Gülər Əhmədova işə çıxdı

Sabiq deputatda hakimiyyətlə bağlı hansı kompromatlar var?

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı rüşvət videosunun “qəhrəmanı”, sabiq deputat Gülər Əhmədova dünən işə çıxıb.
Modern.az saytının məlumatına görə, G.Əhmədova baş redaktoru olduğu “Mərkəz” qəzetinin redaksiyasında işçiləri toplayaraq iclas keçirib, əməkdaşlarına tapşırıqlarını verib. Bu, sıradan bir toplantı olub və G.Əhmədova “Mərkəz”in kollektivinə olanlara əhəmiyyət verməməyi, öz işlərini davam etdirməyi tövsiyyə edib.
Sabiq deputat iş yerinə özünün “Kia” markalı xarici avtomobili ilə gəlib.
Dünən həmçinin spiker Oqtay Əsədov Milli Məclisin iclasında “Gülər Əhmədova olayı”na münasibət bildirib.
O.Əsədov deyib ki, parlamentdə bu məsələdən danışmaq heç kimə qadağan olunmayıb. Spikerin sözlərinə görə, bəzən kimlərsə Milli Məclis haqqında yanlış rəy yaratmağa çalışırlar.
O.Əsədov G.Əhmədovanın öz ərizəsilə deputat mandatından imtina etdiyini və bu məsələ ilə bağlı hazırda istintaq getdiyini xatırladıb: “Gülər xanım deputat mandatından imtina edib, istintaq gedir, bu məsələni şişirtmək lazım deyil”.
Bu arada “Yeni Müsavat” qəzeti G.Əhmədovaya yaxın olan şəxslərdən birinə istinadən ilginc məlumat yayıb. Adı çəkilməyən həmin şəxs qəzetə bildirib ki, G.Əhmədova əlində olan kompromatları xaricə çıxarıb və hazırda etibarlı bir ünvanda saxlatdırır. Onun sözlərinə görə, G.Əhmədovanın əlində hakim partiyaya, iqtidardakı ayrı-ayrı vəzifəli şəxslərə yönəlik ən müxtəlif təyinatlı kompromatlar var: “Bunlar onun sığortasıdır və üstəlik, Gülər xanım barəsində yayılan video-çarxdan sonra təxminən 1 saatlıq video-çarx hazırlatdırıb və onu da ”etibarlı ünvandakı” kompromatların sırasına əlavə edib. Orada onun mühüm açıqlamaları var. Həmin açıqlamalar üzə çıxsa, hakimiyyətdə bir çoxları pis vəziyyətdə qala bilərlər…”
Xatırladaq ki, bir müddət əvvəl G.Əhmədova “mən də çoxlarının videosunu yaya bilərəm”, “ağzımı açdırmayın” kimi bəyanatlar verməklə hökuməti hədələmişdi.