Yaşadığımız ölkəmin məruz qaldığı saxtakarlıq miqyas tanımır. Ona görə də şübhələnmək bizim gündəlik iş metodumuza çevrilib. Nə? Nə zaman? Nə üçün? Bu suallar onsuz da bizim peşənin çalışma üsuludur. Həm də dünyanın hər yerində. Onlarsız həqiqətin arxasınca düşmək olmur. Ötən ay gənc jurnalistlər üçün təlimlərin birinə günlük mühazirəyə dəvət almışdım. Öz iş təcrübəmi danışacaqdım. Həqiqəti necə axtarmalıyıq? Həqiqətin – xəbərin, olayın yeni bucaqlarını, yeni məqamlarını harada axtarmalıyıq? Mən gənclərə üz tutdun ki, bu məqsədlərə çatmaq üçün gəlin birlikdə şübhələnməyi öyrənək…
Müxtəlif mövzuları gözdən keçirdik. Hətta gənc həmkarlardan biri söylədi ki, şəhərdə sərçələr azalıb. Güldük, amma mövzunu əyləncə çərçivəsindən çıxarıb şübhələrimizə tuş etdik. Burada əlavə hansı maraqlı məqamlar ola bilər? Ən müxtəlif variantlara baxdıq. Təlimçilər özləri fərqli səbəblərdən şübhələndilər: ekoloji problemlərdən, hansısa yeni kimya müəssisəsinin yaradılmasından, paytaxtda səs-küyün artmasından və s. Bəlkə siçovullarla, yaxud həşəratlarla mübarizə sərçələri də yox edir?
Sonda təlimçilərin biri soruşdu ki, həddən artıq şübhələnmək ziyan deyil ki?! Mənim cavabım xeyli ritorik oldu: şəffaflıq olmayan ölkə bundan ziyan çəkməz.
Həmin təlim sabah olsaydı, mən hökmən gənc həmkarlarıma deputat, BDU-nun rektoru Abel Məhərrəmovun Islam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) “Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”nı alması üzərində şübhələri necə inkişaf etdirməyi, bu mövzunun yeni bucaqlarını tapmağı öyrətməyə çalışardım…
Şübhələnmək üçün birinci məqam. Xəbərdə deyilir ki, mükafat akademik Abel Məhərrəmova kimya (nanomateriallar və nanotexnologiyalar) sahəsindəki böyük uğurlarına görə verilib. Axı bu uğurlar haqda biz indiyədək heç nə eşitməmişdik. Belə böyük uğurlar varsa, bunun sorağı, əks-sədası beynəlxalq arenadan gəlməli idi. Indiyəcən də akademik hansısa mükafatları almış olardı. Olub bunlar, ya yox?
Ikinci məqam. Bizim ölkədə bir çoxları nazir, deputat, yüksək çinli məmur olduqdan sonra elmi iş müdafiə edir, alim də olur. Bir çox alimlərin isə rəhbər vəzifə tutduqdan sonra əvvəllər olduğundan daha çox sayda kitabları, monoqrafiyaları nəşr olunur, elmi uğurları xeyli artır. Elə Abel Məhərrəmovu götürək. Bir neçə ciddi inzibati və ictimai vəzifəsi var. Bunlardan necə baş açır ki, elmdə əvvəllər əldə etmədiyi beynəlxalq uğurları qazanmağa başlayıb?
Bundan sonra gənc təlimçilərlə yola çıxmalıyıq. Abel Məhərrəmovun elmi işləri ilə maraqlanmalıyıq:
1) Bu sahə alimlərindən kimlərləsə söhbət etməliyik;
2) BDU-nun saytında alimin elmi işlərinə baxmalıyıq;
3) Xarici saytlarda və nəşrlərdə alimin məqalələrinin olub-olmamasını araşdırmalıyıq;
4) Bu alimin elmi məqalələrinin dərc olunduğu xarici nəşrlərin nüfuzunu və iş üsulunu öyrənməliyik. Çünki bir çox jurnallar sadəcə pulla yazılar dərc edir. Böyük nüfuza sahib deyillər.
5) Elmi işlərin uğuru elmi istinadlar indeksi üzrə seçilən nəşrlərdə bu alimdən hansısa başqa alimin sitat gətirməsi ilə ölçülür. Elmi uğur üçün bu çox vacib şərt sayılır. Abel Məhərrəmov buna nail olubmu?
Ilk olaraq internetə baş vururuq. Bəlli olur ki, bu alimin elmi işlərindən heç bir başqa məqalədə sitat gətirilməyib. Hər halda biz tapmaqdıq. Amma bu alimin doğrudan da nanomateriallar və nanotexnologiyalar üzrə rusca, azərbaycanca, ingiliscə elmi məqalələri var. Təxminən 10-a qədərini tapmaq olur. Onların bəziləri hətta xarici jurnallarda dərc edilib. Bu jurnallar haqda ayrıca araşdırma lazımdır. Çünki onların birinin saytında məqalələri ödənişlə dərc etməsi qeyd edilib. Amma fakt odur ki, bu məqalələr var. Onların məzmunu haqqında isə rəy verə bilmərik, buna mütəxəssislər qiymət verməlidir.
Lakin burada maraqlı bir məqam ortaya çıxır. Abel Məhərrəmovun bu sahədə bütün elmi məqalələri həmmüəlliflə dərc edilib. Hamısı. Hər birində bir neçə müəllifin adı var. Əksəriyyətində də deyəsən Təbrizdən Bakıya gəlmiş Məhəmməd Rza Saboktəkinin adı birincidir. Əsassız şübhələnməyək. Tutaq ki, rektor və deputat olan Abel müəllim gündüz başqa işlərini görüb gecələr bu işlə məşğul olub, doğrudan da halal haqqı var bu işlərdə. Amma sual yaranır: şərikli işlərə görə mükafat verilirsə, niyə mükafat həmmüəlliflərdən birinə verilib? Bax, ISESCO burada bizə nanotexnoloji şübhə yeri qoyur. Təlimçilərin araşdırması burada dayanır, amma işi BDU-nun jurnalistika fakültəsinin tələbə və müəllimləri davam etdirə bilərlər.

Nanotexnoloji şübhə
•