Fransa Malidə hərbi əməliyyatlara qoşulacaq

Qərbi Afrika ölkəsində sabitliyin bərpası məqsədiylə genişmiqyaslı əməliyyatlar planlaşdırılır

Qərbi Afrika ölkəsi Malidə sabitliyin bərpası məqsədiylə geniş miqyaslı hərbi əməliyyatlara tezliklə start verilə bilər. Əməliyyatlarda xarici ölkələrdən dəstək alınması da planlaşdırılır. Uzun müddət bu ölkəni müstəmləkəçiliyində saxlayan Fransa prosesə müdaxilə etmək fikrindədir. Yayılan xəbərlərə görə, Fransa Malidə sabitliyin bərpası məqsədiylə keçiriləcək əməliyyatlara ümumafrika hərbi birləşmələrinə dəstək üçün qoşulmaq istəyir.

“France 24” kanalına müsahibə verən Fransanın müdafiə naziri Jan İv Le Driana Malidə hərbi əməliyyatların yaxın günlərdə başlana biləcəyini söyləyib. O, Fransanın bu əməliyyatlarda BMT Təhlükəsizlik Şurasının verdiyi mandat əsasında iştirak edəcəyini vurğulayıb. Nazir deyib ki, beynəlxalq birlik Malidəki proseslərə müdaxilə etməsə bu ölkə terrorçuların poliqonuna çevrilə bilər. Jan İv Le Driananın sözlərinə görə, Fransa Maliyə hərbi qüvvələr göndərməsə də, bu ölkədə keçirilən əməliyyatlara texniki və kəşfiyyat dəstəyi verəcək.