Mantu sınağı şağirdləri xəstəxanalıq etdi

Bakı məktəbində aparılan peyvənd zamanı 4 nəfərin halı pisləşib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bakı şəhəri Xətai rayonundakı 245 saylı orta məktəbdə şagirdlər arasında mantu sınağı vurulduqdan sonra bəzilərinin vəziyyəti pisləşib. Bununla əlaqədar, 4 məktəbli 6 saylı Uşaq Kliniki xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3-ü evə buraxılıb, 1 nəfər isə əvvəldən elə müalicə olunduğu üçün xəstəxanada qalacaq, sabah isə müvafiq ərazi poliklinikasına ezam ediləcək (ans press).

6 saylı xəstəxananın baş həkimi Rumiyyə Sultanova “Azadlıq” radiosuna bildirib ki, şagirdlərin səhhətinin pisləşməsinə səbəb peyvənd öncəsi yemək yeməmələri olub: «Mantunun keyfiyyətində heç bir problem yoxdur. Sadəcə, peyvənd qəbulu zamanı uşaqların ac olması onların səhhətinə təsir edib. 4 nəfər gətirmişdilər, ilkin tibbi yardımdan sonra 3-ü evə buraxılıb. 1-i isə hələ həkim nəzarəti altındadır».

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova isə APA-ya bildiirib ki, 245 saylı məktəbdə peyvənd olunan 9-10-cu sinif şagirdlərindən 7 nəfərə də yerində yardım edilib.

Mantu sınağını Xətai rayonundakı 4 saylı uşaq poliklinikası aparıb.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş həkiminin müavini Rauf Nağıyev isə APA-ya bildirib ki, mantu sınağından sonra şagirdlərdə allergik reaksiya baş verməyib. Onun sözlərinə görə, şagirdlərdə qorxudan bayılma halı olub: “Allergik reaksiyanın əlamətləri başda cürdür. Bu zaman insanda qaşınma, təngnəfəslik, dəridə səpgilər, beyin-qan dövranında kəskin dəyişikliklər gedir. Şagirdlərdə belə əlamətlər olmayıb. Sadəcə iynədən qorxublar və bayılma halı müşahidə edilib”.