Bundan böyük xəyanətmi olur?!

Şahvələd Çobanoğlu

Bu arada Tibb Universitetinin klinikasına getmişdim, qəbuldakı qızlar dedi ki, istədiyiniz analiz yoxdur bizdə, kompüter göstərmir. Sonra zəng edib məni bölüm müdirinin yanına apardılar, o da bir Anadolu türkü idi, məni görən kimi üstümə yeridi üsulluca: “Abi, olurmu ya. Yapma böylə, Allahını sevəyim, böylə bir testi Türkiyədə yalnız bir yerdə yaparlar”.
Özümü gülməkdən, ya da hay-küy salmaqdan zorla saxladım. Elə bil adama pislik etmişdim, məni qınayırdı testin olmamasına görə. Çıxıb koridorda oturub, nəfəs dərdim. Yadıma gənc və gözəl E.nin ölümü düşdü. Mən uşaq idim onda. Hamı dəhşətli sarsılmışdı və qaydalara baxmayaraq, qadınlar və uşaqlar da dəfn zamanı məzar başına toplaşmışdı. Yalnız bəzi uşaqlar ağlamırdı, onlar da ən azı özünü elə ağlansınmış göstərirdi.
Birdən kimsə ağlaya-ağlaya qışqırdı: “ölmək vaxtı idi, ay zalım balası? Bu nə zülm idi etdin bizə?!”
Kiçik əmimin ölümcül xəstə olduğunu deyəndə də atam 10-15 dəqiqə susdu, yalnız ikimiz idik, qorxdum kişiyə nəsə olar – əmimi dəlicəsinə sevirdi, qucaqladım, məni kənara itələyib dedi: “Yox, o bunu edə bilməz!”
Atamı xatırlayanda kövrələ də bilərəm, amma həmişə üzüm gülür, həmişə ruhlanıram. Elə bu qarışıq ovqatda idim ki, kimsə məni çağırdı. Yorulmaz və fədakar bir hərəkatçı idi. Bütün bu illər bizləri doğmalardan yaxın edib. Qucaqladım, hal-əhval tutdum, soruşdum ki, xeyir ola, niyə gəlib.
– Çox ağrılarım var, – dedi. Ara verdi, bir az qəhərlənmiş kimi davam etdi sözlərinə. – Adam ölkəni belə qoyub getməyə utanır.
Onunla söhbətimizi təsəlli üstündə qura bilmədim. Guya söz peşəsində çalışıram, amma bəzən nə deyəcəyimi bilmirəm. Bircə bunu söylədim:
– Tezliklə sağalın, sizi çox istəyirəm. Çox dəyərli adamsınız.
O da gedəndən sonra fikirləşdim: “Həyatımız da çətindir, bura da qaramat bir yerdir onsuz da, fikirlərim qarışacaq tez çıxmasam, ən yaxşısı zəng edim Qabilə, iş yeri yaxındadır, nahara çıxsın, aşıqla (gözəl saz çalmağı var deyə, onu belə çağırırıq) söhbət edək, ən optimist adamdır”.
Pilləkənləri enəndə bir qız məni kimi şişman bir nəfərə “professor” deyə müraciət etdi. Görünür yaşanmalı ovqatdan qaçmaq olmur. Bu zaman çox dəyərli professor Nazim Kərimovun sözləri yadıma düşdü. Nazim müəllim mükəmməl bir riyaziyyatçıdır və üstəlik, çap olunmamış bənzərsiz bir roman yazıb, mənə görə, dünya çapında bir əsərdir. Oxuyanda heyrətə gəlmişdim. Çap olunsa, oxuyun, buna dəyər.
Hə, Nazim müəllim deyir: “Xəstələnəndə elə bilirəm ki, ailəmə və dostlarıma xəyanət edirəm.”
Bəli, yaxınlar da belə edir, qınayır xəstələnənləri, sanki xəyanət ediblər. Elə bil kimsə onları buralarda qoyub aradan çıxır. Rahat ölkələrə mühacirətə-zada gedirmiş kimi. İndi o xəstələnən hərəkatçı qardaşımız bəlkə də düşünür ki, ona bir şey olsa, əqidə dostlarını qoyub qaçmış kimi olacaq. Sanki o, cənnətdə gözəl günlər görəcək, biz isə burada yalnız Nazim Hikmətin “gözəl günlər görəcəyiz, çocuqlar” misraları ilə kifayətlənəcəyik.
Bu nə həyatdır, qardaş?! Adamlar xəstələnənləri xəyanət etməkdə günahlandırır, amma bu ölkəni ölənlərin qoyub getməyə utandığı bir duruma salanları xain saymırlar.
Bu nə tilsimdir?
Sanki üzümə soyuq su çırpdılar, bayaqkı qəhərdolu ovqatdan tam çıxmışdım, gözlərimdəki hirsi, bəlkə güzgüyə baxsaydım, görə bilərdim.
Bu ölkəyə bu qədər pisliyi etməklə düşmən kəşfiyyatına işləməyin arasında çoxmu fərq var?!
Bundan böyük xəyanətmi olur?!
Başqa heç nə düşünə bilmirdim…