Azərbaycanlı iş adamının Rusiya prezidenti ilə münasibətləri dünyanın ən populyar dərgisində
“Forbes” jurnalı azərbaycanlı iş adamı və Putinin yaxın silahdaşı kimi tanınan İlham Rəhimovla bağlı geniş material dərc edib.
“Qafqazinfo”nun məlumatına görə, yazı “Putinin yaxın dostu İlham Rəhimov “Avropa” mərkəzinin və “Ukrayna” otelinin necə sahibi oldu” başlığı ilə dərc olunub. Forbesin qiymətləndirməsinə görə, Rəhimovun Moskvadakı nəhəng daşınmaz sərvəti 500 milyon dollardan çoxdur.
“Mərkəzi küçələrdə çox da hündür olmayan altmış yaşlarında bir şəxs gəzir. Bakıdan olan hüquq elmləri doktoru Moskvada avarlanmağı sevir və çalışır ki, onu addımbaaddım izləyən mühafizəçiləri nəzərə çarpdırmasın. Adi bir alimə haradandır bu qədər diqqət? Bu, İlham Rəhimovdur. Bəziləri onu müasir Rusiyanın ən qüdrətli insanlarından biri hesab edir. Vladimir Putinin digər kurs yoldaşlarından fərqli olaraq Rəhimov yüksək vəzifə tutmur.
O, Azərbaycan ali məktəblərində hüquq elmi üzrə mühazirə oxuyur, Bakıda kiçik hüquq bürosunun partnyorudur və bankın direktorlarının şurasının üzvüdür. Lakin eyni zamanda o, bir neçə Moskva ticarət mərkəzinin və bir neçə təmtəraqlı mehmanxananın şərikidir. Belə ki, bu ticarət mərkəzlərindən gələn pul axını yüz milyonlarla dollar kimi dəyərləndirilir”.
Qırx ilin dostları
“İlham Rəhimov elə bir insandır ki, gərək öz bioqrafiyası haqqında özü danışsın”- bu sözləri Ümumrusiya Azərbaycanlıları Konqresinin funksioneri Forbesin sualını cavablandırmaqdan imtina edərək deyir. Konresin rəyasət heyətinə “Krokus Qrup”un sahibi Araz Ağalarov və “Nortaqaz”ın şəriki Fərhad Əhmədov da daxildir, lakin Rəhimov xüsusidir. Onun çox nüfuzlu tanışları var.
Keçmiş hərbi prokuror, hazırda hüquq müdafiəçisi olan Leonid Poloxov isə bildirir ki, İlham Rəhimov, Vladimir Putin və Viktor Xmarin sadəcə ünsiyyət saxlamırdılar, ailəvi dostluq edirdilər. Hər üç şəxsin dostluğu ilə bağlı Putinin cüdo üzrə məşqçisi ( Rəhimov da bu idmanla məşğul olub) bunları deyir: deyilənə görə Rəhimov tez-tez Putingilə qonaq gəlirdi və onun anası ilə də tanış idi. Putin isə tez-tez Rəhimovun yaşadığı yataqxanada gecələyirdi.
Leonid Poloxovun sözlərinə görə, nüfuzlu Leninqrad universitetinin hüquq fakültəsində təhsil alan Rəhimov “qrup nümayəndəsi” olub. Onu xüsusi olaraq seçmişdilər, çünki bilirdilər ki, o, bütün dərslərdə iştirak edəcək və dərsə gecikməyəcək. 1975-ci ildə məzun olduqdan sonra Leonid Poloxov Leninqrad prokurorluğunda, Putin KQB-də işə düzəlir. Beləliklə də dostların yolları bir müddət ayrılır.
Rəhimov universitetdə qalır və dissertasiya müdafiə edir. Daha sonra Bakıya qayıdır. Burada o, Ədliyyə Nazirliyində karyerasına başlayır və 10 il müddətinə burada işləyir. 1992-96-cı illərdə Azərbaycan məhkəmə ekspertizası və kriminalistikası institutuna rəhbərlik edir. Bu illər ərzində Rəhimov hüquq aləmində öz əlaqələrini möhkəmləndirir. Onun dostları arasında Azərbaycanın gələcək baş prokuroru Eldar Həsənov da vardı.
Milli Məclisin eks-spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev isə Rəhimovu belə xatırlayır: “İlham Rəhimov respublikada hər zaman çox hörmətli hüquqşünas olub”. Quliyev həmçinin ən çətin vaxtlarda Rəhimovun onu dəstəklədiyini deyir.
1994-cü ildə Pavel Qaçevlə Dağlıq Qarabağ mövzusunda, energetika naziri Yuri Şafranik və “Lukoyl”un prezidenti Vahid Ələkbərovla şirkətin Xəzərdə neft yataqlarında işləməsi üçün razılığın əldə olunması məqsədilə Rəsul Quliyev Rusiyaya yola düşür. 1996-cı ildə siyasi rəqiblərinin təzyiqi altında Quliyev istefaya gedəndən sonra ABŞ-a köçür. 1997-ci ildə isə onun deputatlıq mandatı əlindən alınır.
O zaman İlham Rəhimov Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokratik Partiyasının üzvü olub və onun hüquqlarını müdafiə edən Müdafiə Komissiyasına rəhbərlik edib.
Komissiya Quliyevin statusunun əlindən alınmasına etiraz məqsədilə Ali məhkəməyə müraciət etməyi qərar alır. Lakin 98-ci ildə Azərbaycan baş prokuroru və Rəhimovun yaxın dostu Eldar Həsənov Quliyevi 12 milyon dolları mənimsəmədə və Azərbaycan Dövlət Neft Şirkətinə 23 milyon dolar dəyərində ziyan vurmaqda günahlandırır. Məhkəmə və deputatlar onun həbsinə icazə verdikdən sonra onun vətənə dönüşünə qadağa qoyulub.
2002-ci ildə Tovuzdan Milli Məclisə seçkilərə qatılmaq istəsə də uduzur və o vaxtdan bəri açıq siyasi mübarizəyə qoşulmur.
Putin baş nazir seçilir və İlham Rəhimov rəsmi olaraq biznesə qoşulur
Rəhimov rəsmi olaraq biznesə 1999-cu ildən qoşulur. Artıq bu zaman Putin Rusiyanın baş naziri idi. Rəhimov Bakıda Ali Diplomatik Kollecin prorektoru vəzifəsindən imtina edərək “Lukoyl-Azərbaycan”ın hüquq bölməsinə rəhbərlik edir. Rəhimovun yaxınları əmindir ki, onun hələ də Xəzər nefti ilə bağlı biznes maraqları var. Lakin Forbes bununla bağlı birbaşa faktlar əldə edə bilmədiyini bildirir.
2011-ci ilin payızında Krımın cənub sahillərində, Yalta yaxınlığında daxili işlər nazirinin bağ evinin yanında “Krım brizi” adlı lüks bir otelin açılışı olur. Lentin kəsilməsi üçün Krımın məmurları, deputatları və mehmanxana biznesinin nümayəndələri dəvət olunurlar. Otel beynəlxalq səviyyədə “beş ulduz” qyməti alır. Bu oteldə ən ucuz nömrə 615 dollara başa gəlir.
Qoruğa birləşik olan həmin ərazi Krım dövləti tərəfindən xüsusi qətnamə ilə təsdiqlənir və beləliklə də həmin ildə “Rissko” bahalı bir saray tikintisinə başlayır. Rəhimov belə bir sarayın hansı zərurətdən inşa edilməsi ilə bağlı Forbes-in sualına cavab verməkdən imtina edir.
Ukrayna KİV-i bu sarayı Putinin ilk saraylarından biri kimi dəyərləndirir. 2003-cü ildə yarımçıq tikiliyə 24 milyon, 2004-cü ildə isə 240 milyon dolar xərclənir. Daha sonra məlum olur ki, tikinti işləri qadağan hesab olunsa belə layihə ilə paralel aparılır və ağaclar qanunsuz olaraq kəsilirdi. Tikintiyə birbaşa olaraq Krım hökumətinin baş nazir müavininin qardaşı rəhbərlik etsə də belə xırda məsələlərə diqqət yetirməyiblər.
Çərkəz bazarının bağlanması ilə bağlı qərar da İlham Rəhimovun xeyrinə işləyir
İlham Rəhimov uşaqlığını Azərbaycanın şimal-qərbində keçirib. Daha sonra Quba rayonuna istirahət etməyə gedir. Burada rayon prokuroru vasitəsilə konserv zavodunun direktoru Semen Nisanovla tanış olur. Bu tanışlıq ailələrarası uzunmüddətli dostluğun əsasını qoyur. Nisanov ailəsi Qubanın Qızmızı qəsəbə adlanan hissəsində yaşayırdı.
2001-ci ildə Nisanov və Zarax İliyev artıq Çərkəz bazarının bir hissəsinə sahib idilər. Vladimir Putinin prezident seçilməsi ilə onun bir çox tanışlarının həyatında çox güclü təkan olduğu deyilir. Artıq bu prosesdən sonra Nisanov və İliyevin adı Forbes jurnalında Çərkəz bazarının sahibi olan Telman İsmayılovdan əvvələ keçir.
2002-ci ildə Nisanov və İliyev “Kiyev” metrosu yaxınlığında perspektivli ərazi alırlar. Daha sonra burada şəhərin ən bahalı oteli olan “Avropa” nın tikintisinə başlanılır. Onların əsas rəqiblərindən birinin sözlərinə görə, həmin ərazi açıq satışa qoyulmamışdı. 2006-cı ildə Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn jurnalistlərə açıqlama verərək bildirmişdi ki, FTB Moskva prokurorluğuna məktub göndərərək belə nəhəng ticarət mərkəzinin metro stansiyasına zərər vura biləcəyi ilə bağlı məlumat vermişdi. Sorğu cavabsız qalır. Beləliklə də hökumətin heç bir səbəbdən tikintisinə qadağa qoymadığı bir milyard dollar dəyərindəki ticarət mərkəzinin açılışı baş tutur.
Putinin Qırğızıstan və Çinlə diplomatik gərginliklərin yaşanmasına yol açan Çərkəz bazarının bağlanması ilə bağlı qərarı da İlham Rəhimovun xeyrinə işləyir. Tacirlər bundan sonra onun rəhbəri olduğu “Sadovod” topdan satış bazarına axışırlar.
Forbes həmçinin xüsusi xidmət orqanları arasında “müharibəyə” yol açan “Üç balina” və “Qranda”nı xatırladır. Burada mebel qaçaqmalçılığına “krışa”lıq edən bir tərəfdə DİN və Gömrük və İstintaq Komitəsi, digər tərəfdə isə FTB və prokurorluğun kütləvi həbslərə yol açan mühharibəsi yada salınır.
Müharibənin ən qızğın yerində bu işin əsas fiqurantlarından olan Sergey Zuevin çeçen partnyorları “Qrand” ticarət mərkəzini satırlar.
Həmin mərkəzi yeni sahibi “Qrandtitul” şirkəti olur. Şirkətin 15% paketinə İlham Rəhimovun sahib olduğu deyilir. 2005-ci ildə artıq razılıq əldə olunduqdan sonra Zuev partnyorlarını onu narkotiklə ələ alaraq, aldadaraq satış üçün razılıq əldə etdiklərini desə də yaranan situasiyaya yenə də Putin qarışır. Ölkınin baş prokuroru Vladimir Ustinovu istefaya göndərir, Zuevi isə həbsxanaya. Artıq “Qrand”ın yeni sahibini heç kim narahat etməyəcəkdi…
Forbes “Qrandtitul”un bu il 32 milyon dollara tikintisi başa çatmayan göydələn aldığını da yazır. Beləliklə onun bu yaxınlarda göydələnlərin də əsas şəriki olacağını proqnozlaşdırır.