Məhərrəm Əliyevdən rəqiblərinə mesaj

Sabiq rəisin qardaşı Elşad Abdullayevin bütün videoları yaymasını istədi

Elşad Abdullayevin Bakı Şəhər Baş Polis Idarəsinin o zamanki rəisi Məhərrəm Əliyevlə görüşünü əks etdirən videogörüntülərin yayımlanacagı barədə məlumat yayılmışdı. Həmin məlumatda deyilirdi ki, sabiq rektor qardaşı Mahir Abdullayevın oğurlanması ilə bağlı həmin vaxt Bakı Şəhər Baş Polis Idarəsinin rəisi olan Məhərrəm Əliyevlə özünə məxus restoranda görüşüb. Həmin görüşü Elşad Abdullayev videolentə aldırıb. Məlumata görə, Elşad Abdullayevlə Məhərrəm Əliyevin 2 saata yaxın çəkən söhbətində ayrı-ayrı güc nazirliklərinin rəhbərliyində olan şəxslərin adı çəkilib.
Söhbət zamanı Məhərrəm Əliyevin “imkan verilsə, mən bu işin axırına çıxacağam” dediyi bildirilir.  
Məhərrəm Əliyevin qardaşı, deputat Adil Əliyev “Bizim Yol”a  açıqlamasında belə bir videonun yayımlanacağı təqdirdə heç bir narahatçılığın olmayacagını deyib: “Elşad Abdullayevin yayımlayacağı videoda Məhərrəm Əlieyevin narahat edəsi heç bir məqam yoxdur. Elə yaxşı olardı ki, Elşad Abdullayev əlindəki bütün videoları yayımlasın. O zaman kimin kim olduğu üzə çıxacaq”.
Adil Əliyevin Məhərrəm Əliyevin icazəsi olmadan belə bir açıqlama verməsi inandırıcı görünmür. Bu baxımdan Adil Əliyevin açıqlamasına əslində Məhərrəm Əliyevin mesajı kimi yanaşmaq lazımdır. Özü də görünən odur ki, sabiq polis rəisi çox arxayındır. Görünür, Məhərrəm Əliyevdə Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin kimlər tərəfindən oğurlanması və sabiq rektorun bu məsələ ilə bağlı apardığı sövdələşmələr barədə ciddi məlumatlar var. Yəni, Məhərrəm Əliyev yaxşı bilir ki, Elşad Abdullayev qardaşının tapılması ilə bağlı kimlərə pul verib. Ola bilər ki, Elşad Abdullayev sözügedən görüşdə bu məlumatları Məhərrəm Əliyevin diqqətinə çatdırıb. Bu baxımdan da sabiq polis rəisi həmin görüşün videosundan arxayındır, həmçinin bütün videoların yayılmasını istəyir.