Bir qrup ictimai fəal və müxalifətçi gənclərin Fəvvarələr Meydanında oktyabrın 20-də aksiya keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə cavab verirlib. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıdan aldığımız xəbərə görə, meriya cavab məktubunda aksiyanın Fəvvarələr Meydanında keçirilməsinə razılıq verilmədiyi bildirilir və əvəzində 20-ci sahədəki sürücülük məktəbinin meydançası təklif olunur.
“Fəvvarələr Meydanına razılıq verməməyi həmin ərazidə insanların istirahət hüququnun pozulacağı ilə izah ediblər. Bir də onu yazıblar ki, guya aksiyanın nə məqsədlə keçirildiyini aydın izah etməmişik”, – deyə Qurbanlı bildirib.
Komitə sədri deyib ki, meriyanın cavabına baxmayaraq aksiya oktyabrın 20-si, saat 15.00-da Fəvvarələr Meydanında keçiriləcək.
Aksiya parlamentin buraxılması tələbi ilə keçirilir.