Hakimiyyətin umudsuz günləri

Nə baş verir?.. Zənnimcə, “Bp” söhbətində “8 milyard zərər” məsələnin ən üst qatıdı və daha çox kütləyə hesablanan, məsələyə, narazılığa tam məntiqli, hətta vətənpərvərlik kimi gözə çarpan “ölkənin çıxarı” donunu geyindirmək məqsədi daşıyır. Halbuki Vikileaks saytının açıqladığı “10 milyard oğurluq” gizlini üzə çıxdığında bu hay-küyün mində biri də ictimiyyətin diqqətinə çıxarılmamışdı. Hətta ona qədər saymağı bacaran istənilən körpə də bilir ki, 10 rəqəmi 8-dən çoxdu. Məntiqlə o zaman indikindən azı 20 faiz də artıq dərəcəli qalmaqal yaşanmalıydı. Lakin olmadı. Deməli, məsələ parada deyil.
Pul-para dərdi olsa belə, bunu ölkəyə, millətə, milli sərvətə yox, neft gəlirlərini mənimsəyən bəlli hakimiyyət çevrəsinin cibinə dəyən zərər kimi anlamaq olar. Daha dəqiqi, bunu belə anlamaq o qədər çətin olmaz məncə: dünya dəyişir, ibtidai səviyyədə olsa da, ədalət bərpa edilir, diktatorlar, neftdən milyardlarla vəsait əldə edən dövlət başçıları bir-birinin ardınca hakimiyyətdən gedir, ona görə indi sabaha o qədər də bel bağlamaq olmaz; bununçün də girəvə varkən, hakimiyyət əldən çıxmamış yerin təkində olan nefti-qazı daha sürətlə və daha artıq həzmdə sümürüb çıxarmaq ki, sonra gec olmasın. Yəni nə varsa, tez-tələsik üzə çıxsın, gəlirimizi götürək, dünyanın hər yerində özümüzə nəsillərcə karımıza gələcək mal-mülk alaq. Bir də təkrar eləyirəm, dünyanın işini bilmək olmaz. Gün doğmadan nələr doğar…
Hətta neft hasilatını artırmağın nəyə mal olacağını, neftin başqa laylara axacağını da gözə alırlar. Çünki başqa laya keçən neft artıq sabahkı nəslin, ən azı sabahkı hansısa hakimiyyətin problemidi, özünü sabahlarda çətin təsəvvür eləyənlər üçünsə bu, elə də önəm daşımır. Sabahkının canı cəhənnəmə! Bunun özü də bu hakimiyyətin öz sabahına necə şübhəli nəzərlərlə baxdığını göstərir.
Bəli, bu, siyasət quyularının üst qatına aid olan məsələdi. Gəlir məsələsi. Qazanc məsələsi. Qazancın özü isə hakimiyyətdə nə qədər qalmağa bağlı olan işdi. Yəni hakimiyyətdə daha çox qalacaqsansa və həm də elə bu cür – xalqın əmlakını, var-yatırını azğıncasına mənimsəmək yoluyla qalacaqsansa, demək, qazancın da qaranti altındadı. Əsas olan iqtidarı əldən verməməkdi. Bu hakimiyyətin iqtidarda bundan belə hələ ürəyi istəyən qədər, heç olmasa gözüdolusu qalmaq umudu olsaydı, əmin olun ki, heç bir vaxt Azərbaycan ictimaiyyəti “BP” haqda dövlət başçısının dilindən bircə kəlmə narazı söz eşitməzdi.
Əliyevlərin hakimiyyətə gəlməsində, təkrar 2003-də hakimiyyəti qoruyub saxlamasında adı hallandırılan bir şirkətin qəfildən bu cür tənqidə məruz qalması əsəblərin son dərəcə gərilməsindən, əsəbləri bu dərəcədə gərən səbəbin isə neft quyularından daha dərin olmasından xəbər verir. Son illər Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdə əvvəlki dəstəyini qeyb etməsi və hər gün daha da gözdən düşməsi, ardıcıl tənqidlərlə üzləşməsi bir növ “BP”nin də əvvəlki illərə nisbətən bir növ “qara dəstəy”in hasilatını azaltması andlaşmanın pozulması kimi qəbul edilir və bu gördüyümüz kimi əsəblərin fontan vurması şəklində üzə çıxır.
Azərbaycan hakimiyyəti “BP” ilə haqq-hesab çəkəcək və ya onu ölkədən qovacaq qədər gücə, beynəlxalq və milli dəstəyə sahib deyil. Xalqla körpüləri çoxdan sel aparıb, indi hakimiyyət bu işdə xalqa arxalanmaq istəsə belə çox gecdi.
Bu nəhəng şirkətlə kəllələşmənin yekunu kimi isə üç yol görünür – “BP”nin ölkədən getməsi; hakimiyyətin getməsi və təbii ki, əski andlaşmanın təzələnməsi ilə sülh şəraitində sümürmə yoluna davam. Birincini şəxsən istisna hesab edirəm. Qalır iki yol. Hər kəs öz seçimini edə bilər…