“Hakimiyyət 21-ci əsrdə Stalin və Beriyanın metodları ilə hərəkət edir”
Leyla Yunus: «Hazırda deputat olmaq istəyənlərə vasitəçilik etmişlər Gülər Əhmədova ilə bağlı baş verənləri diqqətlə izləyirlər»
Bugünkü müsahibimiz hüquq müdafiəçisi Leyla Yunusdur. Bir neçə aydır ki, ölkədə olmayan Leyla xanımın hətta ölkədən siyasi mühacirət etdiyini iddia edənlər də oldu. Ona görə elə öncə bu məqama aydınlıq gətirdik:
– Bir müddət vətəndə olmamağıma səbəb xaricdə təcrübə kurslarında iştirakımla bağlı idi. Kurslar hüquq müdafiə, ələlxsus qadın hüquqlarının qorunması ilə əlaqəli idi. Daha sonra isə səhhətimdəki bir sıra problemlərlə bağlı bir müddət müalicə kursu keçdim. Gələn həftə isə Belçika və Norveçə səfərim olacaq. Bu ölkələrdə insan hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərdə iştirak edəcəm. Bundan başqa, sentyabr ayında mən ərəb dünyasının və Yaxın Qonşuluq Siyasətində iştirak edən ölkələrin vətəndaş cəmiyyətinin təmsilçisi kimi tədbirlərə qatılmalıyam.
Hakimiyyət AŞ PA-da ciddi məğlubiyyətə uğrayıb
– Vətəndə olmadığınız müddətdə AŞ PA-da hakimiyyət daha bir məğlubiyyətə uğradı. Təşkilat qəti şəkildə Azərbaycanda siyasi məhbus kim sayılmalıdır sualına cavab verdi. Bunu necə qiymətləndirirsiniz?
– Azərbaycan hakimiyyəti təmsilçilərinin siyasi məhbus termininin müəyyənləşdirilməsini tələb etməsi əvvəlcədən məntiqsiz fikir idi. Hakimiyyət elə düşünürdü ki, AŞ PA yetkililəri onlarla mübahisəyə girəcək. Amma nəticə elə oldu ki, hakimiyyətin baş verən proseslərdə uduşu yalnız vaxt oldu. Yəni qəbul olunan qətnamə bir qədər yubandı. Ona görə mən də o fikirlə razıyam ki, hakimiyyət AŞ PA-da ciddi məğlubiyyətə uğrayıb. Artıq bütün dünya Azərbaycanda siyasi məhbus probleminin olduğunu bilir.
Azərbaycan 2001-ci ildə AŞ PA-ya daxil olan zaman hakimiyyət üzərinə 21 öhdəlik götürmüşdü. Öhdəliklər sırasında bir öhdəliklə bağlı xüsusi məqam var idi. Orada vurğulanırdı ki, Azərbaycanın hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslər ya birbaşa azad edilməli, ya da təkrarən bu dəfə şübhə doğurmayan məhkəmə prosesi keçirilməlidir. Bu öhdəlik indiyə qədər yerinə yetirilməyib. Bu iyirmi bir öhdəliyin içərisində bu öhdəliyin də qəbulu onun etirafı idi ki, Azərbaycanda siyasi məhbus problemi həqiqətən də var. Belə bir problemin olduğu etiraf olunmasaydı bu öhdəlik götürülməzdi. Amma hələ o zaman bir müddət sonra hakimiyyət ölkədə siyasi məhbus probleminin olmadığını vurğulamağa başladı. O zaman AŞ PA rəhbərliyi 3 hüquqşünası göndərdi. Həmin hüquqşünaslar müxtəlif hüquq müdafiəçilərinin verdiyi müxtəlif siyahıları araşdırdılar. Hüquqşünaslar ən böyük 714 nəfərin adının olduğu siyasi məhbuslar siyahısını götürdülər. Bu siyahıda müxtəlif işlər üzrə siyasi məhbusların adı var idi. Araşdırmadan sonra hüquqşünaslar 2 cildlik hesabat hazırladılar. Və siyasi məhbusların sayının 300 olduğu vurğulandı. 2005-ci ildə isə hakimiyyət siyasi məhbus problemi ilə məşğul olmaq üçün Işçi Qrup yaratdı. Bu quruma həm hakimiyyət, həm də vətəndaş cəmiyyətinin nümayəndələri qatıldılar. O zaman AŞ PA rəhbərliyinə birgə müraciət qəbul olundu ki, siyasi məhbus problemi ölkə daxilində çözülməyə çalışılacaq. Amma Işçi Qrupunun yalnız imitasiya olduğu ortaya çıxdı. Bəlli oldu ki, burda məqsəd də siyasi məhbus problemi ilə Strasburqdan heç kimin məşğul olmamasıdır. O zaman AŞ PA mövqeyin dəyişdi. 2009-da Ştrasser məruzəçi təyin olundu. Artıq AŞ PA-nın qəbul etdiyi son sənəd hakimiyyətin Hilal Məmmədovun, Nigar Yaqublunun siyasi məhbus olmadığını deməyə imkan verməyəcək. Bu sənəd hazırda həbsdə olan Şahin Həsənlinin, Vidadi Isgəndərlinin məhz siyasi baxışlarına görə təqib edildiyin də asanlıqla sübut edir.
Avropa Birliyindən daha bir sərt sənəd gəlir
– Həm bu, həm hakimiyyətin “kürü diplomatiyası”nın AŞ PA tərəfindən ifşa olunması nəyin görsənişidir?
– Bu, hakimiyyətin əsl simasını göstərdi. Əgər hakimiyyət 2 il əvvəl AŞ PA deputatlarının ələ alınmasını gizlədə bilirdilərsə, artıq bu mümkün deyil. Hətta Azərbaycan nümayəndə heyətinin ətrafında insanlar kofe içməyə belə çəkinirlər. Çünki artıq hamı bilir ki, AŞ PA-dakı azərbaycanlı deputatlar rüşvətə meyillidirlər. Hazırda Gülər Əhmədova ilə bağlı hadisə onu göstərir ki, hakimiyyət o həddə çatıb ki, nəinki özü rüşvət alır, hətta rüşvətə meyilli şəxsləri ələ alır. Hakimiyyətin Azərbaycana gələn məruzəçiləri ələ aldığını Ispaniya və Maltadan gələn nümayəndələrin də davranışları təsdiqlədi. Onların hazırladığı hesabat Prezident Aparatından gəlmişdi.
– Avropa Birliyi bir müddət əvvəl Azərbaycana qarşı sərt qətnamə qəbul etmişdi. Keçirdiyiniz mətbuat konfrasında daha sərt qətnamənin verilə biləcəyini söyləmisiz. Bu barədə hansı məlumatınız var?
– Budəfəki sənəddə də ölkədəki qanun pozuntuları, hüquq müdafiəçilərinə qarşı təzyiqlər öz əksini tapacaq. Elə Brüsellə gələn həftə səfərim zamanı Azərbaycanın vətəndaş cəmiyyətinin çətinliklərini Avropa Birliyinin təmsilçilərinin diqqətinə çatdırmağa çalışacam. Həqiqətən də budəfəki qətnamə daha sərt olacaq. Ölkədəki insan haqlarının pozulması, söz və mətbuat azadlığına yaradılan qadağalar, müxalifət mətbuatının satışıyla bağlı problemlər də bu sənəddə əksini tapacaq.
Gürcüstanın hazırkı Azərbaycandan fərqli olaraq gələcəyi var
– Gürcüstanda hələ seçkilərdən əvvəl Qərb bildirmişdi ki, bu, ölkə üçün bir sınaq olacaq. Demokratik Gürcüstana belə seçkilərlə bağlı güzəştin edilmədiyi nəzərə alınarsa, Azərbaycana münasibət necə olacaq?
– Gürcüstanla Azərbaycan uzun müddət inkişaf yolunu birgə keçən dövlətlərdir. Gürcüstan demokratiyaya nail olmaqla həqiqətən də dövlətə sahib olduqlarını nümayiş etdirdilər. Saakaşvili müxalifətə keçdiklərini bəyan edəndə düşündüm ki, dövlət başçısı və onun ətrafı barədə bəzi neqativ faktlar deyilməsinə baxmayaraq bu şəxslər öz dövlətləri və vətənləri barədə düşünürlər. Gürcüstanın gələcəyi var. Azərbaycanda hazırda hakimiyyətdə olanlar isə nə dövlət, nə də xalq haqqında düşünürlər. Hakimiyyətdəkilər bu ölkəyə suyunu sıxıb, özünü isə tullamağın mümkün olduğu limon kimi baxırlar. Hakimiyyətdəkilər bu ölkənin sərvətlərini talan edən, xalqını isə qul kimi işlədən işğalçılar kimi hərəkət edirlər. Ölkənin normal inkişafını yalnız demokratik seçki təmin edə bilər. Bizim vaxtilə əməkdaşlıq etdiyimiz gürcü hüquq müdafiəçiləri hazırda hakimiyyətdə təmsil olunmağa başlayıblar. Bunlar normal seçki nəticəsində mümkün oldu. Bütün bunlar Azərbaycanda həyata keçirilə bilərmi?
Nuşirəvan Məhərrəmli 20 əsrdə qalıb
– Nuşirəvan Məhərrəmli seçki öncəsi bir sıra xarici kanalların fəaliyyətinin məhdudlaşdırılacağını söyləyib. “Eurovision” yarışması ərəfəsində Azərbaycan insan hüquqlarına görə beynəlxalq aləmin diqqətinə gəlmişdi. Kanalların fəaliyyətinin məhdudlaşdırılması yenidən bu tendensiyanın təkrarlana bilməsi narahatçılığı ilə izah oluna bilərmi?
– Bütün diktatorlar eyni cür hərəkət edirlər. Dünya dəyişsə də, avtoritar liderlər yeni heç nə fikirləşməyiblər. Stalinin vaxtında “Azadlıq” radiosunun, “BBC”nin, “Amerikanın səsi”nin fəaliyyətini məhdudlaşdırırdı. Hakimiyyət elə düşünürlər ki, əgər onlar sadə vətəndaşa xarici kanallara çıxışı məhdudlaşdırsalar o zaman qələbə qazanacaqlar. Birincisi, hazırda 21-ci əsrdir. Nuşirəvan Məhərrəmli isə deysən hələ də 20-ci əsrin ortalarında qalıb. Hazırda internet vasitəsilə məlumatı bölüşmək çox asandır. Hakimiyyət 21-ci əsrdə Stalin və Beryanın metodları ilə hərəkət edir. Turqut Ər “Tiranlıqdan azadlığa” kitabında bunu açıq şəkildə yazıb. Hakimiyyət bu cür metodlarla hakimiyyətini uzatmağa çalışır. Ölkəni bu yol ilə bağlamaqla hakimiyyət öz ömrün qısaldır. Belə addımlar atıldıqca beynəlxalq birlik anlayacaq ki, Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq faydasızdır.
Gülər Əhmədova olayı hakimiyyətdəki digər “vasitəçiləri” qorxuya salıb
– Azərbaycanda parlamentin saxtakarlıq yolu ilə formalaşdırıldığı hamıya bəllidir. Amma nədənsə Gülər Əhmədova olayı ictimailəşəndən sonra böyük rezonansa səbəb oldu. Bunun səbəbi nədir?
– Bu video ilə hakimiyyətin saxtakar mahiyyəti konkret faktlarla sübut olundu. Məsələn, bu video mənim üçün yenilik deyildi və heç sona qədər də qulaq asmadım. Amma kimlər ki, hakimiyyətin saxtakarlığı barədə eşitmişdilər, amma bunu konkret faktlarla görməmişdilər, onlar bu videonu görəndə əlbəttə ki, dəhşətə gəldilər. Yəni yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
– Bir qayda olaraq hakimiyyət özündən olanları sona qədər müdafiə edir. Amma Gülər Əhmədova olayında bir qədər fərqli münasibət sərgiləndi. Gülər Əhmədova öncə müdafiə olunsa da, sonradan sərt tənqid olundu. Gülər Əhmədova video qalmaqalında öz fəaliyyətlə məşğul ola bilərdimi?
– Gülər Əhmədovaya bəlkə də sonda ciddi nəsə olmayacaq. Axı Gülər Əhmədova bu pulları sonda kiməsə verirdi. Gülər Əhmədova kimi şəxslər çoxdur. Əgər Gülər Əhmədova ciddi cəzalandırılsa, o, sabah pulu kimlərə verdiyini aça bilər. Gülər Əhmədovanın dediyi kimi hərənin öz siyahı tutanı var idi. Ramiz Mehdiyevin, Kəmaləddin Heydərovun və Mehriban Əliyevanın da öz siyahı tutanı olub. Hazırda deputat olmaq istəyənlərə vasitəçilik etmişlər Gülər Əhmədova ilə bağlı baş verənləri diqqətlə izləyirlər. Əgər Gülər Əhmədova cəzalandırılarsa, onlar da qorxuya düşəcəklər. Bu işlə təkcə Gülər Əhmədova məşğul olmurdu. Belə Gülərlər çoxdur. Təkcə parlamentdəki yerlər yox, nazirlərin postu da satılır.
Xəyal