KXCP-də yenə ara qarışdı

Fikrət Cəfərov: «Bu cür yanaşma reallıqdan uzaqdır və belə açıqlamalara görə mənim Mirmahmud Mirəlioğluya ürəyim ağrayır»

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin keçmiş müavini, təşkilat daxilində fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərov partiyadan çıxarılıb. KXCP-dən APA-ya verilən məlumata görə, partiyanın Nərimanov rayon təşkilatının ötən gün keçirilən iclasında F.Cəfərov partiya sıralarından xaric edilib. O, partiya nizamnaməsinin müvafiq maddələrinə əməl etmədiyinə, o cümlədən siyasi riyakarlıq və partiyada pozuculuq fəaliyyəti ilə məşğul olduğuna görə, partiyadakı fəaliyyətinə xitam verilib.
KXCP bundan başqa, fraksiyanın tədbir keçirməsinə imkan yaratdığı üçün Müsavat Partiyasına da etiraz edib. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı mətbuata açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlunun çıxışına münasibət bildirərkən deyib ki, bu məsələni M.Mirəlioğluna başqa cür çatdırıblar: “Biz əvvəldən bildirmişik ki, Müsavat Partiyası olaraq müxalifətdə olan istənilən qüvvələrə iclas keçirmək üçün yer verməyə hazırıq. “Demokratik Birlik” fraksiyasına da yer verdik. Bu heç də onları dəstəkləməyimizdən xəbər vermir. KXCP-nin daxili işlərinə qarışmaq düzgün olmaz. Mirmahmud ağa bunu başqa cür qəbul edirsə, mən bir söz deyə bilmərəm. Bu, onun öz işidir”.
Baş verənlərlə bağlı KXCP sədrinin münasibəti də maraq doğurmaya bilməz. M.Mirəlioğlu hesab edir ki, hazırda baş verənlər təsadüfi deyil və hakimiyyətin hazırda onun üçün əlverişsiz olan Elşad Abdullayev gündəmini dəyişmək niyyətindən xəbər verir. Bu fikirləri M.Mirəlioğlu “Hürriyyət” qəzetinə açıqlamasında deyib.
Fikrət Cəfərovla əlaqə saxlayaraq həm partiyadan çıxarılması həm də M.Mirəlioğlunun fikirlərinə münasibət öyrəndik. F.Cəfərov vurğuladı ki, KXCP Nərimanov rayon təşkilatının çıxardığı qərar öz əhəmiyyətini itirib: “Biz partiyanın siyasi xəttindəki sapmaları aradan qaldırmaq istəyirik. Fraksiya üzvləri haqqında belə qərarın çıxarılması isə əvvəlcədən gözlənilən idi. Bunu partiya sədri Mirmahmud Mirəlioğlunun düşüncəsinə uyğun atılan addım sayıram. Bu, Mirmahmud Mirəlioğlunun özünü qoruması üçün atdığı addımdır. Ölkədə demokratik dəyərlərin bərqərar olmasını istəyən bir topluma inzibati idarəçiliyin tətbiqi mümkün deyil. Böyük ideyaların qarşısını bu cür cılız addımlarla atmaq mümkün deyil”. O, bundan sonra siyasi fəaliyyətini davam etdirəcəyini, fraksiyanın məqsəd və məramının həyata keçirilməsi uğrunda lazımı işlər görəcəyini qeyd edib.
M.Mirəlioğlunun E.Abdullayev məsələsini gündəmdən çıxarmaq üçün KXCP-də baş verənləri mətbuat səhifələrinə çıxarmaqda məqsədin güdüldüyünə gəlincə isə F.Cəfərov vurğuladı ki, bu açıqlama qeyri-ciddidir. “Elçibəy portreti altında həmin irsin daşıyıcılarına qarşı mübarizənin aparılmasından söhbət gedir. Bundan başqa, biz partiyamızın strateji müttəfiqləri olan AXCP və Müsavat Partiyasına qarşı sərgilənən mövqeyə etiraz edirik. Bu cür açıqlamalarına görə mənim Mirmahmud Mirəlioğluya ürəyim ağrıyır. Bu cür yanaşma reallıqdan uzaqdır. Cəmiyyət kimin kim olduğunu gözəl bilir”.
Bu arada onu da qeyd edək ki, oktyabrın 15-də Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun sərəncamlar imzaladığı açıqlanıb. “Media forum” saytına verilən məlumata görə, Oqtay Gulalıyev KXCP sədrinin siyasi məsələlər üzrə muavini, Loğman Abdullayev və Sərxan Carçıyev KXCP sədrinin müşavirləri təyin ediliblər.