Rövşən Ağayev: «Hökumət üçün Bakıda seçkili hakimiyyət yaratmaq əlavə başağrısı deməkdir»
Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 16-18 oktyabr tarixində keçirilən sessiyasında Azərbaycanda yerli özünüidarənin vəziyyəti də müzakirə olunur. Artıq dünən Azərbaycanla bağlı qətnamə qəbul olunub.
Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin eksperti Samir Əliyev qətnamədə iki məqamın qabardılacağını deyir. Bunlar mer seçkilərinin keçirilməsi və bələdiyyələrə səlahiyyətlərin verilməsdir. Belə ki, real yerli hakimiyyət hesab olunan bələdiyyələrə səlahiyyətlər verilməli, icra hakimiyyətləri ilə paralellik aradan qaldırılmalı, maliyyə imkanları artırılmalıdır. Ekspert qətnamədə əsk olunan məqamların icra edilməsinə nəzarət etmək üçün Avropa Şurasının nümayəndələri Azərbaycanda monitorinqlər aparacaqlarını da qeyd etdi.
Qeyd edək ki, Azərbaycan paytaxta mer yox, icra hakimiyyətinin başçılıq etdiyi Avropa Şurasının yeganə ölkəsidir. Bəs hakimiyyət mer seçkilərinə niyə getmir?
Müstəqil ekspert Rövşən Ağayev Bakıda seçkili idarəetmənin yaradılmasının hökumət üçün problem olduğunu deyir. Çünki hər bir seçkili struktur hakimiyyət üçün başağrısıdır.
Ekspertin sözlərinə görə, ən avtoritar ölkələrdə belə seçkili sistem icra hakimiyyəti orqanlarına nisbətən daha açıqdı. Seçkili sistemin ən pis variantı təyinatlı sistemdən, icra hakimiyyətindən daha demokratikdir. O baxımdan hökumət üçün Bakıda seçkili hakimiyyət yaratmaq əlavə başağrısı yaratmaq deməkdir: “Seçki keçirilsə, saxtakarlıq edəcəklər. Beynəlxalq təşkilatlarla problemlər olacaq. Ona görə də hakimiyyət nə qədər mümkündür bu prosesdən uzaqda qalmağa çalışır. Inqilab yolu keçmiş bir çox ölkələrdə mer institutu güclü olub. Hakimiyyət bu təcrübəni görür və bilir ki, Bakı meriyasının seçkili institut olacağı təqdirdə paytaxtı indiki kimi özbaşına idarə etmək mümkün olmayacaq”.
Ekspert hakim partiya təmsilçilərinin Azərbaycanın öhdəliyinin olmadığı ilə bağlı dediklərini səhv yanaşma adlandırdı. Çünki Azərbaycan hakimiyyəti 2001-ci ildə Avropa Şurasına daxil olduqda bütövlükdə yerli özünəidarə ilə bağlı öhdəlik götürüb.
Fizzə