3 gün əvvəlki fərmana yenidən dəyişilik edilib

Zahid Orucun təyinatı qanunsuz olub

Yeni yaradılan, deputat Zahid Orucun İdarə Heyətinin sədri təyin edildiyi Sosial Tədqiqatlar Mərkəzi haqqında fərmana dəyişiklik edilib. Bu dəyişiklik də Zahid Oruc İdarə Heyətinin sədri təyin olunandan sonra yada düşüb. Belə ki, prezident Zahid Orucu sədr təyin edəndən sonra görüblər ki, 8 fevralda verilən fərmanda STM-in idarəçiliyi ilə bağlı heç nə yoxdur. Deməli, Zahid Orucla bağlı sərəncam 11 aprel 2019-cu il saat 18.45-də sayta yerləşdirilib, kimsə xəbər tutub ki, Z.Orucun sərəncamı qanunsuzdur. Tez fərmana dəyişiklik edib aparıb onu prezidentə yenidən imzalatdırıblar, bunu da Zahid Orucun sərəncamından 10 dəqiqə sonra, 11 fevral saat 18.55-də sayta qoyublar. Bu isə o deməkdir ki, Zahid Oruc o postu tam 10 dəqiqə qanunsuz tutub.

Bununla bağlı iqtisadçı Qubad İbadoğlu da facebook statusunda yazıb:

“Bu gün (dünən, 11 fevral – red.)prezident “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında yenidən Fərman imzalayıb. 
Görün, dövlət idarəçiliyi nə vəziyyətdədir, 3 gün əvvəl verilmiş fərmana mürəkkəbi qurumamış dəyişiklik edilir, dövlət aparatının birdən yadına düşür ki, mərkəzin idarəetmə forması fərmanda yaddan çıxıb və prezidentə yenidən fərman imzalatdırırlar. Nazirlər Kabineti meşədən meyvə yığmağa görə cərimə tətbiq edir, prezident ləğv edir. İslahat adı ilə bir mərkəzi “yıxıb”, yerində ikisini “qururlar” ki, büdcəyə qənaət edirik. Hələ bunlar üzdə olanlardır, daxildə çoxlu məsələlər var ki, ictimaiyyətə hələ ki, bəlli deyil”.

azadliq.info