Yeni sistemdə müəllimlərlə dialoq şəklində suallar və yazılı imtahan nəzərdə tutulub
Etibar Əliyev: «Yaranmış vəziyyətdə məktəbdəki buraxılış imtahanı ilə ali məktəbə daxil olma imtahanını birləşdirmək gərəkdir»
Azərbaycanda sonuncu “Təhsil haqqında” Qanun 2009-cu ildə qəbul olunub. O zaman yeni sənədin qəbulu Azərbaycan cəmiyyətində belə bir fikir formalaşdırmışdı ki, təhsilin keyfiyyəti tezliklə yüksələcək, amma aradan xeyli müddət ötəndən sonra belə düşüncələr alt-üst oldu. “Təhsil haqqında” yeni qanun bu sahədə hər hansı ciddi irəliləyişə səbəb olmadı.
Bu qanun qəbul olunan zaman Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirmişdi ki, təhsillə bağlı sahə qanunları da qəbul olunacaq. Bu sıraya orta təhsil, ali təhsil, elm siyasəti ilə bağlı layihələr aid idi.
Ancaq təhsillə bağlı çərçivə qanunu hesab edilən “Təhsil haqqında” Qanun qəbul edildikdən sonra sahə qanunları bir qədər yaddan çıxdı.
Parlamentin Elm və təhsil komitəsindən verilən məlumata görə, “Ali təhsil haqqında” Qanun layihəsi hazırdır. Bu sənədin müzakirəyə çıxarılıb təsdiqlənməsinə əngəl törədən isə test imtahanlarıdır.
“Modern.az”ın əldə etdiyi məlumatda bildirilir ki, yeni sənəddə ali təhsil müəssisələrinə daxil olmaq üçün hazırda istifadə olunan və cəmiyyətin birmənalı şəkildə müdafiə etdiyi test imtahanlarının məzmunu dəyişdiriləcək.
Belə ki, təhsil mütəxəssisləri ali təhsil müəssisələrinə qəbulun yeni formasını tapıblar. Bu nə testdir, nə də sovetlər zamanında olan müəllimlə universitetə daxil olmaq istəyən şəxsin üzbəüz ünsiyyəti formasında olan imtahan.
Yeni layihəyə görə, universitetə daxil olmaq istəyənlər müəllimlərlə dialoq şəklində sualları cavablandırmalı olacaqlar. Eyni zamanda yazılı formada da imtahan götürülməsi nəzərdə tutulur. Bütün bunlar isə əslində testdən imtina deməkdir.
Yayılan məlumatla bağlı dünən gün ərzində müvafiq orqanlarla əlaqə saxlamağa və məlumatı dəqiqləşdirməyə çalışdıq. Amma nə TQDK-nın Mətbuat Xidmətindən, nə də Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevlə əlaqə cəhdlərimiz alındı.
Bəs belə bir dəyişiklik nə dərəcədə realdır və yaranmış durumdan çıxış yolu sayıla bilərmi?
Təhsil üzrə ekspert Etibar Əliyev vurğuladı ki, 92-ci ildən Azərbaycanda tətbiq olunan test sistemi çoxlarını qane edir. Amma bununla yanaşı bu sistemin əks təsirləri də az deyil: “Test sistemi savadlı gənclərin ali məktəblərə girməsinə imkan yaratsa da, bütövlükdə məktəb təhsilini sıradan çıxarıb. Hazırda məktəblərdə yuxarı sinif şagirdləri dərslərə getmir və repititorların yanında hazırlaşırlar. Ona görə də direktorlar bəzən yaranmış vəziyyətdən istifadə edirlər. Amma hazırda mətbuatda hallanan variant yaranmış durumu həll edə bilməyəcək. Çünki biz bu qarışıq sistemin neqativ nəticələrini hakimlərin imtahanında görmüşük. Testdə yüksək nəticə göstərən şəxslər üzbəüz imtahanda sistemin tələblərinə cavab vermədiklərinə görə keçmirlər. Yəni burada insan faktoru neqativ təsirini göstərir”.
E.Əliyevin fikrincə, yaranmış vəziyyətdə məktəbdəki buraxılış imtahanı ilə ali məktəbə daxil olma imtahanını birləşdirmək gərəkdir. Bu həm məktəblərdəki dərs sisteminin əvvəlkitək işlək hala gəlməsinə səbəb ola bilər. Həm də ali məktəblə orta məktəb arasında əlaqəni gücləndirər.
Xəyal