“Müstəqillik hər millətin tarixində müstəsna hadisədir”
“Bu şərəfli bayramı layiq olduğu səviyyədə qeyd edəcəyimizə qəti əminəm”
AXCP sədri Əli Kərimli dövlət müstəqilliyimizin bərpa olunmasının 21-ci ildönümü münasibətilə xalqı təbrik edib. Təbrikdə deyilir:
“Əziz həmvətənlərim!
Müstəqillik hər millətin və dövlətin tarixində ən şərəfli və müstəsna hadisədir. Xalqlar əsrlərlə, on illiklərlə istiqlaliyyət uğrunda mücadilə aparıblar. 1991-ci il 18 oktyabrda Azərbaycan da növbəti dəfə öz müstəqilliyini bərpa etdi. Azadlıq, suverenlik və istiqlaliyyət uğrunda mübarizədə xalqımız əzmkarlığı və fədakarlığı sayəsində misilsiz uğur əldə etdi. Bu hərəkatın önündə Azərbaycan Xalq Cəbhəsinin getdiyini məmnunluqla xatırlayır və bununla fəxr edirik. Ötən əsrin sonlarında Milli Azadlıq Hərəkatına rəhbərlik etmiş Əbülfəz Elçibəyin böyük əməlləri, canını vətən uğrunda qurban verməkdən çəkinməyən bütün şəhidlər və qazilər həmişə qürur hissi ilə yad edilməlidir.
Lakin çətinliklə qazanılan müstəqilliyi qorumaq, inkişaf etdirmək də hər bir vətəndaşdan daha böyük iradə və məsuliyyət tələb edir. Müstəqil dövlətin dəyərini yalnız azad və hürr insanlar bilər. Fərdi hüquq və azadlıqlarını müdafiə etməyi bacaran vətəndaşların qurduğu dövlət daha möhkəm və dayanıqlı olur. Yaxın tariximizlə fəxr etdiyimiz kimi, gələcək fəaliyyətimizdə də ardıcıl və inamlı olmalıyıq. Ədalətli və ləyaqətli cəmiyyətdə, iqtisadi, siyasi və şəxsi hüquqlarımızın təmin olunduğu bir ölkədə yaşamaq naminə hər birimiz fəal olmalı, demokratiya ideyalarının gerçəkləşməsi üçün mübarizəmizi hər sahədə aparmalıyıq.
Bu sevimli gündə onu da təəssüflə xatırlamağa məcburuq ki, Müstəqillik bayramımız dövlət səviyyəsində qeyd olunmur, sanki adi günlərdən biriymiş kimi unutdurulmağa çalışılır.
Əziz həmvətənlərim! Sizləri Müstəqillik günü münasibətilə təbrik edirəm. Müqəddəs amallarımızın həyata keçməsi üçün bundan sonra da bütün səddləri aşacağınıza, bu şərəfli bayramı böyük ruh yüksəkliyi və layiq olduğu səviyyədə qeyd edəcəyimizə qəti əminəm.
Tanrı yardımçınız olsun!”.