«Xaricdə təhsil alan insanlar despotik rejimlər üçün əlavə problemlər yaradır»
Qərb təhsilli gənclərin hakimiyyət tərəfdən hədəfə alınması hallarına dəfələrlə rast gəlinib. Bunların arasında blogerlər Emin Milli və Adnan Hacızadənin, Bəxtiyar Hacıyevin həbsini göstərmək olar.
Hakimiyyəti narahat edən əsas məsələ bu gənclərin demokratik düşüncəli, Qərb təfəkkürlü olmasıdır. Artıq bu narahatçılığı rəsmilər də dilə gətirib. YAP icra katibinin müavini Siyavuş Novruzov xarici universitetləri bitirən məzunlarla bağlı problemlə rastlaşdıqlarını deyir. Belə ki, hər bir ölkədə təhsil alıb qayıdanlarda tamamilə başqa ab-hava, düşüncə, fikir görünür. Bu səbəbdən də xaricə təhsil almağa göndərilən insanlar ciddi şəkildə yoxlanılıb yola salınır. Eyni zamanda dövlət proqramına salınan universitetlər, ölkələr ciddi şəkildə götür-qoy edilib müəyyənləşdirilir.
Narahatçılığın açıq sezildiyi bu açıqlama hakimiyyətin önləyici tədbirlər gördüyünü də göstərir.
AXCP sədrinin müavini Nurəddin Məmmədli artıq bir neçə ildir xaricə gedən tələbələrin hansı dairələri təmsil etdiyinin ciddi yoxlanıldığını deyir. Xarici universitetlərə yalnız mümkün ola biləcək təsirlərdən kənarda qalan şəxslər göndərilir: “Elələrini göndərirlər ki, yapçı xislətini qorusun, yaltaqlığı özünün həyat devizinə çevirsin, kölə kimi yuxarının dediklərinə əməl etsin”.
N.Məmmədlinin sözlərinə görə, bir qayda olaraq xaricdə insanlar həmin yerin şəraitinə uyğunlaşmağa çalışırlar və demokratiyanın gözəlliklərini, onun alternativinin olmadığını dərk edirlər. Ölkəyə qayıdanda da müəyyən demokratikliklik davranışlarını nümayiş etdirirlər. Ona görə də YAP hakimiyyəti təhsil almağa öz ətraflarından olanları göndərməyə çalışırlar. Bununla da ordakı mühitin, demokratik şəraitin, haqqın və ədalətin insanlara təsirini mümkün qədər azaltmaq istəyirlər. Çünki xaricdə təhsil alan insanların intellektual səviyyəsi, müasirliyə, inkişafa meyilliliyi despotik rejimlər üçün əlavə problemlər yaradır. Ona görə də Siyavuş Novruzov hamının bildiyi bir həqiqəti açıq şəkildə dilə gətirib.
Fizzə