Prezident qızının adı cinayət işində

Özbəkistan rəhbərinin qızı Gülnarə Kərimovanın ortağı İsveçrədə həbs olunub

İsveçrədə həbs olunmuş Özbəkistan vətəndaşı ilə bağlı pul yuma istintaqı ölkə prezidentinin qızı Gülnarə Karimovaya gətirib çıxarıb. Jurnalistlərin Fransada aşkarladığı 8 sənəddə Gülnarə Kərimovanın və İsveçrədə həbs olunmuş Alişir Erqaşevin birgə imzaları var. Gülnarə Kərimova sənədləri şirkətin sahibi, Erqaşev isə direktoru kimi imzalayıb. Sənədlərdə belə iki şirkət var və onların vasitəsilə  Fransada əmlak almaq istəyirlərmiş, ya da alıblar.

2009-2011-ci illərə aid olan bu sənədləri İsveçin xəbər agentliyi “Tidningarnas Telegrambyra” əldə edib.

FRANSADA BELƏ SƏNƏDLƏR AÇIQDIR

Gülnarə Kərimova ilə Alişir Erqaşevin imzaladığı sənəd

İsveç jurnalistləri sənədləri Fransanın şirkət registrindən götürüblər. Bu registr hamıya açıqdır. Sənədlərə  görə, Kərimova və Erqaşev Fransanın sahil zolağındakı Gassin şəhərində azı bir dəfə əmlak almağa cəhd ediblər. Onların şirkətinin qərargah ünvanı kimi göstərdiyi yer də Parisin lüks rayonundadır. Burda bir kvadrat metr mənzilin qiyməti 19 min avrodan 38 min avroya kimidir.

Maraqlıdır ki, sənədlərdə imzası olan Erqaşev “Coca Cola”nın Özbəkistan bölməsinin rəsmilərindəndir. O və  “Coca Cola Özbəkistan”ın digər rəsmisi Şorhurh Sabirov iyul ayında İsveçrədə həbs olunublar.

DAHA İKİ 2 NƏFƏR DƏ GULNARA KARİMOVA İLƏ YAXINDIRLAR

Erqaşev və Sabirovdan başqa Özbəkistanın daha iki vətəndaşının adı İsveçrədə və İsveçdə açılmış digər cinayət işlərində çəkilir. Maraqlıdır ki, cinayət işləri müxtəlif olsa da, bu 4 adam sonda bir-biri ilə sıx əlaqəli çıxır. Və onların hamısı Gülnarə Kərimova ilə yaxındırlar.  

Bunlardan biri Behzad Əhmədovdur. O, Rusiyanın mobil telefon operatoru MTS-in Özbəkistandakı bölməsinin direktoru olub. Özbəkistan hakimiyyəti ilə MTS arasında problem yarananda ölkədən qaçıb.

İsveçrənin pul yuma üzrə müstəntiqləri Əhmədovu Gülnarə Kərimovaya yaxın şəxs kimi dəyərləndirirlər. Hərçənd onların biznes əlaqələri haqda sənədlər ictimaiyyətə təqdim olunmayıb. Əhmədovun hazırda yeri məlum deyil.

PREZİDENT QIZI İLƏ ŞƏKİL ÇƏKDİRƏN AVAKYAN

Solda Gülnarə Kərimova, sağda Qayane Avakyan

Adı İsveçrədə və İsveçdə açılmış istintaq materiallarında gedən dördüncü Özbəkistan vətəndaşı Qayane Avakyandır. O, “Takilant Limited” şirkətinin rəhbəridir. Bu şirkət İsveç-Finlyandiya şirkəti olan “TeliaSonera”dan pul almaqda şübhəli bilinir. Şübhələrə görə, bu pulun müqabilində “TeliaSonera”ya lisenziya və Özbəkistanın mobil telefon bazarına çıxış vəd olunurmuş.

Bu ayın əvvəlində İsveç prokurorluğu “Takilant”ın İsveçdəki hesabında 30 milyon dolları dondurulub. Hesabın açılması haqda müraciətdə Avakyan və “Coca Cola Özbəkistan”ın keçmiş rəsmisi Erqaşev “Takilant”ın İsveçdəki təmsilçiləri kimi göstərilib.

İsveçdə aparılmış və mediada sentyabrda yer almış araşdırmada deyilirdi ki, “TeliaSonera” Özbəkistan bazarına daxil olmaq üçün 2008-ci ildə “Takilant”a 320 milyon dollar verib.

Yəqin sual yaranır ki, bu Takilant nə şirkətdir ki, Özbəkistanda belə nüfuzludur? Maraqlıdır ki, bu şirkət heç Özbəkistan şirkəti də deyil. O, Cəbəllüttariq iqtisadi  zonasında yaradılıb.

“TeliaSonera” 3G lisenziyasını və telefon nömrələrini almaq üçün 2007-ci ildə “Takilant”a 30 milyon dollar verdiyini etiraf edib. Ancaq rüşvət verdiyini inkar edir.

Adı cinayət işində hallanan Qayane Avakyan da  Gülnarə Kərimova ilə bağlıdır və o, hazırda Daşkənddədir. Avakyan Gülnarə Kərimovanın Moda Evinin direktorudur. Onun tez-tez prezident qızı ilə birgə fotoları çıxır.

BUNLARIN YÜZ MİLYONLARLA DOLLARLIQ ŞİRKƏTLƏRİ VAR

İsveç televiziyasının videosu- Gülnarə Kərimova və Qayane Avakyan

İsveçrə bildirir ki, bu 4 Özbəkistan vətəndaşının bütün bank hesablarını dondurub. Onların şirkətlərinin və şirkətlərdəki paylarının qiyməti yüz milyonlarla dollar məbləğində qiymətləndirilir.

Kərimovanın pullarına isə toxunan yoxdur. 40 yaşlı Kərimovanın var-dövləti azı 500 milyon dollardır. O, İsveçrədə yaşayan  ən varlı qadınlar siyahısında həmişə yer alır.

Moda dizayneri, pop musiqiçi, Özbəkistanda xeyriyyə təşkilatlarının başçısı olan Gülnarə Kərimova İsveçrənin Cenevrə şəhərində yaşayır. Çünki BMT-nin Cenevrədəki Ofisində Özbəkistandan səfirdir.

Məqalə “Azadlıq” radiosundan götürülüb.