Üzü Tunisə, düzülən!

Devrim dalğası Misirdə

Yüz illərin yuxusuna getmiş Ərəb dünyası çalxalanmaqdadır. Tunisdən başlayan demokratik devrim dalğası bütün Ərəb dünyasını çalxalamaqdadır.

Tunisdəki 23 illik diktatura bir neçə günün içində darmadağın oldu. 23 ilin diktaturasının başında durub Tunis xalqına qan udduranlar qanlı qırğın içində ölkədən qaçıb getməli oldular. Tunis diktatoru Ben Əli hələ lap bu günlərdə müşavirə keçirib… ölkədə ümumi daxili məhsulun kəlləçarxa çıxdığını, yoxsulluğun 8-9 faizə endirildiyini, iqtisadi inkişafın, dünyanı bürüyən böhrana baxmayaraq, yalnız artan xətt üzrə getdiyini, Tunisin hər baxımdan regionda analoqu olmayan bir ölkəyə çevrildiyini, Tunis ordusunun regionda ən güclü ordu olduğunu, Tunis polisinin dünyada ən qanunçu, ən humanist polis olduğunu bildirir, bütün televiziyalar diktatorla arvadının ölkə boyu gəzintilərini, gecə-gündüz xalq üçün çalışmalarını sərgiləyirdi. Nə oldu?

Söz yox, Füzuli deyən oldu:

Göstərən saətdə dövrani-fələk bir inqilab,

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.

Tunis diktatura boyunduruğundan qurtuldu, qaldı… Azərbaycan!

Işə bax, biz bu yanda var-gəl eləyirkən Misir xalqı ayağa qalxdı. Xalq küçələrə axışdı, hələ də axışmaqdadır. 29 ilin prezidenti, diktator-generalın bütün ölkəni bəzəyən portretləri cırılıb ayaqlar altına atılmaqdadır. General-diktator arvad-uşağını cırılıb atılmış portretlərini ayaq altından yığışdırmağa göndərdi. Onlarsa, nə olsa yaxşıdı? Hə, xalqın tufana çevrilmiş acığından qorxaraq ölkədən qaçıb gediblər! Burada maraqlısı nədir? Diktator oğlunu yerinə prezident qoymaq istəyirdi. Ən birinci onun bu potensial prezident oğlu arvad-uşağa qoşuluban qaçıb ölkədən gedib. Onu qınamaq olmaz; bütün diktatura doğmaları kimi, o da diktatura rejiminin, bu rejimin başında duranların (lap elə özünün) nə cinayətlər törətdiyini gözəl bilir. Belədə bu uşaq qaçmasın, neyləsin?!

Televiziyalar Misirdə başı yarılmış bir gənci göstərirdi. Gənc axan qanını göstərərək, rejimlə bağlı deyirdi: “Bunlar bizimlə itlə davranan kimi davranırlar”.

Azərbaycanda təkcə elə son günlərdə baş verənlər – polislərin Bakıda Elvin Əsgərovu döyərək öldürmələri, Gədəbəydə Ədalət Hüseynovu ailəsi ilə birlikdə özünü yandırmağadək gətirib çıxarmaları, ölkəni başdan-başa bürüyən rüşvət, korrupsiya, soyğunçuluq faktları – bütün bunlar indiki diktatura rejiminin Azərbaycan xalqı ilə Misirdəkinə bənzər davranış faktları – görsənişləridir.

Tunisdə xalqla güc strukturlarının qarşıdurması yaranırkən polis, ordu xalqla birləşdi. Misirdə də ortaya oxşar görsənişlər çıxmaqdadır. Belə görsənişlər tezliklə yayılaraq kütləvi xarakter alır, sonra diktatorun ölkədən qaçması qaçılmazlığa çevrilir. Sonrasını özünüz bilirsiz: diktatorun ölkədən qaçması ilə xalq diktatura boyunduruğundan qurtulmuş olur.

Görün bu günlər, bu qlobal qaçdı-qovdu içində, Azərbaycanda nə baş verir? Əli Həsənov adında bir diktatura yetkilisi adamlarını bütün ölkə boyu küçə-bazara töküb, möhtərəm cənab diktatura adından yalvarışda bulunur: “Amanın bir günüdü, ən azı, bugünlər, aranın bu qarışan çağlarında, özünüzü yandırmayın: polis sizi söyür – susun, döyür – susun, zülümlə qazandığınız çörəkpulunu cibinizdən çıxarır, əlinizdən alır – susun. Bilin, Azərbaycanda yeni-yeni neft quyuları fontan vuracaq, yeni-yeni qaz yataqları tapılacaq, bundan sonra… daha doğrusu, 2040-cı, uzaqbaşı 2050-ci illərdən sonra çalışacağıq diktaturamızın uğurlu neft-qaz strategiyasından sizə də dadızdıraq”.

Siz indi işə baxın: Əli Həsənov göysatanları belə yağlı sözlərlə dilə tutub, başlarını qatırkən Gədəbəy polisi təxribata əl ətır. Vay, vay, vay! Ay uşaq qoyma sürüyə canavar daraşıb, ağzı yanmışları bu yandan qovursan, o yandan soxulurlar!..