Eynulla Fətullayev Çingiz Qənizadəyə cavab verdi: «O, səviyyəsiz adamdı»
Strasburqda ABU-nun sabiq rektoru Elşad Abdullayevlə görüşən “Insan haqları uğrunda” Ictimai Birliyin rəhbəri Eynulla Fətullayevin deputat Çingiz Qənizadə ilə bağlı dediklərinə qarşı tərəfin cavabı özünü gözlətməyib. Xatırladaq ki, E.Fətullayev Elşad Abdullayevin Çingiz Qənizadə ilə görüşdən sonra naməlum şəxslər tərəfindən izlənildiyini deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, E.Abdullayev onda Çingiz Qənizadənin ona qarşı təşkil etdiyi bu təxribat xəbərini Azərbaycan cəmiyyətinin diqqətinə çatdırmağı xahiş edib.
Öz növbəsində Ç.Qənizadə “Olaylar”a açıqlamasında E.Fətullayevə cavab verib. Bu şəxs barədə danışmaq istəmədiyini deyən deputatın sözlərinə görə, E.Fətullayev son günlər yalnız imkanlı şəxsləri müdafiə etməyə cəhd göstərir: “Mən Eynulla Fətullayevə cavab verib özümü onun səviyyəsinə salmaq istəmirəm. Eynulla Fətullayev son günlər yalnız imkanlı şəxsləri müdafiə etməyə cəhd göstərir. Deyəsən onda maddi imkansızlıq yaranıb, ona görə belə insanlarla əlaqə qurmaqla imkanlaşmaq istəyir”.
E.Fətullayev isə qəzetimizə verdiyi açıqlamada Ç.Qənizadəni səviyyəsiz adlandıraraq onun dediklərini şərh etmək istəmədiyini bildirdi: “Öz açıqlamamı vermişəm, artıq sözümü demişəm. Onun dediklərinə şərh, münasibət bildirmək istəmirəm. O, səviyyəsiz adamdı”.
Fizzə