes” tapılan gün mobil telefonuma zəng edib, məndən Heydər Əliyev haqqında yazdığım kitablardan istədi. Sonra dedi ki, “narahat olma, hər şey yaxşı olacaq”. Bundan sonra elə həmin gün mən maşının tapılması haqda məlumat aldım.
“KQB”-şniklərin nəzərləri altında
Vacib faktlardan biri də budur: Biz “Mersedes”in yerini bilən kimi hadisə yerinə getdik. Həmin yerlə Mətanət Isgəndərlinin evi arasında 5-10 dəqiqəlik piyada yol var. Qəribə idi ki, artıq bizi hadisə yerində Bakı “zəhmətkeşləri” gözləyirdilər. “JEK”-in qabağında 2-3-cü mərtəbələrdə əyinlərində yanacaqdoldurma məntəqələrində çalışan işçilərin paltarları olan, amma üzdən yaxşı tanıdığım Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror Mərkəzinin əməkdaşları – bığlı Yaşar, Teymur Quliyev, Rəsul, Elçin və s. guya ev təmir edirlər. Ona görə yaxşı yadımda qalmışdı ki, eyni geyimli KQB əməkdaşları bu hadisədən bir neçə gün əvvəl mənim mobil telefonuma qardaşım oğlunun mobil telefonuyla zəng edib aldadaraq, Mahiri qaytarmaq bahanəsilə Zaqatala rayonuna dəvət etmişlər. Lakin Kürdəmirdə, “4 yol” deyilən ərazidəki yanacaqdoldurma məntəqəsində həmin rəngli kombinezonlu “zəhmətkeşlər” – KQB-nin anti-terror mərkəzinin əməkdaşları dörd bir tərəfdən üstümə “Kalaşnikov” dirəyib Kürdəmir Rayon Polis Şöbəsinə gətirdilər. Ilk dəfə güvəndiyim dövlətin nə dərəcədə aciz olduğunu gördüm. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 30 illik pedaqoji stajlı müəllimini avtomatla təhdid etdilər…”
Ardı var…