Repressiya qurbanı Səlim bəy Behbudov
Mətbuat və elm aləmində “Bəy Behbudov”, “Behbud bəy Behbudov” kimi tanınan Səlim bəy Behbudov Azərbaycanın tanınmış ziyalılarından biri olub. Səlim bəy Mehrəli bəy oğlu 1885-ci ildə Şuşa qəzasının Üçoğlan kəndində anadan olub. O, Şuşa real məktəbini bitirdikdən sonra Sankt-Peterburq Texnologiya Institutuna daxil olub. Lakin 1905-ci ilin 9 yanvar Qanlı bazar günü Sankt-Peterburq Texnologiya Institutunun tələbəsi olan Səlim bəy Behbudovun tələbəlik həyatına son qoydu. 140 min nəfərin iştirak elədiyi inqilabi həyəcanda tələbələri ön sıralarda gedən bu ali məktəbi hökumət rəsmi şəkildə bağladı və üsyankar ruhlu gəncləri həbs etməyə başladılar. Birinci kurs tələbəsi, 20 yaşlı Səlim bəy də tutulmaq təhlükəsindən yaxa qurtararaq institutla vidalaşıb, Şuşaya qayıtmalı oldu.
Səlim bəy boş vaxtlarında Şuşada fransız dilini öyrənməklə məşğul oldu, Avropanın ali məktəblərindən birinə daxil olmaq üçün hazırlaşdı. Həmin vaxt dövrünün tanınmış həkimlərindən olan atası Mehrəli bəyin qəflətən vəfat etməsi Səlim bəyin vəziyyətini maddi cəhətdən ağırlaşdırdı. O, bir çox tələbələrə səxavətlə hamilik edən xeyriyyəçi Əjdər bəy Aşurbəyovun yanına getdi. Maarifə, təhsilə böyük qiymət verən bu Bakı milyonçusu Səlim bəyi ümidsiz qoymadı, ayda 25 manat təqaüdlə onu Fransaya ali təhsil almağa göndərdi. Səlim bəy Behbudov 1906-cı ilin yayında Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsinə qəbul olundu. Ilk günlərdən özünü fəal və çalışqan tələbə kimi göstərən Səlim bəy az müddətdə fransız dilini mükəmməl öyrəndi. Ərəb, fars, rus dillərini gözəl bildiyi üçün ikinci kursda oxuyarkən böyüklər üçün açılmış Berlits məktəbində rus və türk dillərindən dərs deməyə dəvət olundu. Beləliklə, o, tələbəykən həm də müəllim oldu, fransızlara bu dilləri öyrətməyə başladı. 1910-cu ildə təhsilini başa vuran Səlim bəy Behbudov Berlits məktəbinin müdiriyyəti ilə müqavilə əsasında Parisdə qalaraq, üç il də müəllimlik fəaliyyətini davam etdirdi.
Səlim bəy 1913-cü ildə Şuşaya qayıtdı. Bir müddət işsiz qaldı, evlərdə fransız dili dərsi verdi. 1917-ci ildə vaxtilə oxuduğu Şuşa Real Məktəbinə müəllimliyə dəvət olundu və eyni zamanda qız progimnaziyasında fransız dilini tədris eləməyə başladı. 1918-ci ildə Qarabağda baş verən hərc-mərclik, xüsusilə də, getdikcə alovlanan erməni-müsəlman davası Səlim bəyin real məktəbdən və qız progimnaziyasından getməsinə səbəb oldu. O, yenə də əvvəlki kimi evlərdə dərs deməyə başladı.
“Vikipedia”dakı bioqrafiyasında görkəmli ziyalının sonrakı taleyi haqqında geniş məlumat var. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövründə Səlim bəy Ağdama qaçqınlar üzrə müvəkkil vəzifəsinə göndərildi. O, bir müddət Aşağı və Yuxarı Qarabağda qaçqınların problemləri ilə, xüsusən də, onların yerləşdirilməsi ilə məşğul oldu. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Səlim bəy Behbudovu yüksək ixtisaslı kadr kimi dövlət idarələrinə işə cəlb elədilər. O, bir müddət Qarabağ Inqilab Komitəsində katib, tərcümə şöbəsinin, Azərbaycan Kənd Təsərrüfatı Bankı Ağdam şöbəsinin, Ağdam Icraiyyə Komitəsində torpaq şöbəsinin müdiri vəzifələrində çalışdı. Lakin çox çəkmədən ictimai mənşəyinə görə işdən azad olundu.
Ədəbiyyatda istedadlı tərcüməçi
Səlim bəy Behbudov 1926-cı ildə həmişəlik Bakıya köçdü, Dövlət Plan Komitəsində mədəniyyət bölməsinin katibi vəzifəsinə işə düzəldi. Dörd il burada çalışdı, sonra altı il də Azərbaycan Sənaye Şurasında, Azərxalçaittifaqda kadrlar üzrə iqtisadçı işlədi. O, eyni zamanda Bakıdakı 25 nömrəli orta məktəbdə fransız dilini tədris edirdi.
Səlim bəy də gözəl səsi vardı, həm yaxşı qarmon çalır, həm də poeziyaya və xalq yaradıcılığına böyük həvəs göstərirdi. O, folklor nümunələrini – atalar sözlərini, zərb-məsəlləri, nağılları, bayatıları, tapmacaları və s. toplayır, dövri mətbuatda dərc etdirirdi.
Bədii nəsrimizin banisi Ismayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsinin fransız dilində olan yeganə nüsxəsinin Azərbaycan dilinə təcüməsini də Səlim bəy Behbudov edib. Salman Mümtaz “Ədəbiyyat” qəzetinin 1936-cı il 11 mart tarixli nömrəsində “Yüz il bundan əvvəl Azərbaycan nasiri” adlı məqaləsində bu tərcümə barəsində belə yazırdı: “Mənim tövsiyəmə görə hekayənin tərcüməsi Səlim Behbudov yoldaşa və sətirləri qaralamaqla mənə mühəvvəl edildi”. Nəhayət, gərgin zehni əməkdən və ədəbi redaktədən sonra əsərin tərcüməsi nəşriyyata təqdim olundu və hekayə qısa müddətdə işıq üzü gördü. “Rəşid bəy və Səadət xanım”ın fransızcadan tərcümə olunub, nəşr edilməsi Səlim bəy Behbudovu ədəbi ictimaiyyət arasında istedadlı bir mütərcim kimi də tanıtdı və onun adı “Azərnəşr”in tərcüməçiləri siyahısına həmişəlik yazıldı. Çətin və mürəkkəb əsərlərin dilimizə çevrilməsi ona etibar edildi. Çox çəkmədən bu istedadlı tərcüməçi “Azərbaycanca-fransızca-rusca lüğət” üzərində işləməyə başladı. Tərtibçiyə bu işdə bir qadın mütəxəssis də kömək edirdi. Bu fundamental iş hələ başa çatmamış nəşriyyatın bədii ədəbiyyat şöbəsi fransız mahnı canrının mahir ustası kimi şöhrətlənmiş, mahnılarında əsas yeri siyasi satira tutan fransız şairi Pyer Jan Beranjenin “Seçilmiş şeirlər” toplusunu plana saldı və tərcüməni Səlim bəyə tapşırdı. Kitabın redaktoru isə o vaxtlar hələ gənc şair olan Məmməd Rahim idi. Ciddi tərcümə və bədii redaktədən sonra görkəmli fransız şairinin əsərləri azərbaycanlı oxucuların ixtiyarına verildi. Kitabda tərcüməçinin ad-familiyası belə yazılmışdı: “B.Behbudov”. Bu tərcümə də Səlim bəyə böyük şöhrət gətirdi. O, “Azərnəşr”lə müqavilə əsasında əməkdaşlığını bir müddət davam etdirdi, müxtəlif səpkili əsərləri ana dilimizə çevirdi.
Böyük Vətən müharibəsi ərəfəsində Səlim bəy “Azərnəşr”lə əlaqəsini kəsmişdi və daha tərcümə işləri ilə məşğul olmur, yalnız orta məktəbdə dərs deməklə kifayətlənirdi.
Qapını döyən qara xəbər
Repressiya illərində minlərlə günahsız insanın, xüsusən də, əsilli-nəsilli adamların, milli ruhlu ziyalıların məhv edilməsini gözlərilə görən Səlim bəy yaşadığı quruluşla qəti barışa bilmirdi. O, artıq bu hökumətdən əlini üzmüş, küskünləşmişdi. Hətta işə də getmir, bəzi adamlardan uzaq gəzirdi. Gedəcəyi yer isə yalnız yaxın qohum-əqrəbalarının və dost-tanışlarının evləri idi. Hər gün axşamçağı gözündə eynək, başında hündür şlyapa, əynində qara rəngli pencək olan Səlim bəy sədəfə tutulmuş əsasını da götürərək bəzən ailəsi ilə, bəzən də tək-tənha evdən çıxır, bir də gecəyarısı qayıdırdı. Bu isə onu qarabaqara izləyən dövlət təhlükəsizlik orqanları əməkdaşlarının nəzərindən yayınmırdı. Onun ardınca düşən agentlər Səlim bəyin hər bir addımına göz qoyurdular.
1942-ci il yanvarın 22-də Səlim bəyə cinayət işi açıldı. Dövlət təhlükəsizlik leytenantı B.I.Kalyagin cinayət işini belə rəsmiləşdirmişdi: “Səlim bəy Behbudov antisovet ünsürdür. 1940-1942-ci illərdə o, hökumətdən narazı olan bir dəstə adamı başına toplayaraq müntəzəm surətdə Sovet hakimiyyətinə qarşı gizli əksinqilabi təşviqat aparır. Köhnə bəy-xan ağalığı dövrünün qanun-qaydalarını tərifləyərək onun bərpa olunması mövqeyində dayanır. Kolxoz quruluşuna böhtan atır, sosialist tədbirlərinə, vergi siyasətinə qarşı çıxır. Faşistlərin müvəqqəti olaraq tutduqları rayonlarda dinc əhaliyə və hərbi əsirlərə qarşı etdikləri vəhşiliklər barədə Sovet informasiya bürosunun məlumatlarının yalan olduğunu təsdiqləyir. Bir sözlə, Böyük Vətən müharibəsində Sovet xalqının məğlubiyyətinin tərəfdarı kimi çıxış edir və sair və ilaxır”.
Yanvarın 24-də Səlim bəy həbs olundu və 11 ay həbsxanada dəhşətli işgəncələrə məruz qaldı. Sonra isə yaxın dostu Mövsüm bəy Əhmədovla birlikdə gülləndi…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir