Oktyabrın 15-də AXCP Ali Məclisinin sədr müavini İradə Əliyevanın doğum günüdür. Bu il İ.Əliyeva yubiley yaşını qeyd edir. Bu münasibətlə AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyəti onu təbrik edib. Təbrikdə deyilir:
Əziz İradə xanım!
Sizi yubileyiniz münasibətilə təbrik edirik. Siz Azərbaycan Xalq Cəbhəsi yaranandan onun sıralarına qoşulmuş, Azərbaycanın müstəqilliyi uğrunda bu təşkilatın apardığı mübarizədə fəal iştirakçılardan olmusunuz. İndi də Xalq Cəbhəsinin siyasi-hüquqi varisi olan doğma təşkilatınızda – AXCP-də rəhbər vəzifələrdən birini tutmaqla Azərbaycanın demokratikləşməsi, xoşbəxt gələcəyi uğrunda mübarizəyə ciddi tövhə verirsiniz.
Siz AXCP Ali Məclisinin sədr müavini olmaqla yanaşı, milli-azadlıq hərəkatının və demokratiya mücadiləmizin öncüllərindən, mübarizəmizin simvollarından birinə çevrilmisiniz. Siz təkcə partiyamızın təşkilatlanması və idarə olunmasında intellekt və yorulmaz əməyinizlə deyil, həm də meydan mübarizələrində cəsarətiniz və fədakarlığınızla tanınırsınız.
Siz eyni zamanda yaxşı siyasi texnoloq, seçki mütəxəssisi kimi Azərbaycanın hüdudlarından da kənarda tanınır və fəaliyyət göstərir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edirsiniz. Sizin bu istiqamətdəki fəaliyyətiniz heç şübhəsiz ki, xalqımızın beynəlxalq aləmdə layiq olduğu yüksək səviyyədə, eləcə də partiyamızın daha yaxşı imicdə tanınmasına öz tövhəsini verir.
Əziz İradə xanım!
Sizi bir daha özümüzün və böyük cəbhəçi ailəsinin adından səmim qəlbdən təbrik edir, sizə can sağlığı, uzun və sağlıqlı ömür, qələbələr, sevinclərlə dolu bir həyat arzulayırıq.
Bir daha doöum gününüz mübarək olsun deyirik.