“Azərbaycan iqtisadiyyatı hazırda bp-nin qərar və davranışlarından asılı vəziyyətədir. Ona görə də hökumətin bp ilə müqavilələrə yenidən baxması real deyil”. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu “Media forum” saytına belə deyib.
Ekspertin sözlərinə görə, 2011-ci ildən Azərbaycan iqtisadiyyatının artım tempi azalmağa başlayıb və ötən il 4,1 faiz iqtisadi artım qeydə alınıb: “Hökumət bunun əsas səbəbini neft-qaz sektorunda hasilatın aşağı enməsi ilə izah edirdi. Gözləntilər ondan ibarət idi ki, neft-qaz sektorunda hasilatın səviyyəsi aşağı enəndə qeyri-neft sektorunda iqtisadi artım bunu kompensasiya edəcək və son nəticədə ümumi daxili məhsulun artımında problem yaranmayacaq. Amma bu il ümumi daxili məhsulun artımında problemlər var. Hətta bəzi beynəlxalq təşkilatlar, o cümlədən Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımın səviyyəsi ilə proqnozlarını dəyişdilər, bir necə gün əvvəl iqtisadi artım tempinin bir qədər də aşağı düşəcəyini elan etdilər.
Nazirlər Kabinetinin 10 oktyabr iclası da göstərdi ki, iqtisadi artımın yavaşımasının əsas səbəblərindən biri məhz neft sektorunda alğı-satqının aşağı düşməsidir. Azərbaycan iqtisadiyyatı, hökuməti neft sektorunda hasilatın aşağı düşməsinə hazır deyil. Ona görə də günahkar axtarırlar. Günahkar axtarışında isə daha çox bp hədəf seçildi”.
İqtisadçı hesab edir ki, bp-nin Azərbaycanda neft-qaz hasilatını uzun müddət artırması mümkün deyil: “Nə vaxtsa neft-qazın hasilatı azalmalıdır və bu proses bir necə ildir müşahidə olunur. Bundan bir növ narahatlıq var. Çünki iqtisadi artım tempi aşağı düşəndən sonra tənəzzül başlayır. Qarşıdan prezident seçkisi gəlir və iqtisadi artımın aşağı enməsi, tənəzzülün baş verməsi həm də hazırkı hökumətin siyasi məqsədlərinə uyğun deyil. İqtisadi artımın aşağı enməsi səbəblərini prezidentə o formada çatdırıblar ki, bu, bp-nin hasilatı məqsədli şəkildə aşağı salması ilə bağlıdır. Əslində bp hökumət qarşında öhdəlik götürməyib, sadəcə olaraq şirkət proqnozlar vermişdi. Bu proqnozlara görə, hasilatda artım olmalıydı. Lakin müxtəlif texniki və digər iqtisadi səbəblər üzündən hazırda bp hasilatda artım tempini saxlaya bilmir. Burada müxtəlif texniki səbəblər də ola bilər. Digər tərəfdən indiki halda hasilatın artımını yüksəltmək üçün gərək istismarla daha çox məşğul olsunlar. Amma bu da sonradan kəskin azalmaya gətirib çıxara bilər. Müəyyən mənada bp də azalmaya kəskin deyil, daha çox stabil keçid təmin etmək istəyir. Şirkət bunun üçün son illərdə hasilatın tənzimlənməsi ilə məşğul olub”.
Qubad İbadoğlu bildirib ki, prezident İlham Əliyevin şirkətlərin öz xərclərini açıqlamamaları haqda dedikləri ilə razıdır: “Prezident çıxışında qeyd edib ki, bp Azərbaycanın neft-qaz sektoruna 28 milyard dollar investisiya qoyub, 74 milyard gəlir əldə edib. Biz 28 milyard dolların özünü çox böyük rəqəm hesab edirik. Bu məbləğ “Əsrin müqaviləsi” imzalananda müqavilənin elan olunmuş smeta dəyərindən ən azı üç dəfə çoxdur. Ona görə də biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü koalisiyası olaraq Azərbaycanda şirkətlərin fərdi hesabat verməsini, eyni zamanda şirkətlərin xərclərinin açıqlanması yolu ilə şəffaflığı təmin olunmasını tələb edirik”.
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri qeyd edib ki, indi Azərbaycan hökumətinin çıxış yolu yoxdur. Onun sözlərinə görə, uzun müddətdir iqtisadiyyatın şaxələnməsi problemi həll olunmayıb və iqtisadiyyat kəskin şəkildə bir şirkətdən asılı vəziyyətə düşüb: “İndiki vəziyyətdə bp ilə müqavilələrə yenidən baxılması iqtisadi və siyasi baxımdan çox riskli addım olar. Ola bilər ki, Azərbaycan hökuməti müxtəlif vasitələrlə bp-ni ən azı bu il və gələn il hasilatı artırmağa təhrik eləsin. Çünki hər iki il siyasi baxımdan önəmli ildir. Amma bu bütövlükdə vəziyyəti dəyişməyəcək. Vəziyyəti dəyişmək üçün ölkə iqtisadiyyatının diversifikasiyasına nail olmalıyıq. Azərbaycan hökuməti onsuz da bp ilə şəffaflıq təşəbbüsündə də, neft strategiyasının reallaşmasında da əməkdaşlıq edib. Ölkənin xarici siyasətində də bp-nin rolu var. Bu səbəblərdən bp ilə əməkdaşlığa birdəfəlik son qoyulacağına, nəyinsə dəyişəcəyinə inanmıram.
Hesab edirəm ki, prezidentin dedikləri sadəcə olaraq bir mesaj idi. Görünür, bp-yə mesajı yüksək səviyyədə çatdırmaq lazım idi. Yəqin ki, Azərbaycan Dövlət Neft Şirkəti səviyyəsində bp-nin qərarlarına təsir etmək mümkün olmayıb. Ona görə də bunu daha yüksək səviyyədə çatdırmaq üçün prezident tərəfindən səsləndirilməsinə ehtiyac yaranıb. Əsas məsələ bp-nin hasilatı artırmağa təhrik etməkdir. Hasilatın artımı həm də neft gəlirlərinin artması deməkdir. Azərbaycan hökumətinin bu il neft gəlirləri üçün gözləntiləri daha çoxdur. Çünki gəlirlər hər il çox sürətlə xərclənir və gəlirlərin azalmasının qarşını almaq üçün mütləq hasilatı artırıb daha çox neft satmaq Azərbaycan hökumətinin əsas strategiyasından biridir. Bu baxımdan gəlirlərin azalması da hökumətin apardığı siyasətin əleyhinə işləyə bilər. Eyni zamanda hökumətin həm sosial, həm də siyasi zəmində təklənməsi imkanlarını məhdudlaşdıra bilər. Bu baxımından da hökumətdə narahatlıqlar var”.
Ekspertin sözlərinə görə, hasilatın azalmasının dünya bazarındakı qiymətlərlə heç bir əlaqəsi yoxdur: “Yalnız gəlirin formalaşmasında qiymət və həcm amili əhəmiyyətli rol oynayır. Onsuz da neftin qiyməti yüksəkdir. Neft hasilatında həcminin yüksək olması gəlirlərin çoxalmasına gətirib çıxaracaq. Amma neft hasilatının aşağı düşməsi həm iqtisadi, həm texniki, həm də təbii amillərlə izah oluna bilər. Bir səbəb neftin çıxarılması və hasilat imkanlarının zəifləməsidir. İkincisi, texniki səbəblərdir. Gürcüstanla Rusiya arasındakı müharibə, qəzalar nəticəsində hasilatda fasilələr baş vermişdi. Üçüncüsü, bp Azərbaycanda uzun müddət fəaliyyət göstərmək istəyir. “Əsrin müqaviləsi” 2024-cü ildə başa çatır. Müqavilənin uzadılması ilə bağlı hökumətlə şirkət arasında razılaşmalar var. bp indi daha çox investisiya yatırır. Eyni zamanda hasilatın aşağı düşməsi ilə müqavilənin müddətinin azalması və növbəti dövr üçün ehtiyatların saxlanılması məqsədi güdülə bilər”.