Vəfa Quluzadə: “Rusiyanın Suriyaya silah göndərdiyi açıq nümayiş etdirilməlidir”
Moskvadan Dəməşqə silah aparan təyyarənin Türkiyədə saxlanılması üç ölkə arasında qalmaqala səbəb olub. Suriya tərəfi Türkiyəni mülki aviasiya qaydalarını pozmaqda ittiham edib və təyyarədə hərbi təyinatlı yükün olmadığını deyib. Rusiya isə hələ aydın mövqe ifadə etməyib. Moskva diqqəti təyyarədə olan vətəndaşlarının təhlükəsizliyi məsələsinə yönəldərək silah daşınmasına toxunmayıb. Təyyarənin havaya qalxdığı Vnukovo hava limanı rəsmiləri deyilənləri təkzib edib və təyyarədə hərbi yükün olmadığını açıqlayıb. Lakin Rusiya xarici işlər naziri Lavrov təyyarədə silah deyil, radar hissələrinin olduğunu etiraf edib.
Türkiyə tərəfi isə təyyarədə aşkarlanan bəzi avadanlıqların araşdırıldığını bildirib. Bu ölkənin xarici işlər naziri Davudoğlu həmçinin Türkiyənin hərbi uçuşlar üçün qoyduğu məhdudiyyətləri davam etdirəcəyini və bundan sonra da eyni addıma əl atacağını vurğulayıb. Davudoğlu hadisənin Türkiyə-Rusiya münasibətlərinə zərər verməyəcəyini, təyyarənin endirilməsinin isə beynəlxalq hüquq çərçivəsində olduğunu söyləyib.
Rusiyanın Suriyaya silah ötürməsi məsələsi sirr deyildi. Sadəcə bəzi ehtimallara görə, Türkiyə bu addımı atmaqla Rusiyanın əməllərini ortaya qoyub. Bu hadisə iki ölkə arasında münasibətlərə necə təsir edə bilər?
Politoloq Vəfa Quluzadə Türkiyənin təyyarədə saxlanılan raket və radar sistemləri üçün göndərilən xüsusi texnika barədə açıqlama verməli olduğunu deyir. Bununla bir daha Rusiyanın Suriyaya silah göndərdiyi nümayiş etdirilməlidir: “Türkiyə bunu gərək nümayiş etdirsin və açıqlasın. Hamı da buna inansın. Rusiyanın Suriyaya köməyi məlumdur. Rusiya axır vaxtlar açıq köməkdən imtina edir, amma gizli yollarla bunu davam edir. Bu da onun sübutudur”.
Olayın Rusiya-Türkiyə münasibətlərinə təsirsiz ötüşməyəcəyini deyən ekspert eyni zamanda əlaqələrin pozulmayacağını da qeyd etdi. Çünki iki ölkənin bir-birindən asılılığı kifayət qədər böyükdür: “Türkiyə Rusiyanın qazını alır, Türkiyənin biznesi Rusiyada çox işlər görür. Türkiyə ilə Rusiya arasında ticarət tədavülü çox böyükdür. Ona görə də hesab etmirəm ki, bu Türkiyə Rusiya əlaqələrinə böyük təsir göstərəcək. Suriya məsələsi də tezliklə həll olunacaq”.
Fizzə