Britaniyalı ekspert Əliyev-BP qarşıdurması haqda şok məqamlar açıqladı
Ölkə başçısı İlham Əliyevin BP-yə qarşı ittihamları ilə bağlı Britaniyalı araşdırmaçı jurnalist Tom Berqin ilginc məqamlar açıqlayıb. Berqin Azərbaycanda neft hasilatı ilə bağlı araşdırma aparıb və onu ötən ay dərc etdirib.
Jurnalist “BBC Azərbaycanca”ya bildirib ki, əslində prezident İlham Əliyevin BP-ni tənqid etməsinə səbəb onun həmin araşdırmasıdır.
Berqin deyib ki, Azəri-Çıraq-Günəşli (AÇG) yatağının istehsal gücü ilə bağlı neft sənayesi rəhbərləri və diplomatların fikirləri Azərbaycan hökumətinin fikirləri ilə üst-üstə düşmür. Belə ki, Azərbaycan hökuməti yüksək hasilat səviyyəsini saxlamaq istəsə də, neft sənayesi rəhbərləri jurnalistə AÇG yatağının geologiyasının buna qabil olmadığını deyiblər.
“Vəziyyət budur ki, müəyyən müddət ərzində bu yataqdan gündə 1 milyon bareldən artıq neft istehsal olunmalı idi, amma heç zaman istehsal buna yaxın olmadı”, – deyə Berqin bildirib.
Britaniyalı jurnalist öz araşdırmasında AÇG-də hasilatın aşağı düşdüyünü və neft sənayesi rəhbərlərinin buna səbəb kimi yatağın geologiyasını göstərdiklərini yazıb. O zaman Sənaye və Energetika naziri Natiq Əliyev istehsalın azalmasına səbəbin yataqdakı “təbii şərait” olması barədə deyilənləri təkzib edib və hökumətin neft istehsalının səviyyəsini qoruyub saxlamaq istədiyini deyib.
“Hökumət deyirdi ki, neftin çıxarılmasını qəsdən yavaşladır ki, istehsal müddətini uzatsın və gələcək nəsillər də bu yataqdakı neftdən fayda götürsün”, – deyə Berqin xatırladıb. O əlavə edib ki, Bakıda neft şirkətlərinin rəhbərlərilə, diplomatlarla danışanda isə başqa mesajlar alıb: “Dedilər ki, yatağın geologiyası ümid edildiyi qədər yaxşı deyilmiş və yataqda istehsal kəskin şəkildə aşağı düşəcək”.
BP etiraf edib ki, yataq şirkətin əvvəlcə düşündüyü qədər yaxşı deyil və bu yatağın təbii istehsal profili elədir ki, onda kəskin eniş ola bilər. BP həmçinin deyib ki, yataqda əməliyyat işlərilə bağlı müqavilənin müddəti uzadılsa, yatağa sərmayə yatırar və bununla da, istehsalda enimi yavaşlada bilər.
Britaniyalı jurnalist BP və Azərbaycan hökuməti arasında gərginliyi “xeyli ciddi məsələ” hesab edir. “Azərbaycanda neft istehsalı digər neft-qaz istehsalçısı olan ölkələrdə olduğu kimi xeyli siyasi məsələdir. Ölkə büdcə gəlirlərı və iş yerlərinə görə neft istehsalından asılıdır”, – deyə o, bildirib.
Bəs Azərbaycan hökumət BP ilə işləməkdən imtina etmək istəsə, onu başqa şirkət əvəzləyə bilərmi? Tom Berqin hesab edir ki, BP-nin yataqda əməliyyatlara rəhbərliyi itirmək təhlükəsi ciddi deyil və başqa şirkətlər “BP-nin bədbəxtliyindən yararlanmaq” istəməz.
“AÇG yatağı artıq bir neçə ildir ki, neft hasil edir və böyük enim yaşayır. Beynəlxalq şirkətlər hasilatı enməkdə olan yataqlara maraq göstərmirlər. Onlar adətən yeni yataqlarda, inkişafda olan və ya yeni kəşf edilən yataqlarda maraqlı olurlar” – deyə o bildirib. Ekspert hesab edir ki, AÇG yatağı Exxon və ya Shell kimi şirkətlərin investisiya profilinə uyğun gəlmir. O həmçinin deyib ki, şirkətlər adətən mübahisəli məsələlərə baş qoşmaq istəmirlər. Onun fikrincə, BP-nin operatorluğu itirməsi təhlükəsi “bəzi şərhlərdə göründüyü qədər güclü deyil”.