Kimdir Azərbaycanı biabır edən?

Rafiq Manaflı

Mənim Siyavuş Novruzova hardasa bir az hörmətim də var. Bu adam istəməyərəkdən, görünür siyasi dayazlığı nədənindən şərləyib tutdurduqlarının həbsinin hamımızın bildiyi səbəblərini açıqlayan yeganə reyim sözçüsüdür.
Amma bəzi sözlərinə, məsələn onun və onun kimi xalqı özləri dayazlığında sanan çiyindaşlarının soldan-sağa hey fırlatdıqları, Mehmanın guya Azərbaycan haqqında mənfi rəy yaratmaq məqsədləri haqqında dediklərinə münasibət bildirilməlidir. Təəccüblənirəm ki, nə əcəb bunlar indiyə kimi Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni ləkə vururlar deyib anafemaya məruz qoymayıblar.
Azərbaycan haqqında mənfi rəyi bilirsən kim yaradır, Siyavuş – büdcə oğruları ki, bu gün taladıqlarına qoyulan sanksiya və məhkəmələrlə bütün dünyanın dilindən düşmürlər. Rüşvət qalmaqalına görə AŞPA-dan it kimi qovulan nümayəndələrinizdir Azərbaycanı biabır edən. İlham Əliyevin arvad-uşağını qoltuğuna vurub BMT-nin iclas zalına aparmasıdır ölkəmizi gülünc günə qoyan. O qədər gülünc ki, qonşu stullarda oturan başqa ölkə nümayəndələri az qala bu rişxənd anını əbədiləşdirmək istəyən jurnalist topasının ayaqları altında tələf olmuşdular.
Mehman Hüseynov nəyəsə ləkə vurmayıb. Dövlət orqanizmini deşik-deşik edən qara yaraları çəkib göstərib.
Şəxsi əmlak və mülkiyyət hüququndan sizlərin danışması isə qırmızı sifətinizin rəngindəndir. İnsanların evlərini başına uçurub onları küçəyə tökəndə heç mülkiyyət hüququ yadınıza düşmürdü. Ya bəlkə sadə insanları hüquqsuz hesab edirsiniz? Zülfüqarov qardaşlarının əmlak hüququ yox idimi? Ayda maksimum 3000 manat maaş alan o əmlak dediyinin sahibi vergidən yayınmaqla və hava ilə dolanmaqla 1000 ay, yəni 83 il işləməli idi o mülkü ucaltmaq üçün.
Ev, ocaq, əlbəttə ki, müqəddəs anlayışlardır. Və bir türk kişisi özünə ocaq quranda o müqəddəsliyi haramla murdarlamaz. Mehmanın çəkib göstərdikləri isə ocaq, əmlak deyil, oğurluqdur.