ABŞ şirkəti 160 min dolları Azərbaycanın vergi qurumlarına niyə verib?
Azərbaycanın adı yenidən beynəlxalq rüşvət qalmaqalında hallanmağa başlayıb. Bu dəfə ABŞ-ın “Shuman” hüquq firması Azərbaycanda vergi orqanlarına rüşvət verən “Tidewater Inc” gəmiçilik şirkətinin müəyyən vəzifəli şəxslərinə və direktorlar şurasının üzvlərinə qarşı irəli sürüləcəyi gözlənilən potensial ittihamlarla bağlı araşdırma aparıb. Yayılan məlumatlara görə, hüquq firmasının araşdırmaları “Tidewater Inc” tərəfindən ABŞ-ın Xarici Korrupsiya Aktının pozulmasını əhatə edir.
Qeyd edək ki, “Tidewater Inc” dünyada enerji sektorunda işləyən şirkətlərə gəmiçilik xidməti göstərən və geniş imkanlara malik olan ən iri şirkətlərdən biridir. Mərkəzi ofisi ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) yerləşir, enerji şirkətlərinə lazım olan böyük həcmli qurğuların daşınmasında və çatdırılmasında xidmətlər göstərir. 350-dən çox iritutumlu gəmiyə malikdir, dünyanın 60-dan çox ölkəsində işləyir, bp, “Statoil”, “ExonMobil” kimi iri şirkətlər onun müştəriləri arasındadır. Şirkətin Azərbaycan və Nigeriyada rüşvət verməsi faktı ötən il üzə çıxmışdı.
Luizana (Texas ştatı) dairə məhkəməsinin sənədlərindən məlum olub ki, Amerika şirkəti Nigeriyada gömrük brokerlərinə, Azərbaycanda isə vergi orqanlarına milyonlarla dollar rüşvət verib. Azərbaycanda verilən rüşvətin əvəzində şirkətin gəlirləri az göstərilib, nəticədə “Tidewater Inc” ABŞ-da təxminən 14 milyon dollar həcmində vergidən yayınıb. Şirkətin rüşvəti 2007-ci ildə verdiyi bildirilir. ABŞ federal orqanları bu faktın üstünü açdıqdan sonra “Tidewater Inc” hökumətlə anlaşma əldə etməyə çalışıb, Nigeriyada ödənən rüşvətə görə cinayət işi təhqiqatının dayandırılması üçün dövlətə 11.4 milyon dollar ödəməyə razılaşıb. Lakin Azərbaycana dair rüşvət faktına görə şirkətlə hökumət arasında məsələnin necə nizamlanacağı hələ məlum deyil. Bu səbəbdən hüquq-mühafizə orqanları şirkət barəsində istintaqı yeniləməyə hazırlaşır.
Məhkəmə sənədlərində göstərilir ki, “Tidewater Inc” şirkəti 2001-ci ilin avqustundan 2005-ci ilin noyabrında qədər ABŞ qanunlarını pozaraq Azərbaycan vergi orqanlarına 160 min dollar dəyərində rüşvət ödəyib. Rüşvət şirkətin Azərbaycandakı fililalının vergidən yayınma faktlarına göz yumulması üçün ödənilib. Şirkət Azərbaycan vergi orqanlarına müxtəlif illərdə fərqli miqdarda rüşvət ödəyib. Məhkəmə sənədlərində göstərilir ki, “Tidewater Inc” 2001-ci ilin avqustunda 50 min ABŞ dollarını azərbaycanlı məmurlara verib.
İkinci rüşvət faktı isə 2003-cü ilin iyuluna təsadüf edir. “Tidewater Inc” bu dəfə idə 40 min dolları azərbaycanlı vergi məmurlarına verib. Sonuncu 70 min dollar isə 2005-ci ilin 11 noyabrında ödənilib. “Tidewater Inc” Bakıdakı nümayəndəliyinə Azərbaycan vergi qurumlarına 70 min dollar ödəməsi üçün razılıq göndərib. Yerli nümayəndəlik də mərkəzdən gələn razılığa əsasən rüşvəti tələb olunan qurum və ya qurum əməkdaşlarına ödəyib. Bütün bu ödəmələr şirkətin xərclər kitabında qanuni ödənişlər kimi göstərilib.
İnformasiya şöbəsi