Rövnəq Abdullayev də ordu yaradır

 

Misir Mərdanov isə «Məktəblərin Hərbi Mühafizə Korpusu» (MHMK) yarada bilər

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) hərbiləşdirilmiş dəstələr yaradır. Bu dəstələr Mülki Müdafiə Qvardiyası adlandırılacaq. Maraqlıdır, Azərbaycanda mövcud olan qanuni silahlı hissələrin fiziki-texniki imkanları Dövlət Neft Şirkətinin obyektlərinin qorunması və ya onlarda qəzanın aradan qaldırılması üçün kifayət etmirmi? Bu korpus yalnız ona görəmi yaradılır ki, Rövnəq Abdullayev Kəmaləddin Heydərova etibar etmir?

 

Bu suallar ona görə ciddi qarşılanmalıdır ki, yeni silahlı hərbi hissənin yaradılması kimi mühüm məsələ bir sıra ciddi problemlərlə bağlıdır. Ilk növbədə isə həmin hərbiləşdirilmiş dəstənin maliyyələşdirilməsi ilə bağlı olan məsələdir. Onsuz da, artıq Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrdə əməkhaqqı və s. sosial təminatlarla bağlı narazılıqlar baş qaldırmağa başlayıb. Yeni yaranan ordunun maliyyələşdirilməsi də xeyli vəsait tələb edəcək. Bu nə deməkdir? O deməkdirmi ki, neft pullarını daha necə istismar etmək olar ki, cəmiyyət bu vəsaitlərdən faydalana bilməsin? Ya əlavə hərbi dəstələrin yaradılması təşəbbüsü Şərqin avtoritar ölkələrində baş qaldıran inqilabların bura çatan küləyi ilə bağlıdırmı? Axı, sosial narazılıqlar baş qaldırarsa, ordudan istifadə etmək beynəlxalq narazılıq doğura bilər. Ayrı-ayrı nazirlik və komitələrin nəzdində yaradılan belə hərbi birləşmələr isə Milli Ordunun tərkibində sayılmadığına görə onlardan istənilən təyinat üzrə istifadə etmək olar.

Amma bu sahədə yaradıcılıq fantaziyaları tamam tükənməyib. Məsələn Neft Akademiyasındakı terror olayı sübut edir ki, ölkənin təhsil müəssisələri terroristlərin təhdidi altındadır. Bu halda nə üçün Misir Mərdanov da Təhsil Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə Korpusu kimi bir struktur yaratmasın?

İnformasiya şöbəsi