Elşad Abdullayevin ittiham etdiyi qadın danışdı

“Elşad Abdullayev artıq zənginləri bir kənara qoyub, mənim kimi kasıb, yetim, səhhətində problem olan adamları hədəfə alıb”

“Elşad Abdullayevin mənim barəmdə dedikləri şər-böhtandan başqa bir şey deyil”. Bu sözləri “Azadlıq”a fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin ittiham etdiyi Rövşanə adlı qadın bildirib. Rövşanə xanım deyib ki, onunla Elşad Abdullayev arasında sabiq rektorun qardaşı Mahir Abdullayevin oğurlanması barədə hər hansı söhbət olmayıb: “Mən Elşad Abdullayevi ilk dəfə 2002-ci ildə Təhsil Hazirliyində nazir Misir Mərdanovun köməkçisi Həzakət Hacıyevanın otağında görmüşəm. Həzakət Hacıyeva ilə onun çox yaxın münasibətləri olub. Mən o zaman dissertasiya işimlə bağlı Təhsil Hazirliyinə getmişdim. Qeyd edim ki, mən Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı idim. Elmi rəhbərim isə pedaqoji elmlər doktoru Akif Abbasov idi. Həmçinin Hərimanov rayonundakı 56 saylı uşaq bağçasının müdiri vəzifəsində çalışırdım. İnstitutların birində elmi işimi müdafiə etməli idim. Həzakət xanım mənə Azərbaycan Beynəlxalq Universitetini məsləhət gördü. Elşad Abdullayevi xeyli təriflədi. Mən də Elşad Abdullayevə müraciət etdim. O isə bu barədə qardaşı Eldəniz Abdullayevlə görüşməyi tövsiyyə etdi. Mən Eldəniz Abdullayevlə görüşdüm və niyyətimi ona dedim. İnsafən, Eldəniz Abdullayev çox yaxşı adam idi. O, mənə bildirdi ki, çalışarıq sənə elmi işində kömək edək. Vəssalam, daha sonra mən bir də 2003-cü ildə Eldəniz Abdullayevlə görüşdüm və elmi işimlə maraqlandım. O isə bildirdi ki, qardaşım Mahir Abdullayev pullarımızı götürərək qaçıb, hazırda başımız bu işə qarışıb. Ona görə də hələlik sənə heç bir kömək edə bilmərik. Bundan bir müddət sonra Eldəniz Abdullayev mənə zəng vurdu və qohumum, vaxtilə deputat olmuş, hazırda biznes fəaliyyətilə məşğul olan Arzu Kazımovla görüşmək istədiklərini bildirdi. Onun sözlərinə görə, Arzu müəllimlə biznes qurmaq, məscid, bağça və məktəb tikmək istəyirlər. Mən Eldəniz Abdullayevin bu istəyini Arzu Kazımovun diqqətinə çatdırdım. Lakin Arzu müəllim mənə dedi ki, bu adamlar qaranlıq adamlardır, məni işə salarlar. Mən Eldəniz Abdullayevə inandığımıdan Arzu Kazımova qardaşlarının onları aldatdığını, pullarını götürüb qaçdığını dedim və bildirdim ki, biznes işində bu adamlara yardımçı olsun. Açığı bu ailəyə yazığım gəlmişdi. Sonradan Elşad Abdullayevlə Arzu Kazımov görüşüblər. Aralarında dostluq yaranıb, birgə biznesə başlayıblar. Sonradan Zahid Dünyamalıyevlə də görüşüblər. Amma mən bu işlərdə iştirak etməmişəm. Kimin kimə nə qədər pul verdiyini, nə danışdığını nə görmüşəm, nə də eşitmişəm. Hə Mahir Abdullayevi, nə də Zahid Dünyamalıyevi tanımıram.
Bir müddət sonra aralarında hansısa problem yaranıb. Elşad Abdullayev də indi bunun qisasını məndən alır. Mənə böhtan atır. Bir məqamı da qeyd edim ki, mənə qarşı hücumlarda Şəmsiyyə Bəylərqızının da rolu var. Hazırda həbsdə olan bu qadının Elşad Abdullayevlə yaxşı münasibətləri olduğunu hər kəs bilir. Mənim də Şəmsiyyə Bəylərqızı ilə münasibətlərimdə problem var. Elşad Abdullayev də bunun bilir və həm də bu qadının qisasını məndən alır. Qısası, mənim hədəfə gəlməyim Elşad Abdullayevlə Arzu Kazımov arasında olan problem və Şəmsiyyə Bəylərqızı ilə sabiq rektorun dostluğudur. Elşad Abdullayev artıq zənginləri bir kənara qoyub, mənim kimi kasıb, yetim, səhhətində problem olan adamları hədəfə alıb. Mənim heç bir təqsirim yoxdur. Hüquq-mühafizə orqanları yəqin ki, bütün bunları araşdırıb kimin kim olduğunu üzə çıxaracaq. Azərbaycan dövlətinə və hüquq-mühafizə orqanlarına inanıram və əminəm ki, haqq-ədalət öz yerini tutacaq”.