“Uğurlu daxili-xarici siyasət” uğursuzluq dalanında

Dönəm dəyişib: uğursuzluq uğursuzluq dalınca gəlir – içdən də, dışdan da. Elə içdən də, dışdan da olduğundan başlarını itiriblər; nə edəcəklərini bilmirlər. Bircə elə Gülər Əhmədova faktı bunların necə bir siyasət yiyələri olduqlarını açıb ortaya qoydu. Mən G.Əhmədovanın hakimiyyətə banda xarakteri verən, bu hakimiyyətin bütünlüklə kriminal xarakter daşıdığını ortaya qoyan bəlli video çıxışlarını indilik bir qırağa qoyuram. Indilik bizim üçün daha önəmlisi hakimiyyət başında duranların G.Əhmədova ilə bağlı on gün içindəki dəyişkən siyasətləridir. Qabaqca G.Əhmədovaya hücuma keçdilər – Gülər yoxa çıxdı. Iki gün sonra Güləri qorumağa qalxdılar – Gülər sağa-sola dil uzatmağa başladı, arxasını necə güclü gördüsə, jurnalistlərə barmaq da silkələdi. Görünür, indi üçüncü yol komanda verilib, YAP yetkililəri “cinayətkar”, “tərbiyəsiz” deyə, Gülərə, özlərinin siyasi rejim prinsiplərinə uyğun olaraq, bəri başdan, SANKSIYA oxumağa girişiblər.
YAP yetkililəri indi ortaya Əli Əhmədov – Xoruz baba faktorunu atıblar. Bu, xalqı aldatmağa yönəlmiş bir gedişdir. Gülər Əhmədova üzərinə indiki yetkili yürüşü E.Abdullayevin “Azadlıq”da (6 oktyabr 2012) yeni yayımladığı videogörüntü-stenoqram faktı ilə bağlıdır. Burada Gülər Əhmədova daha çox pul qazanmaq, eləcə də şefinə daha çox pul qazandırmaq istəyindən əliyevçi rejimlə bağlı QORXUNC – DƏHŞƏTLI faktların üstünü açıb. Özü də konkret adlar çəkməklə. O, Ramiz Mehdiyevin, Kəmaləddin Heydərovun, Ilham Əliyevin, Mehriban Əliyevanın hər birinin ayrıca deputat siyahısı olduğundan danışıb. Bunlar bizə bəlli faktlar idi, ancaq biz bu faktların doğrulanmasında çətinlik çəkirdik. Sağ olsun, bizi bu çətinlikdən Gülər xanım qurtardı. Bu fakt Böyük Britaniya parlamentinin ortaya çıxardığı Əliyevlər ailəsinə bağlı 48 milyard dollarlıq oğurluq faktından az önəmli deyil, bəlkə, ondan daha önəmlidir. Indi bir daha aydın olur: çoxillik oğurluq-cinayət faktlarını ört-basdır etməklə, hakimiyyəti uzun illər qoruyub saxlamaq üçün, parlamenti hakimiyyətin nüvəsinə bağlı bir sıra kimsələrin siyahısına uyğun olaraq formalaşdırmaq gərəyi yaranır. Bax, bunu gizlətmək üçün YAP yetkililəri çox utandırıcı olsa da, özlərini Əli Əhmədov – Xoruz baba “təhqirinə” qarşı çıxan kimi göstərirlər.
R.Mehdiyevlə bağlı yeni, özü də darmadağın faktından sonra onun “müalicə” üçün ölkədən getməsi doğal-qanunauyğun görsənişdir. O, indi beş-üç gün öncə olduğu kimi televiziya ekranlarına çıxıb deyə bilməzdi: “…mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar”. Bunların “nüfuzu” da varmış, bilməmişik. Ancaq burasını bilirik: getməkdən başqa yolları qalmayıb. Bunu, sözsüz, özləri də bilirlər, buna görə də çaşqın durumda, vurnuxma içindədirlər.
I.Əliyev, deyəsən, indilikdə çıxış yolunu rayonlara çıxmaqda görür. Onun Tərtərdəki çıxışı gündəmi dəyişməyə, özünü korrupsioner çevrəsindən ayırmağa yönəlmiş bir çıxışdır. Demə, rüşvəti yığışdırmaq, korrupsiyaya son qoymaq üçün “inzibati addımlar atılır, cəza tədbirləri görülür, insanlar cəzalandırılır, həbs edilir. Ancaq sonra gələnlər də… eyni yolu gedirlər”. Atadanqalma korrupsioner komanda ilə, ötən yüzilin 70-ci illərindən rüşvət-korrupsiya ideoloqu olaraq tanınan birisini Prezident Administrasiyasının başında oturtmaqla, bütün seçkiləri saxtalaşdıraraq cib parlamenti formalaşdırmaqla, məhkəmə-hüquq sistemini buyruq quluna çevirməklə, ölkədə ailə-klan monopoliyası yaratmaqla, ölkədəki bütün başlıca gəlir qaynaqlarına prezident olaraq TƏKBAŞINA yiyələnməklə rüşvətin-korrupsiyanın qarşısını necə almaq olar?!
Görəsən, hakimiyyətin 10 gün üçündə üç yol dəyişən Gülər Əhmədova siyasəti bir daha dəyişəcəkmi? Dəyişəcəksə, Sirusdan SIMASIZ QULDURLAR PARTIYASI adını qazanmış YAP yetkililəri daha nə danışacaqlar? Görəsən, administrator-filosof ölkəyə dış yerlərdə keçirdiyi görüşlərin sonucu olaraq hansı ranqda qayıdacaq: daha da güclənib ötkünləşmiş, yoxsa?..
P.S. Redaksiyadan istəyim: bu yazının qonorarı Qarabağ savaşı veteranı olan işsiz əri, balaları ilə kirayədə qalan, siyasi rejimin mənəvi yoxsulluğu-yolsuzluğu üzündən dözülməz durumla üzləşən Iradə Qurbanovaya yardım üçün onun adına açılan bank hesabına köçürülsün.