eabdullayev-video-qadaga

Elşad Abdullayev sensasion videonun yayılmasını istəmədi

eabdullayev-video-qadagaSabiq rektor və vəkili bunun istintaqın gedişinə mane ola biləcəyini deyirlər

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin əlində olan sensasion videokadrlardan növbətisini yayacağımız barədə məlumat vermişdik.
Oxucuların diqqətinə çatdıraq ki, sözügedən videoda bir sıra ilginc məqamlar var. Videoda Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı olaydan söhbət gedir. Daxili Işlər Nazirliyinin (DIN) 7-ci şöbəsinin əməkdaşlarından biri Elşad Abdullayevə bildirir ki, Mahir Abdullayev Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində (BMCQMI) saxlanılır. O, bunu sözügedən şöbənin rəisindən eşitdiyini deyib.
Videoda ilginc məqamlardan biri də 7-ci şöbəyə hansı yolla işə düzəltmək barədədir. Söhətlərdən bəlli olur ki, DIN-in məxfi şöbəsi olan, oranın əməkdaşının təbirincə desək, “semyorka”ya işə düzəltmək xüsusi şərtlər tələb edir. Ilk növbədə bunun üçün müəyyən maddi imkan olmalıdır. Məsələn, aydın olur ki, özəl universitetləri bitirənlər 20 min, dövlət universitetlərini bitirənlər isə 15 min manata 7-ci şöbəyə işə düzələ bilər. Həmçinin söhbətdə BMCQMI-nin fəaliyyətinə də toxunulur. Aydın olur ki, bu idarədə həbslər adam oğurluğu prinspilə həyata keçirilir. Yəni, BMCQMI-nin əməkdaşları istənilən vaxt heç bir əsas göstərmədən vətəndaşı idarəyə apara və onun yaxınları bundan bir neçə gün sonra hansısa yolla xəbər tuta bilər.
Məlumat üçün deyək ki, bu video hələ bir müddət əvvəl Elşad Abdullayevin müraciətləri “Azadlıq” qəzetində dərc edilərkən MTN-nin xüsusilə mühüm işlər üzrə müstəntiqi olmuş Ramin Nağıyev tərəfindən redaksiyamıza göndərilib. Lakin o zaman videonun yayılmasının məsuliyyətini qarşı tərəf bölüşmədiyi üçün onu ictimaiyyətə təqdim etməyi məqsədəuyğun saymadıq.

Bu məsələ yenidən aktuallaşdığına görə isə videonu yaymağı qərara aldıq və bunun anonsunu verdik.
Lakin dünən Elşad Abdullayevin vəkili Adil Ismayılov redaksiyamızla əlaqə saxlayaraq videonu yaymamağı xahiş edib. Adil Ismayılov fikrini belə əsaslandırıb ki, Respublika Prokurorluğundan ona zəng vuraraq sözügedən videonun yayılmasının istintaqın gedişinə mane ola biləcəyini deyiblər. Axşam saatlarında isə redaksiyamıza Adil Ismayılovun rəsmi müraciəti daxil olub. Müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli redaksiya!
“Azadlıq” qəzetinin bu günki (dünənki-red) sayının 9-cu səhifəsində Elşad Abdullayevin DIN-in 7-ci şöbəsinin əməkdaşı olan şəxslə söhbətin videogörüntülərinin “Azadlıq”ın saytında yerləşdiriləcəyi və həmçinin videoda əks olunan söhbətin stenoqramının çap olunacağı barədə məlumat dərc olunub.
Bu gün (dünən-red) mənimlə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mahir Abdullayevin itkin düşməsi faktına görə başlanmış cinayət işinin istintaqını aparan müstəqil Istintaq Komissiyasının üzvləri əlaqə saxlayaraq sözügedən məlumatların gələcəkdə istintaqın gedişinə mane ola biləcəyini nəzərə alaraq onların qarşısını almağı xahiş etdilər.
Eyni vaxtda mənimlə əlaqə saxlayan Elşad Abdullayev də bu materialların indiki məqamda qəzet tərəfindən yayılmasının onun qardaşının itkin düşməsi barədə cinayət işi üzrə aparılan istintaqın gedişinə mane ola biləcəyini nəzərə alaraq xahiş etdi ki, həmin videomaterialı internet səhifənizdə əks etdirməyəsiniz və söhbətin stenoqramını çap etməyəsiniz
Hörmətlə,
Abdullayev Elşad Islam oğlunun nümayəndəsi – vəkil Adil Ismayılov”.

Bundan başqa Elşad Abdullayevin özünün müraciəti redaksiyamıza daxil olub. Müraciətdə deyilir: “Bu videonun 13 oktyabr 2003-cü ildə dövlət resurslarından istifadə edilərək mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanmış MTN mayoru Mahir Abdullayevlə bağlı prezidentin fərmanıyla yeni və müstəqil tərkibdə yaradılmış istintaq komissiyasının fəaliyyətini daha geniş aparması və videodakı danışıqların istintaq sirri olaraq dəyərləndirilmə ehtimalı olduğu üçün indiki mərhələdə yayımlanmaması məqsədəuyğun sayılır.
Bu baxımdan vəkilim Adil Ismayılovun məktubunu nəzərə almağınızı xahiş edirəm”.

“Azadlıq” qəzeti olaraq bizim məqsədimiz cəmiyyətdə geniş rezonans doğuran adam oğurluğu faktının açılması olub. Biz Elşad Abdullayevin bundan əvvəl və hazırda göndərdiyi materialları məhz Mahir Abdullayevlə bağlı məsələyə aydınlıq gətirilməsi üçün yaymışıq. Bir halda ki, Elşad Abdullayev və vəkili Adil Ismayılov bu dəfə materialın yayılmasının istintaqın işinə mane olacağını bildirir, bu halda biz onların xahişini nəzərə alaraq müvəqqəti olaraq videonu yaymaq niyyətindən daşınırıq. Lakin əgər istintaq yerində sayacaqsa, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı hər hansı addım atılmayacaqsa, daha doğrusu biz bunu müşahidə edəcəyiksə, o halda əlimizdə olan videonu ictimaiyyətə təqdim edəcəyik.

“Azadlıq”