Arzu Kazımov: «Elşad bilsin ki, bu oyuna getmək onun tam məhvi deməkdir, heç də yaxşı oynamır»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin ittiham etdiyi şəxslərdən biri – Arzu Kazımov ittihamlara cavab verib. Xatırladaq ki, Elşad Abdullayev bildirirdi ki, o, Arzu Kazımovun vasitəsilə daxili işlər nazirinin sabiq müavini, mərhum Zahid Dünyamalıyevə 3 milyon pul verib. Sabiq rektor bu pulu ona qardaşı Mahir Abdullayevin tapılması üçün verib. Lakin Elşad Abdullayev sonradan aldadıldığını başa düşüb. Nə qardaşı tapılıb, nə də pulu geri ala bilib.
Elşad Abdullayev bütün bunları “Azadlıq”a göndərdiyi materiallarda qeyd edib. Arzu Kazımov isə bu ittmihamlara “Yen Müsavat” qəzetində cavab verərək deyib ki, Elşad Abdullayev onu şantaj edir: “Elşad özü deyir ki, qardaşı ilə bağlı cinayət harada baş verib, cinayətin iştirakçıları isə filankəslərdir. Əvvəla, mən Elşad Abdullayevin adlarını qeyd etdiyi o adamların heç birini tanımıram. Onun qardaşını oğurlayan onlardırsa, bizdən nə istəyir? Mən heç bir vəzifə daşımadığım halda Mahiri necə tapıb ona verə bilərdim? Axı hansı məntiqə sığır ki, başqaları – özü də onların kimliyini bildiyi şəxslər – Mahiri oğurladığı halda Elşad mənə pul versin? Ikincisi, Elşad özü daim rüşvət verib, rüşvət alan adam olub, indiyə qədər rüşvət, ”qara pul” üçün müqavilə bağlandığı faktına rast gəlinibmi? Bunu hansı axmaq edərdi?”
Arzu Kazımov əlavə edib ki, Elşad Abdullayevi danışdıran qüvvələr var. “Amma Elşad bilsin ki, bu oyuna getmək onun tam məhvi deməkdir, heç də yaxşı oynamır”, – deyə Arzu Kazımov əlavə edib.
Xatırladaq ki, Arzu Kazımov bir il əvvəl də “Azadlıq”a müsahibəsində Elşad Abdullayevin ittihamlarını rədd etmişdi.