Bir İspan Səfirin gözü ilə 17-ci əsr Səfəvi sarayı ziyafət mərasimləri

17-ci əsrin Səfəvi sarayında çox intizamlı protokol qaydalarının tətbiq olunduğu məlumdur. Həm saray əhli, həm də şahın qonaqları bu protokol qaydalarına müvafiq şəkildə davranmaq məcburiyyətində idi. Bu səbəbdən, Səfəvi sarayında baş tutan müxtəlif münasibətlərdə (məsələn: qonaqların qarşılanması, ziyafətlər və söhbətlər) qaydalar dəqiqliklə tətbiq olunurdu. Şah Abbas qonaqlarını hər zaman, səyyah və səfir olmasından asılı olmayaraq, möhtəşəm ziyafətlərlə qarşılayırdı. Ziyafət yad qonağın qarşılanmasının ən mühüm tərkib hissəsi idi. Bu ziyafətlərdə müəyyən qaydalar tətbiq olunurdu və orada ev sahibinin davranışları və danışdıqları vasitəsilə siyasi mesajları da qonaqlarına çatdırılırdı, çünki ziyafətin özü əsasən siyasi proses idi. Buna görə də ziyafətlərin necə baş tutduğunu anlamaq əhəmiyyət kəsb edir. Qarsiya de Silva Fiqeroa səfir olduğu üçün bunu başa düşmüş və ziyafətlərdə baş verənləri çox əhatəli şəkildə təsvir etmişdir…

İspaniya Kralı 3-cü Filip tərəfindən Şah Abbas sarayına səfir göndərilən Qarsiya de Silva Fiqeroa (Garcia de Silva y Figueroa) 12 oktyabr 1617-ci il tarixində Bəndərabbas sahilində quruya çıxdığı andan 17 oktyabr 1618-ci il tarixində Qəzvin şəhərində Şah ilə ilk görüşünə qədər yerli valilər (məsələn: Şiraz valisi İmam Qulu Xan) tərəfindən ziyafətlərlə qonaq edilmişdir. …Onun ‘Comentarios’ əsərində bir səfirin, Şah və valilər tərəfindən necə qarşılandığı və hansı növ mərasimlər təşkil edildiyi haqqında məlumat verilir. Bu mərasimləri və ziyafətləri Qarsiya de Silva əsərində bir əcnəbi gözüylə kağıza köçürmüş və Səfəvi protokolunu mükəmməl şəkildə təsvir etmişdir. ‘Comentarios’-u oxuyaraq Səfəvi sarayının gündəlik mərasimləri və saray əhlinin vərdişlərini ətraflı şəkildə araşdırmaq mümkündür.

Qarsiya de Silva Fiqeroa ‘Comentarios’-da Birinci Abbas dövründəki ziyafətlərlə bağlı protokolları çox ətraflı şəkildə təsvir etmişdir. Necə ki Birinci Abbas İspaniya Kralının göndərdiyi səfiri ziyarət etdiyi hər şəhərdə ehtişamlı qəbul mərasimiylə qarşılamış və ardıcıl olaraq gözəl ziyafətlərə dəvət etmişdir. Bu səbəbdən, ‘Comentarios’ Şah və yerli valilərin verdiyi ziyafətlərdən yaxud da hazırlandığı qəbul mərasimlərində tətbiq olunan protokollardan ətraflı şəkildə məlumat əldə etmək üçün əlverişli mənbədir.

Avropalı səyyahlar Səfəvi saray əhlini ümumən çox xoş dilli və ədəbli görürdü. Səfəvi sarayı əhli, qonaqlar verilən ziyafətlərdə qızıl və sədəfli iplərlə bəzənmiş türbanlar, gözəl və zəngin paltarlar geyinərək iştirak edirdi. Şah Abbas da səfirləri, səyyahları onların öz milli geyimlərində görməyi çox sevir və hətta Xəzər dəniz sahilində yerləşən Əşrəfdəki sarayında verdiyi ziyafətlərdə gənc xidmətçilərə Mazandaran yerli paltarları geyindirirdi.

Bu ziyafətlərdə yaraşıqlı gənc xidmətçilər qızıl və gümüşdən düzəldilən böyük nimçələrdə souslu plov gətirir, qonaqlar isə həmin qızıl və gümüşdən düzəldilən qablarda əlləriylə yeməklər yeyirdi. Şah ilə qonaqları gözəl xalılar və bəzəkli yastıqlar üzərində oturub sarayın gənc xidmətçilərinin kiçik qızıl fincanda gətirdiyi şərabı içərək və yemək yeyərək söhbət edirdilər. İkinci planda isə, saray musiqiçilərinin ifa etdiyi musiqi səslənir və gözəl qadınlar rəqs edirdi.

Şah İsmayıl dövründən etibarən sarayda şərab içilirdi. Yalnız dindarlığı ilə məşhur olan Şah Təhmasib dövrünün müəyyən qisimində şərab içmək və musiqi ifa etmək qadağan edilmiş, lakin Şah Təhmasibin oğlu İkinci İsmayılın taxta çıxması ilə şərab içmək yenidən qanuniləşdirilmişdir. Şah Abbas dövründə də şərab azadca içilirdi, hətta özünün, xüsusilə dövlət işləriylə maraqlanmadığı vaxtlarda, şərab içməkdən çox xoşu gəlirdi. Əlbəttə, ziyafətlərdə və məclislərdə şərab çox mühüm rol oynayırdı. Qonaq hansısa səfir olduqda, onu göndərən kralının şərəfinə şərab içilirdi.

Necə ki, Qarsiya de Silva Fiqeroa ‘Comentarios’ əsərində Şiraz şəhərində baş tutan bir ziyafətin sonunda İspan və İran krallarının şərəfinə içildiyini yazır:

“Bir neçə saat sonra (İran və İspaniya) Krallarının şərəfinə içdikdən sonra məclis sona çatdı və çox məşğul olan Səfir xana (otağa) geri döndü”.

Fiqeroa eyni zamanda, Birinci Abbas tərəfindən verilən ziyafətdə də İspan kralının sağlığına içildiyini yazır:

“(…) Kral (…) iki dəfə şərəfinə qədəh qaldırdı, birincisi qardaşı adlandırdığı

İspaniya Kralı şərəfinə, ikincisi Səfirə xoş gəldiniz demək üçün” .

Həm Şah, həm də qonaqlar ziyafət mühitində olduqları üçün söhbət də olduqca rahat olurdu. Bu ziyafətlərdə Şah qonaqlarıyla şəxsən maraqlanırdı və zarafatlaşaraq danışırdı. Qərb dillərinə tərcümə edən tərcüməçilər də bu ziyafətlərdə iştirak edirdi. Birinci Abbas üç dil bilirdi: orduda və sarayda danışılan Azərbaycan türkcəsi, yerli ərkan və şairlərin danışdığı farsca və hərəmdə məşhur olan qulamların dili gürcücə…

Avropa necə belə zəngin oldu?

Səfirin Qarşılanması

Bu məqamda üç mühüm qaydanı vurğulamaq lazımdır. Birincisi, Kral fərmanıyla İrana səyahət edən hər kəs mehmandari alırdı. Bu mehmandari; yemək, yerləşmə və gündəlik xərcləri öhd edirdi. Qarsiya de Silva Fiqeroanın əsərində dəfələrlə Şahın və valilərin göndərdiyi yeməklərdən, qaldığı mehmanxana yaxud da evlərin verilən pulundan bəhs edilir:

“O axşam Şahın əmriylə (…) Keşiş Melchior de los Angeles, Səfir və heyəti, dəvələri və yüklərinin qulluğunu və səyahət üçün lazım olan hər şey verilməsini təmin edən, paravana adlanan və Şahın özünün verdiyi bir sənədlə gəldi”.

Burada keşiş fray Melchior de los Angelesin gətirdiyi ‘paravana’ (هناورپ) adlanan sənəd yerləşmə və səyahət üçün lazım olan hər şeyi təmin edirdi. Bundan əlavə, İspan səfir bu sənədi almamışdan əvvəl də hər şeyin verildiyini vurğulayır.

İkincisi, Səfir İran şəhərlərinə girməmiş Şah yaxud da valilər ona yemək-içmək göndərirdi. Digər yandan, Şah da xüsusi yeməklərlə qonaqlarına ziyafət verirdi. Bir ziyafətdə, hər gün dağlardan ovlanacaq iki çöl donuzunun Birinci Abbasın əmri ilə Qarsiya de Silva Fiqeroaya göndərildiyini bilirik:

“(…) sonra buna mükafat olaraq Şah, hər zaman yanında olan ovçulara hər gün yaxınlıqdakı dağlardan iki dənə çöl donuzu ovlayıb onları Səfirin (İspan) evinə göndərməyi əmr etdi”.

Son olaraq, …əvvəla qonağın ancaq günortadan əvvəl hüzura qəbul olunduğunu vurğulaya bilərik. (İmam Qulu Xan Ermənistan səfərindən qayıtdıqdan sonra İspan Səfiri evinə dəvət etmişdi. İspan Səfirin günortadan əvvəl gəlməsi şərt idi, çünki Asiya qitəsində söhbətdən sonra qonağı ziyafətə dəvət etmək ənənə olduğu üçün mühüm insanların hüzuruna ancaq günortadan əvvəl qəbul olunurdu).

Ziyarətdən sonra mütləq müxtəlif yeməklərdən (ümumən plov, toyuq ilə qoyun əti) ibarət ziyafət verilirdi…

İspan Səfirin İrana gəlişi mühüm hadisə idi. Valilər və yerli əmrlər elçinin qarşılaşacağı çətinlikləri nəzərə alaraq mehmandari təyin etməklə yanaşı, Qarsiya de Silva Fiqeroa və yanındakılar üçün meyvə, su ilə təzə yeməklər tədarük etmək, həmçinin yerləşmə və qalma, yolda müşayiətçilərin saxlanılması kimi məsələlərdə yardım göstərmək öhdəçiliyinə malik idilər. Qarsiya de Silva Fiqeroanın ‘Comentarios’-da yazdığı kimi:

“Səfir, quruya çıxdıqdan sonra İran Şahı (bu torpaqların) adından Kazım Bəyi gördü (…) (onun yanında) beş yaxud da altı atlı adam gəlirdi (…) vali atdan endi və ənənəvi salamlama hərəkətlər edərək Səfiri qarşılamağa gəldi (…) Özü (Kazım Bəy) ilə yanındakılar onları (Səfir və heyətini) yurdların qapısına qədər top atışı ilə salamladılar”…

Bir şəhərə girərkən o şəhərin valisi tərəfindən göndərilən nümayəndələr Qarsiya de Silva Fiqeroanı qarşılamağa çıxır, səhəri gün də Şahın əmriylə onu şəhər qapılarına qədər müşayət edirdilər. Eyni zamanda, İspan elçi isə onları ispan şərabı içməyə dəvət edir və ispan şirniyyatı paylayırdı…

Təbii olaraq, əcnəbi bir elçinin gəlişi xalqın diqqətini də çəkirdi. Səfirin şəhərə girişi zamanı ordu təhlükəsizliyi təmin etmək üçün, xalqı sopa ilə vuraraq onları səfir və ətrafından uzaqlaşdırırdı:

“Saysız-hesabsız adamlar yaxınlaşırdı və sahə çox geniş olmasına baxmayaraq hərəkətimizə mane törədirdilər, buna görə də bu əsgərlərin (bu adamları) sopa ilə vuraraq yolu açması zəruri idi” (de Silva Fiqeroa)…

Ziyafətlər

Garcia de Silva Figueroaya görə yerli idarəçilər və valilərin verdiyi ziyafətlər Şahın verdiyi ziyafətlərə bənzəyirdi. Fars əyalətinin Valisi İmam Qulu Xanın sürdüyü həyat hökmdarın həyatına o qədər bənzəyir ki, Qarsiya de Silva Fiqeroa bunu bu sözlərlə ifadə edir:

“Allahverdi Xanın oğlu İmam Qulu Xan Fars və Lar bölgələri ilə Bəhreyn adası tərəfdə həyatı boyu rəhbərlik edirdi (…) ümumiyyətlə sarayda çox adam çalışırdı, həm əsgərlər, həm də xidmətçilər hər məsələdə valiyə qarşı şahzadə kimi davranır (…) Bu valinin və digər valilərin həyatı eynilə Padşahların yaşadığı həyatlar kimi, döyüşə getmədikləri zaman bütün boş vaxtını saatlarla davam edən musiqi müşayəti ilə qadınların rəqs etdiyi ziyafətlərdə keçirməkdən ibarət idi”…

‘Comentarios’-a görə, farsların arasında ənənə olduğu üçün valilər nə qonağı qarşılamağa, nə də qonağı yola salmağa qalxmazdılar…

7 oktyabr 1618-ci il tarixində günortadan sonra, Qarsiya de Silva Fiqeroa heyətiylə birlikdə Qəzvin şəhərində Şahın hüzuruna qəbul edilmişdi. İspan səfirin yazdıqlarına görə, bütün Asiya qitəsində ənənə olduğu üçün elçilər çöldə gözlədilirdi və bundan şikayətçi idilər. Xadim Yusuf Ağa ilə Katib Ağadəmir, Qarsiya de Silva Fiqeroa və heyətinə Şahın hüzuruna gedən yolu göstərdi. Birinci Abbasın hüzurunda, İspan səfir baş geyimini çıxardıb diz çökərək sağ əliylə Şahı salamladı. Ardından sağ əlini öpüb Böyük Abbasın qol geyimi üzərinə qoyduqdan sonra səfir İspaniyadan gətirdiyi məktubu öpdü və Şaha verdi. Birinci Abbas İspaniyadan gələn Səfiri hörmətlə və gözəl sözlərlə qarşılayaraq, İspaniya Kralının əhvalını soruşdu. Bu qısa qarşılamadan sonra hər ikisi birlikdə axşam yeməyi üçün yemək salonuna keçdi.

Birinci Abbas adi yaşıl parçadan tikilən paltar geymiş, başına da ucuz yaşıl və qırmızı ipəkdən düzəldilmiş bir başlıq sarımışdı. Şahın sarıdığı başlıq Səfəvi cəmiyyətinin öndə gələnləri və döyüşçülərin taxdığı başlıq idi və özünəməxsus qızılbaş inancına aid idi. Bu başlığın içində bir sarıq var idi və bu sarığın içində pambıq olduğu üçün qılınc zərbələrinə dözürdü. Qırmızı on iki dilimli bu sarığın hər dilimi bir çubuğa bağlıydı və adətən sarıdıqları başlığın üzündə bu çubuq görünürdü.

Qonaqları qarşıladıqdan sonra, Şah yaxud da valilər qonaqlarla birlikdə xalılarla döşənmiş yerdə otururdular. Otaqda nə masa, nə də kürsü var idi, amma Qarsiya de Silva Fiqeroa həm yaşlı olduğu, həm də bu vəziyyətə vərdiş etmədiyi üçün ona bəzi vəziyyətlərdə yastıq və ya kürsü verilirdi.

“Terasa çıxdıqdan sonra Səfir orada gözəl bir yataq gördü, onun üstündə bir neçə yastıq və bir yorğan vardı. Səfir çox yorğun olduğu üçün bu yataqda oturdu, daha sonra vali ilə iki iranlı həsir üstündə İran üsulu ilə oturdular” (Qarsiya de Silva Fiqeroanın).

Məsələn, İmam Qulu Xanın verdiyi ziyafətdə, qoca İspan səfir yerdə oturmaq məcburiyyətində qalmış və bu vəziyyətdən belə şikayət etmişdi:

“(…) Səfir (…) sadəcə ziyafətin sona çatmasını istəyirdi, çünki kürəyini divara söykəyərək yerdə oturmaq çox narahatedici idi”.

Yeməklər

Daha əvvəl də qeyd edildiyi kimi, İspan səfir müxtəlif ziyafətlədə iştirak etmişdi. Bu ziyafətlər əsasən açıq havada xalılar döşənmiş uzun və böyük otaqlarda baş tuturdu. Otağın yanında çeşmə və yetişdirilən növ-növ çicəklər və meyvə ağaclarıyla dolu bir bağça olurdu. Bəzən də səfirin adamları bu otağın ətrafındakı otaqlarda otururdu. Nə süfrə bezi, nə də salfetin olmadığı süfrədə Səfirin sözləriylə “Asiya və Afrika üsulu”nun tələb etdiyi kimi qonaqlar yerdə otururdu. Yenə iranlılar kimi əllərini su ilə yuyurdular. Şah Abbasın verdiyi ziyafətdə ipək və qızıl iplərlə hazırlanmış, mileque adlandırılan incə, yumşaq və yumru bezlər süfrə üzərinə qoyulur və salfet kimi istifadə edilirdi…

Əlbəttə, ziyafətin ən mühüm qismi təqdim edilən yeməklər idi. Hökmdarın və yerli idarəçiliyin hüzurunda baş tutan məclislərdə, demək olar ki, eyni yeməklər verilirdi: rəngli plov, qoyun, toyuq, təzə meyvələr, şərab… Ziyafət təxminən dörd saat çəkirdi.

Öz əsərində İspan səfir Fars əyalətində bol miqdarda olan yeməklərdən çox ətraflı şəkildə bəhs etmişdi. Qarsiya de Silva Fiqeroa hər yerdə təmiz və ləzzəti qoyun ətinin keyfiyyətini tərifləmiş, həmçinin toyuq ətinin bolluğu və yeməklərin ucuz qiymətlərinə də heyrətlənmişdi. İspan səfir hər şeyi çox keyfiyyətli qiymətləndirmiş, hətta onları İspaniyanın ağız dadına bənzətmişdi.

Din və mədəniyyət fərqli olduğu üçün dovşan və ya çöl dovşanı kimi İspaniyada olan bəzi yeməklər İranda yox idi ya da donuz və çöl donuzu kimi dini qaydalarından ötəri yeyilməyən heyvanlar şəhər ətraflarında boluca olmasına baxmayaraq, əhali tərəfindən istehlak edilmirdi. İranlı səlahiyyətlilər ispanların donuz əti yediyini bildiyi üçün şəhərin yaxınlığındakı çöl donuzlarından ovladıb hər gün onlardan bir neçəsini səfirin qaldığı evə göndərirdi…

Süd də çox ləzzətli idi, amma səfir onu bir qədər turş hesab edib qaymağa bənzətmişdi…

Qarsiya de Silva Fiqeroa gümüş nimçələr üzərində ona göndərilən növ-növ şiriniyyatlar haqqında çox ətraflı məlumat verməyərək yalnız İspaniyadakılar qədər ləzzətli olmadığını vurğulamaqla kifayətlənmişdir.

Əksər hallarda, ziyafət xurma ilə birgə qovun yeməklə sona çatırdı… Yeməklər yalın əllə yeyilirdi. Yeri gəlmişkən, çörək ziyafətin ayrılmaz parçası idi. Qarsiya de Silva Fiqeroa yeməyin yanında çox incə və yaxşı bişirilmiş lavaş çörəyi yeyildiyini qeyd edirdi.

Şərab və su

Daha əvvəl qeyd etdiyimiz kimi ziyafətdə şərab çox mühüm rol oynayırdı. Şərab bəzən çox təzə idi. Qarsiya de Silva Fiqeroa bir yerli idarəçinin verdiyi ziyafətdə təqdim edilən şərabın təzə sıxılmış üzümdən hazırlandığını bildirirdi…

Ziyafətdə içki olaraq şərab seçilirdi. İspan elçi şərab içmədiyi üçün bu vəziyyətdən narazı idi…

Mərkəzi İranın isti və quru havasını nəzərə alaraq sudan bəhs etməmək mümkün deyil. İrana uzun bir səfər edən Qarsiya de Silva Fiqeroa təbii olaraq bu məsələ haqqında çox məlumat verir. Ümumiyyətlə, su ya yağış suyu sarnıçlarından, ya da torpağın altından, kəhrizlərdən çıxarılırdı. İspan elçi bu iki sistemi çox ətraflı şəkildə izah etmişdi… Fiqeroaya görə, torpaq çox isti olmasına baxmayaraq, bəzi yerlərdə havaya açıq olan kəhrizdən axan su çox təmiz və soyuq idi. Kəhrizlərdən axan su tarlaları sulamaq üçün istifadə edilirdi…

Xüsusilə, Qəzvin şəhərində yay mövsümündə hava və suyun keyfiyyəti çox aşağı olduğu üçün əhali xəstələnir və hətta çoxu ölürdü. Qarsiya de Silva Fiqeroa yanındakıların ölümünün qarşısını almaq üçün başqa şəhərlərdən su gətizdirir, amma bu da kifayət etmirdi…

Tütündən istifadə etmək olmaz!

Ziyafətlərdə tütündən istifadə edilmədiyini maraqlı bir hadisədən başa düşürük. Babur İmperatorluğundan gələn elçi Şahın yanında oturmasına baxmayaraq, hər gün davamlı olaraq gətirdiyi nargiləni içirdi. Şah bu vəziyyətdən çox narahat idi və hər qonağa çox yaxşı davranmasına baxmayaraq, hindistanlı elçiyə narahat olduğunu açıq şəkildə göstərirdi. Hər kəs Şahın yanında bu qədər tütün çəkməyi çox böyük ‘bir azadlıq’ və utanmazlıq kimi qəbul edirdi. Amma bəziləri onu müdafiə etmək üçün elçinin hər gün tütün çəkməyə alışdığı üçün birdənbirə içməzsə, huşunu itirə biləcəyini demişdi.

Şah nəhayət, hindistanlı nargilə içərkən, İspan səfirə baxaraq ondan İspaniyada tütün çəkilib-çəkilmədiyini soruşdu. İspan səfir bu suala İspaniyada yalnız zəncilər və Amerikanın yerli xalqlarının bu ‘dərmanı’ istifadə etdikləri cavabını verdi. Şah dərhal gülməyə başladı və İmam Qulu Xan yenidən gülmək üçün eyni sualı soruşdu və Qarsiya de Silva Fiqeroa yenə eyni cavabı verdi. Hindistanlı elçidən başqa hər kəs ucadan güldü, bəlkə də türkcə danışdıqları üçün bu dili başa düşməyən hindistanlı buna fikir vermədən içməyə davam etdi…

Musiqi, rəqs, oyunlar və digər əyləncələr

İranda ziyafətlərdən sonra mütləq rəqs və musiqi vardı. Həm qarşılama mərasimləri, həm də ziyafətlərdə musiqi çox mühüm rol oynayırdı. Qarsiya de Silva Fiqeroa İran musiqisini elə də sevmədiyi üçün onu pis sözlərlə təsvir etmişdi:

“(…) (Bu alətin musiqisinin) iranlıların qulağına xoş səs kimi gəlməsinə baxmayaraq, əslində vəhşi və iyrəndirici bir gurultu idi”.

İspan səfirin həm qadın rəqqasələrdən, həm də İran musiqisindən xoşu gəlmədiyi üçün İmam Qulu Xan rəqqasələr ilə musiqiçiləri Qarsiya de Silva Fiqeroa üçün təşkil etdiyi ziyafətə çağırmamışdı. Yoxsa onların da ziyafətin ayrılmaz hissəsi olduğunu ‘Comentarios’-dan götürülən bu sözlərdən başa düşürük:

“Və Sultan çox nəzakətli idi və (Səfir) öz xanına (qadınların) girməsinə icazə vermədiyi üçün ziyafət boyunca rəqqasə və musiqiçi qadınların (otağa) girməsini qadağan etdi”…

Böyük ziyafətlərdən əvvəl meydanda xüsusi əyləncələr təşkil edilərdi. Bəzən bu əyləncələr Şahın yaxınında olmaq üçün bir bəhanə olurdu və ziyafətlə əlaqəsi yox idi. ‘Comentarios’ əsəri sayəsində Birinci Abbas dövründə İsfahanın məşhur Nəqşi-Cahan Meydanında öküz və qoç döyüşlərinin təşkil edildiyini öyrənirik… Rəngli iplərlə və çiçək çələngləriylə bəzənmiş öküzlər İspan səfirin İranda gördüyü ən böyük öküzlər idi və onları Madriddəki öküz döyüşlərində iştirak edən Jaramalı öküzlərinə bənzətmişdi… İspan səfir öküz döyüşlərinin İran ölkəsində çox məşhur olub, İsfahan şəhərinin ən mühüm əyləncəsi olduğunu irəli sürmüşdür… Qadınlar bu döyüşlərdə iştirak etmirdi, lakin yerlərində ya tərəfini tutduqları öküz qazandığı üçün sevinir, ya da məğlub olduğu üçün kədərlənirdilər.

Çövkən (ناگوچ) oyunu yaxud da Qarsiya de Silva Fiqeroanın dediyi kimi chueca, Şah Abbasın ən sevimli oyunlardan biriydi və bu əyləncə də Səfəvi paytaxtının məşhur Nəqşi-Cahan Meydanıda oynanırdı. İspan Səfir iki dəfə çövkənə tamaşa etmək üçün dəvət edilmiş, birinci dəfə (Şahdan küsdüyü üçün) dəvəti rədd etmişdi, amma ikinci dəfə bu oyunu diqqətlə izləyərək daha sonra əsərində onu qısa şəkildə təsvir etmişdir.

Qarsiya de Silva Fiqeroa özü çox yaşlı olduğu üçün nə ata mindi, nə də oyuna qoşuldu, sadəcə tamaşaçı kimi izlədi. O axşam Şah çövkən oynamağı çox istəyirdi və digər əsilzadələri də oyuna dəvət etdi. Bəylər ata minib çövkənləri götürərək ona qoşuldular. Oyunun hədəfi, çox da yaxşı təsvir edilməməsinə baxmayaraq, sahənin hər iki yanında yerləşən iki sütundan ibarət iki hədəfdən topu keçirmək idi. Top o dövrdə İspaniyada olan pelota da vientoya oxşayırdı. Qarsiya de Silva Fiqeroaya görə, İranda istifadə edilən çövkənlər İspaniyadakılardan daha zəif idi və asanca qırılırdı. Topa vurmamışdan əvvəl oyunçular ya Əlinin adını, ya da Müqəddəs Yorginin adını çağırırdılar…

Bir dəfə Birinci Abbas fişəng atəşfəşanlığını izləyə bilmək üçün Qarsiya de Silva Fiqeroanı öz bağçalı evinə dəvət etmişdi. O gecə İsfahanın Nəqşi-Cahan Meydanında hava fişəngləri çox yaxşı görünmüş və camaat da bu nümayişi izləmək üçün meydanda toplanmışdı. Bu son nümayişdən sonra, Fiqeroa Şərq protokolu və xalqını tərifləmişdi, çünki hər nə qədər ilk baxışdan mədəniləşməmiş bir cəmiyyət kimi gəlsə də, şərqlilər qonaqlarını Qərbə nisbətən daha təvazökar, amma daha diqqətli və nəzakətli bir şəkildə qəbul edirdilər.

Birge.az