“Gülər Əhmədova “kozyol otpuşeniya” olmamalıdır”

“Bu sistemi yaradanlar, bu cür əskikliyə yol verənlər, bu murdar pulda əli olanlar hamısı cəzasını almalıdır”

Əkrəm Əylisli: “Həmin video “parlamentdəkiləri xalq seçməyib” fikrini təsdiqlədi”

“Mən yazıçı olaraq Gülər Əhmədovanın iztirablarının çox olmasını istəmirəm. Yəni bu, anadır, bəlkə də nənədir, dərdi-səri var. Amma siyasi fakt olaraq ölkənin indiki halında çox dəhşətli insidentdir.

Həmişə seçki başlanandan qurtarana kimi mətbuat, camaat danışır ki, reket deputatlar parlamentdə oturub, onlar legitim deyil, bu adamları xalq seçməyib. Həmin video bu fikri – “parlamentdəkiləri xalq seçməyib” fikrini təsdiqlədi. Bir şübhə yeri qalmadı”.

Bu sözləri “Azadlıq” radiosuna müsahibəsində yazıçı Əkrəm Əylisli deyib.

Yazıçı hesab edir ki, baş verənlərdən ibrət dərsi götürülməli, həqiqətən də xalqın istədiyi şəxsləri seçə bilməsinə imkan verilməlidir.
“Xalq seçkilərdə səhv edə bilər. Amma xalqın səhvini xalq özü düzəltməlidir, hakimiyyət xalqın səhvini düzəldə bilməz. Məsələn, xalq elə bir deputat seçə bilər ki, cığal ola bilər, parlamentdə oturmağa haqqı olmaz, ancaq xalqa bu səhvi etməyə imkan vermək lazımdır. O bunu bir dəfə, iki dəfə edər, üçüncü dəfə etməz. Xalq öz ürəyinin döyüntüsünü parlamentdə eşitməlidir”, – deyə o vurğulayıb.

Ə.Əylisli deyib ki, indiki halda xalqın ürəyinin döyüntüsü parlamentdə eşidilə bilməz: “Belə çıxır ki, hərə bir siyahı verib, onunla da beşi seçilib, üçü seçilib. Mən birinci gün parlamentdə oturanda şübhələndim. Bir nəfərdən soruşdum ki, bax bu-bu adamlar məncə əyri yollarla parlamentə gəliblər, bəlkə də pul veriblər. O adam hakimiyyətə yaxın adam idi, dedi ki, pul verməyinə veriblər. Soruşdum ki, kimə veriblər pulu, dedi ki, onu söyləyə bilmərəm. Yəni parlamentdə oturduğum birinci gün başa düşdüm ki, bunları xalq seçə bilməz və parlamentə yaxın düşəsi adamlar deyillər”.

Yazıçı hesab edir ki, məlum hadisəyə görə təkcə G.Əhmədova cəza almamalıdır. “Bu cəza bir adama verilə bilməz. Bu sistemi yaradanlar, bu cür əskikliyə yol verənlər, bu murdar pulda əli olanlar hamısı tapılmalı, cəzasını almalıdır, bu xanım rusların sözü olmasın “kozyol otpuşeniya” olmamalıdır. Sistemin eybəcərliyinə adekvat reaksiya olmalıdır”, – deyə o bildirib.

Ə.Əylisli vaxtilə millət vəkili seçilməsində hakimiyyətin marağı ilə bağlı suala da cavab verib:
“Səmimi deyirəm, hakimiyyət mane olsaydı, mən seçilməyə bilərdim. Ordubad camaatı ziyalı camaatdır. Axı reputasiyam da təmizdir. Bunlar məni şübhəsiz ki, seçə bilərdilər. Ancaq hakimiyyət mane olsaydı, istəməsəydi buna nail ola bilərdi. Hər halda mənə mane olmayıblar. Onlar da mənim deputat olmağıma rəğbətlə yanaşıblar, bunu nə üçün gizlətməliyəm”.