Təbii fəlakət bölgələrində korrupsiya tüğyan edir

«Hər iki bölgədə bu işləri eyni nazirlik, eyni tikinti şirkətləri həyata keçirir»

Zaqatala və Qaxda baş vermiş zəlzələdən sonra bölgədə  tikinti korrupsiyanın baş alıb-getdiyi barədə ötən sayımızda məlumat vermişdik. Qeyd edək ki, bölgədə tikinti işlərini Fövqəladə Hallar Nazirliyi tərəfindən təyin olunmuş “Memar Inşaat”, “Intiligent MMC”, “Gilan Inşaat” və “Inşaat 181″ aparır. Tikilən evlərin 1 kv.m-i 500 manat həcmində dəyərləndirilir ki, həm sakinlər, həm də tikinti ekspertləri bu rəqəmin şişirdildiyini deyirlər.
Məsələn, tikinti üzrə ekspertlərdən biri ”Azadlıq”a açıqlamasında bildirmişdi ki, fərdi yaşayış evlərində bir kv.m. tikintinin dəyəri 320-350 manat arasında dəyişir. Zəlzələ bölgəsində aparılan tikinti işlərinin dövlət tərəfindən həyata keçirildiyi, üstəlik bu tikililər üçün icazə və yer haqqı kimi əlavə xərclərin tələb olunmadığını nəzərə alınarsa, 500 manatın şişirdilmiş rəqəm olduğunu görmək olar.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev eyni problemə daşqın bölgəsində də rast gəldiklərini deyir: “Kür daşqınlarının baş verdiyi ərazilərdə də eyni metoddan istifadə olunurdu. Apardığımız araşdırmalar göstərirdi ki, orada təyinatdan kənar xərcləmələr, şişirdilmiş qiymətlər var. Ötən müddət ərzində biz Fövqəladə Hallar Nazirliyindən və digər rəsmi qurumlardan cavab ala bilməmişik ki, bu evlər hansı qiymətə tikilib. Amma özümüzün apardığı qeyri-rəsmi araşdırmalar və FHN nümayəndələrindən aldığımız qeyri-rəsmi məlumatlar göstərdi ki, bir evin tikilməsi 45 min manat civarında rəsmiləşdirilir. Bunu da bir kv.m-ə böləndə təxminən eyni rəqəm – 500 manat alınır. Rayon yeri üçün bu, kifayət qədər böyük rəqəmdir. Çünki rayonda torpaq sahəsi üçün əlavə ödəniş edilmir. Inzibati müdaxilə yoxdur, kiməsə ”şapka” verilmir. Deməli sənədləşdirilən qiymətlər şişirdilir. Bu o deməkdir ki, ortada korrupsiya faktı və qeyri-şəffaflıq var. Başqa bir problem də odur ki, bu işi həyata keçirən qurumların hesabatlılığı yoxdur, ictimaiyyətə heç bir məlumat vermirlər. Informasiya sorğularını cavablandırmırlar. Ona görə də qeyri-müəyyənlik yaranır”.
O.Gülalıyev daşqın bölgəsində baş verən neqativ hallarla bağlı bütün tədbirlərə əl atdıqlarını deyir: “Ictimai dinləmələr keçirmişik, aidiyyəti qurumlarla görüşmüşük. Amma məsələ burasındadır ki, Qax-Zaqatala bölgəsində də bu işləri eyni nazirlik, eyni tikinti şirkətləri həyata keçirir. Və problemlər də oxşardır”.