Yaxud Nəşriyyatda bu qəzetə niyə yağışın yağmadığı yer tapılmır?
Redaksiyamızı dünənki qısa müddətli güclü yağışdan sonra təkrar su basdığını xəbər vermişik, bilirsiniz. Problemdən yerləşdiyimiz Azərbaycan Nəşriyyatının rəhbərliyi də xəbərdardır. Bundan əvvəlki eyni vəziyyətlərdə redaksiyamıza gəlib hansı şəraitdə işləməli olduğumuzu görüblər. Amma…
Nəşriyyat rəhbərliyi açıq-aşkar problemi həll etmək istəmir. Və bunu nümayiş etdirməkdən də çəkinmir. Bu gün baş redaktorun birinci müavini Rahim Hacıyev və redaktorlar yaranmış vəziyyətlə əlaqədar Nəşriyyatın direktoru Ağabəy Əsgərovun qəbuluna düşmək və problemi şəxsən onun diqqətinə çatdırmaq istədilər. Amma Ağabəy Əsgərov onları qəbul etmədi və köməkçisindən problemin həlli ilə məşğul olmağı müavininə tapşırdığı haqda xəbər göndərdi.
Bu, təkcə “Azadlıq” kimi Azərbaycanın müstəqqillik tarixinin media qəhrəmanı və ilk qəzetinə qarşı hörmətsizlik deyildi. Həm də Nəşriyyat rəhbərliyinin elə də ciddi olmayan bir problemi həll etməyə maraq göstərmədiyinin nümayişi idi.
Problemin həlli üçün Nəşriyyat rəhbərliyi redaksiyaya binada başqa bir yer verməli, ya da göydən enən bir ovuc suyu belə redaksiyaya ötürən damı təmir etməlidir. Amma dəfələrlə deyilməsinə baxmayaraq bunların heç birini etmir.
“Azadlıq” qəzeti bu inadın arxasında bir qəsd görür. Nəşriyyat rəhbərliyi onunla hər hansı ədavəti olmayan, müqavilə şərtlərini və başqa qaydaları pozmayan bir kollektivə qarşı bu qədər zülmkar olmamalıdır və açığı, redaksiya heyəti bu qəsdin Nəşriyyat rəhbərliyinə aidiyyatı olduğunu düşünmür.
Bütün şübhələr Prezident Administrasiyasına, siyasi hakimiyyətə yönəlir. Bu ölkədə “Azadlıq” qəzetinı düşmən gözündə görən yalnız onun siyasi rəhbərliyidir. Qəzeti 2006-cı ildə Xaqani 33-dən, öz redaksiya binasından zorla çıxarıb, binanı sökdürən də həmin düşmən münasibət idi. Prezident Administrasinın balansında olan Nəşriyyata indi “Azadlıq”ı məhz faktiki üstü açıq bir şəraitdə, yağışın-qarın altında saxlamaq göstərişini vermək o düşüncə, siyasi mədəniyyət sahibləri üçün tamamilə gözlənilən və təbiidir.
Məqsəd sadə və aydındır: Azərbaycanda haqq-ədalət, demokratiya və azadlıqlar carçısı olan bu qəzeti heç cür susdurmaq mümkün olmursa, onda bu yolla ondan heç olmasa qisas almaq.
“Azadlıq” qəzeti