Gənclər meriyaya müraciət etdi

Bir qrup gənc fəal və ictimaiyyət təmsilçisi oktyabrın 20-də saat 15-də Bakının Fəvvarələr meydanında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Məlumatı “Media forum” saytına aksiyanın təşkilatçılarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı verib.

Gənc fəal bildirib ki, meriyaya müraciət edənlərin adlarını hələlik açıqlamamaq haqda razılığa gəliblər: “Ona görə də müraciət müəlliflərinin adlarını deyə bilməyəcəm. Bütövlükdə mitinqin təşkilatçıları siyasi partiyaların, gənclər təşkilatlarının, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, jurnalistlər, mühacirətdə yaşayan azərbaycanlılardır”.

Əbülfəz Qurbanlının sözlərinə görə, ümumilikdə mitinqin təşkilatçılığına 30 nəfər qoşulub: “Təşkilatçılar sırasında Xalq Cəbhəsi, Müsavat, Demokrat, Vətəndaş Həmrəyliyi, Klassik Xalq Cəbhəsi partiyalarının rəhbərliyində təmsil olunan şəxslər, həmin partiyaların üzvləri, jurnalistlərdən Şahvələd Çobanoğlu, Zamin Hacı və başqa şəxslər var. 20 oktyabr mitinqi hər hansı siyasi təşkilatın, ictimai qurumun deyil, bütövlükdə müxalif ictimai-siyasi düşərgənin birgə etiraz aksiyası kimi nəzərdə tutulub”.

Planlaşdırılan aksiyanın əsas tələbi parlamentin buraxılması, yeni parlament seçkisinin keçirilməsidir: “Artıq mandatından imtina etmiş deputat Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevdən deputat olması üçün pul tələb etməsini əks etdirən video ortaya çıxandan sonra parlament seçkisinin saxtalaşdırıldığı, parlament tərkibinin qeyri-legitim olduğu tam aydınlaşdı. Bu məsələ ortaya çıxandan sonra müxalif ictimai-siyasi düşərgə parlamentin buraxılması tələbi ilə mitinq keçirməyə qərar verdi”.

AXCP Gənclər Komitəsinin sədri bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verməsə belə, aksiyanı təxirə salmayacaqlar: “Biz hesab edirik ki, Azərbaycanda ağır siyasi, ictimai, iqtisadi, sosial, mənəvi vəziyyət hökm sürür, ölkə problemlər içində boğulur. Bu ağır vəziyyət bizi aksiya keçirməyə təhrik edir, həm də bu vəziyyətin özü mitinqə icazə verir. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin nə deməsi, hansı qərar verməsi bizim üçün önəmli deyil. Mitinq keçirmək bizim hüququmuzdur. Bizim sərbəst toplaşmaq, bir araya gəlib fikrimizi bildirmək haqqımız var. Bu haqqın üzərindən heç kim xətt çəkə bilməz”.