Nəqliyyat naziri «Azal»ın və XDGMI-nin müstəqilliyinə son qoyur
Nəqliyyat naziri Ziya Məmmədov əzəli rəqibləri “Azal” prezidenti Cahangir Əsgərovu və Xəzər Dəniz Gəmiçiliyi(XDGMI) Idarəsinin rəisi Aydın Bəşirovun küncə sıxmaqda davam edir. Məlumat üçün deyək ki, hər iki qurum rəsmən Nəqliyyat Nazirliyinə tabe olsa da, indiyə qədər nə Cahangir Əsgərov, nə də Aydın Bəşirov Ziya Məmmədovla hesablaşıb.
“Azal” prezidentinin hakim ailəyə, XDGMI-nin rəisi Aydın Bəşirovun isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxınlığı onlara müstəqillik statusu verib. Hətta adıçəkilən məmurlar müstəqil qurum rəhbərləri kimi hökumətin müşavirələrində də iştirak edirdilər. Lakin son vaxtlar həm Aydın Bəşirov, həm də Cahangir Əsgərov müşavirələrdə görünmür. Bu qurumlarla bağlı hesabatı Ziya Məmmədov Ilham Əliyevin diqqətinə çatdırır. Sonuncu müşavirədə də belə oldu. Bu isə onu göstərir ki, artıq nəqliyyat naziri rəqiblərini yerində oturda bilib. Doğrudur, Ziya Məmmədovun “Azal”a və XDGMI-yə tam nəzarət etdiyini hələ söyləmək bir qədər doğru olmazdı. Amma belə davam edəcəyi təqdirdə nəqliyyat nazirinin ya Cahangir Əsgərovla Aydın Bəşirovu ram etmək, ya da onların çıxarılmasına nail olmaq hesabına “Azal”ı və XDGMI-nin müstəqilliyinə son qoyacağı gözləniləndir.
Hikmət