Eynulla Fətullayev Elşad Abdullayevlə nələrdən danışdı?
Oktyabrın 10-da Strasburqda ABU-nun sabiq rektoru Elşad Abdullayev ilə görüşən “Insan haqları uğrunda” Ictimai Birliyin rəhbəri Eynulla Fətullayev maraqlı açıqlamalarda bulunub. Strasburqa I Ümumdünya Demokratiya Forumunda iştirak etmək üçün gedən E.Fətullayevə E.Abdullayev bir sıra materiallar təqdim edib.
E.Fətullayevin sözlərinə görə, E.Abdullayev onları öncə hüquq müdafiəçisi Ç.Qənizadəyə verdiyini söyləyib: “Strasburqda Elşad Abdullayev Çingiz Qənizadəyə qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı sensasion məlumatlar verib. Mənimlə görüş Elşad Abdullayevin təşəbbüsü və istəyi ilə olub. Görüşdə məlum oldu ki, məndən bir qədər əvvəl Strasburqda olan Çingiz Qənizadə ilə görüşübmüş. Çingiz Qənizadədən ayrılandan dərhal sonra naməlum adamların onu izlədiyini görüb. Elşad Abdullayev bu barədə dərhal Fransa xüsusi xidmət orqanlarına məlumat verdiyini dedi. Onun sözlərinə görə, Fransa xüsusi xidmət orqanları izlənmə faktını təsbit və təsdiq edərək Elşad Abdullayevə Strasburqu dərhal tərk etməyi məsləhət görüb. Elşad Abdullayev bu insidentlə bağlı bir hüquq müdafiəçisi olaraq mənə də yazılı şəkildə müraciət etdi. Məndən xahiş etdi ki, deputat Çingiz Qənizadənin ona qarşı təşkil etdiyi bu təxribat xəbərini Azərbaycan cəmiyyətinin diqqətinə çatdırım. Beləliklə, biz oktyabrın 10-da görüşdük”.
E.Fətullayev onu da bildirdi ki, Ç.Qənizadə ilə görüş E.Abudullayevin təşəbbüsü ilə baş tutmayıb. Ç.Qənizadə onu axtarıb tapıb, görüşmək istədiyini deyib: “Abdullayev də razılıq verib və qardaşı Mahirin oğurlanması ilə bağlı ona sensaion məlumatlar verib. Çingiz isə ona söz verib ki, bir hüquq müdafiəçisi, millət vəkili kimi bu işlə məşğul olacaq. Amma, göründüyü kimi, Bakıya qayıdandan sonra Qənizadə tamam başqa şeylər danışır. Abdullayevin dediyinə görə, o, Qənizadəylə görüşməyinə çox peşman olub. Hətta bir ağbirçək kimi Novella xanıma (Novella Cəfəroğluna – red.) zəng edərək ona da Çingizdən narazılıq edib”.
E.Abdullayevin E.Fətullayevə təqdim etdiyi materiallara gəlincə isə, onlar əsasən Mahir Abdullayevin oğurlanması və hazırda ictimailəşən məlumatlar olub. E.Abdullayev eyni zamanda E.Fətullayevdən bir araşdırmaçı-jurnalist və beynəlxalq təşkilatlarla yaxşı əlaqələri olan hüquq müdafiəçisi kimi kömək istəyib.
E.Fətullayevin dediyinə görə, Elşad Abdullayevin millət vəkili, hüquq müdafiəçi kimi Çingiz Qənizadədən gözləntisi də bu faktları ictimaiyyətin diqqətinə çatdırmaq, qardaşının məsələsində ona yardım etmək olub. “Çingiz Qənizadə isə, göründüyü kimi, bunu etməyib. Ümumiyyətlə, bu işin prezidentin şəxsi nəzarətinə keçməsi və yeni əməliyyat-istintaq qrupunun yaradılması Elşad Abdullayevdə ciddi ümid yaradıb. O hesab edir ki, artıq bundan sonra istintaqda yeni dönəm başlaya bilər”.
Hüquq müdafiəçisi Çingiz Qənizadə isə qəzetimizə açıqlamasında bildirdi ki, E.Abdullayevin onlara Fransada təqdim etdiyi sənədlər həftənin birinci günü baş prokurorluğa göndəriləcək: “Mən hələ mətubata açıqlamamda bildirmişdim ki, Elşad Abdullayevin mənə, Nofvella Cəfəroğluya, Səidə Qocamanlıya və Səadət Bənanyarlıya təqdim etdiyi sənədlər yaxın günlərdə müvafiq orqanlara təqdim olunacaq. Artıq Elşad Abdullayevin istəklərinin bəziləri yerinə yetirilib. Bildiyiniz kimi, prokurorluqda istintaq qrupu yaradılıb, müstəntiq dəyişdirilib. Amma buna baxmayaraq onun rəsmi müraciəti rəsmi orqanlara təqdim olunacaq. Elşad Abdullayevlə görüşümüz oktyabrın 3-də olub. Görüşdə mən, Nofvella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı iştirak edib. Oktyabrın 4-də isə Elşad Abdullayevin sənədləri hoteldə bizə təqdim olunub. O müraciətləri hoteldəki otaqlarımıza göndərdiyini kafedə ayaqüstü diqqətimizə çatdırdı”.
Xəyal