Iran rəhbərliyinin Bakı səfərinin gizlinləri

«Rəsmi Tehran Azərbaycan-Israil münasibətlərindən ciddi narahatdır»

Oktyabrın 16-də Bakıda keçiriləcək Iqtisadi Əməkdaşlıq Təşkilatına (IƏT) üzv ölkələrin dövlət başçılarının XII zirvə görüşünə Iran prezidenti Mahmud Əhmədinejad da qatılacaq. Maraqlısı odur ki, eyni səfər çərçivəsində Iranın xarici işlər naziri Əli Əkbər Salehi də Azərbaycana gələcək.
Belə çıxır ki, Iran rəhbərliyinin Bakı səfərinin məqsədi yalnız zirvəyə qatılmaq deyil, həm də bəzi siyasi məsələləri müzakirə etməkdir. Ekspertlər də bu fikirdədilər ki, Əhmədinejadla Salehinin eyni anda Azərbaycana səfər etməsinin məqsədi heç də yalnız sözügedən zirvə toplantısına qatılmaq deyil: “Azərbaycan Iran münasibətlərində gərginlik davam edir və son günlər daha da artıb. Son on gün ərzində ”Röyters” agentliyi ciddi bir araşdırma materialı çap etdi. Orada Azərbaycanın Israillə münasibətlərinin çox yüksək səviyyədə olmasından, Israilin Iranın nüvə proqramı ilə bağlı aqressiv planlarından və Azərbaycanın bu plana dəstək verməsindən söz açılırdı. Israil Azərbaycan vasitəsilə bir çox işlər görür. “Röyters” çox mötəbər bir mətbuat orqanıdır və orada bu tipli məlumatın çıxması ciddi proseslərdən xəbər verir. Təbii ki, bu, Iran üçün olduqca xoşagəlməz bir haldır. Bunun ardınca da “Əl-cəzirə” kanalında böyük bir reportaj yayımlandı. Həmin reportajda vurğulandı ki, Azərbaycan Israilə olduqca yaxındır, Israilin ən böyük müttəfiqlərindəndir. Bütün bunlar əlbəttə ki, Iranı son dərəcə narahat edir. Çünki Israil Irana qarşı aqressiv planlarından geri çəkilmək fikrində deyil. Iran üçün bu baxımdan real təhlükə yaranıb. Birdən-birə bu tədbirə Iranın həm prezidentinin, həm xarici işlər nazirinin qatılması da rəsmi Tehranın Azərbaycan hakimiyyətinin tutduğu mövqedən ciddi narahatçılıq keçirməsi ilə bağlıdır”.