İlham Rəhimov mobil bazarı inhisara alıb

Rusiya prezidentinin dostu Azərbaycanın mobil rabitə bazarının təxminən 70 faizinə nəzarət edir

Azərbaycan mobil rabitə bazarı Putinin dostu kimi tanınan tovuzlu iş adamı Ilham Rəhimovun nəzarətindədir. Belə ki, mobil telefon bazarında hegemùùonluq edən “Mobitel” şirkətinə nəzarət edən Ilham Rəhimov ölkəmizdə telefon qiymətlərinin region ölkələrinə nisbətdə kifayət qədər baha olmasında böyük “pay sahibi”dir.
Dünyada iqtisadi böhranın yenidən baş qaldırdığı bir şəraitdə telefon qiymətlərinin bütün dünyada düşdüyü bir zamanda bu halın Azərbaycan mobil rabitə bazarında baş verməməsi “Mobitel” şirkətinin bu bazarda kifayət qədər ciddi monopoliya yaratması ilə bağlıdır. Bildirilir ki, dünyada su qiymətinə olan mobil telefonların qiymətinin düşməməsinin əsas səbəblərindən biri də, məhz bu sahənin Ilham Rəhimova məxsus “Mobitel” şirkətinin inhisarına verilməsidir.
Məlumatda göstərilir ki, “Mobitel” şirkəti Azərbaycana gətirilən “Nokia” markalı telefonların rəsmi distribyutoru olmaqla yanaşı, ölkə mobil rabitə bazarının təxminən 70 faizinə sahiblik edir. Şirkətin satdığı mobil telefonlar digər telefon satan şirkətlərin qiymətindən baha olması ilə seçilir.
Qeyd edək ki, bizim insanlar öz maaşlarının iki-üç qatı qədər telefona pul verirlər. Nəticədə kasıb alıcının cibində bəzən 300-400 manatlıq telefon olur. Qiymətlərin də maraqlı olmasını nəzərə alıb bu haqda da bir neçə cümlə söyləmək yerinə düşərdi. Satıcılar deyir ki, ən çox satılan telefon markası “Nokia”dır. Ancaq “Samsunq”, “SoniEriksson” kimi markalara da pul xərcləyirlər.
Eyni zamanda onu da bildirək ki, “Mobitel” şirkəti Azərbaycanda rəsmi təmsilçisi olduğu “Nokia”nın da qiymətlərini maya dəyərindən bir neçə dəfə baha satması ilə seçilir. Apardığımız araşdırma zamanı satıcılar bizə bildirdidilər ki, Azərbaycanda telefon bazarı da digər bazarlarda olduğu kimi inhisara alınıb. Mobil telefon bazarında hegemonluq edən “Mobitel” şirkətini misal çəkən satıcı deyir ki, bazara bu şirkətdən başqa heç kim, demək olar, “Nokia” telefonu gətirmir. Bəzi fərdi sahibkarları nəzərə almasaq, deyə bilərik ki, mobil telefon bazarı bir-iki adamın əlində cəmlənib. Ona görə də Gürcüstanda 40-50 dollara olan telefon, bizdə 200 manat dəyərindədir.

Turan  

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.