Bərdədə kütləvi dava toyu yasa çevirdi

1 ölü, bir neçə yaralı

Oktyabrın 14-də Bərdə rayonunda kütləvi dava və qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Bərdə şəhərində baş verən kütləvi dava zamanı 35 yaşlı Ramin Sadıqov 17 yaşlı Rusif Yusiflini bıçaqlayaraq öldürüb. O həmçinin R.Yusifli ilə birgə olan Zamin və Allahyar adlı şəxsləri də bıçaqlayıb.
Dava zamanı Əhməd Dadaşov isə idarə etdiyi avtomobillə Nuri Əsədovu vurub. N.Əsədov da xəstəxanaya yerləşdirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, kütləvi dava rayonun Söynalı kəndində keçirilən toy mərasimi zamanı baş verib. 1977-ci il təvəllüdlü Sadıqov Ramin Məhəmməd oğlu toya dəvət olunanlar arasında olub və qonşu kənddən Söynalıya gəlib. O, toyda yeyib-içdikdən sonra tanışları ilə birlikdə oynamağa qalxıb. Bu zaman bəyin qohumları oynayırmış və onlar R.Sadıqovun mahnı sifariş verməsinə qarşı çıxıblar. Nəticədə mübahisə yaranıb, toy çadırında aləm qarışıb.
Sadıqov Rusif Yusiflini bıçaqlayaraq öldürüb. O, 24 yaşlı Zamin Dadaşovu, 52 yaşlı Allahyar Dadaşovu da bıçaqlayıb. Sonra isə bıçaqlanan A. Dadaşovun oğlu Əhməd Dadaşov avtomobillə R.Sadıqovla birlikdə toya gələn Nuri Əsədovu vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb.