“Bandotdel”in “aptek əməliyyatı”

aptekBu idarənin əməkdaşları rayon apteklərində nə axtarır?

Cəlilabad, Imişli, Masallı, Biləsuvar və digər iri rayonlardan “Azadlıq”a ilginc məlumat daxil olub. Həmin məlumatda deyilir ki, Baş Mütşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi (BMCQMI) adıçəkilən rayonlarda fəaliyyət göstərən apteklərdə əməliyyat keçirir. Dörd nəfərdən ibarət olan “əməliyyat qrupu”na Faiq və Vüqar adlı şəxs rəhbərlik edir.
Onlar apteklərə daxil olaraq dərmanların tarixi ilə və “psixotrop” maddələrlə maraqlanırlar. Aptekdə başlanan bu “maraqlanma” daha sonra baş idarədə davam etdirilir. Aptek sahibləri BMCQMI əməkdaşlarının şərtini qəbul etdisə, sərbəst buraxılır, əks təqdirdə həbslə hədələnir.
Həmin rayonlarda fəaliyyət göstərən aptek sahiblərindən bəziləri bu məlumatı təsdiq edib. Onların sözlərinə görə, bu barədə DIN-ə müraciət etməyə hazırlaşır. “Axı bu qurum Səhiyyə Nazirliyi deyil ki, apteklərdə reyd təşkil etsin. Əgər hansısa apteklə bağlı quruma hansısa əməliyyat məlumatları daxil olubsa, bu başqa məsələ. Amma Faiq və Vüqarın rəhbərlik etdiyi ”əməliyyat qrupu” ucdantutma bütün aptek sahibləri eyni “əsasla” idarəyə aparırlar. Orada müəyyən razılaşmadan sonra sərbəst buraxırlar”, – deyə aptek sahibləri bildirib.
Məlumatla bağlı DIN-lə əlaqə saxladıq. Qurumdan məsələnin araşdıralacağını bildirdilər.

Informasiya şöbəsi