Məktəblilər və onların valideynləri üsyana qalxdı

311 saylı məktəbin şagirdləri və onların valideynləri Zabrat yolunu bağlamağa cəhd etdilər

Bakının Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəbin fəaliyyəti dayandırılıb. Bu barədə qərar oktyabrın 8-də verilib. Təhsil ocağının fəaliyyətinin dayandırılmasının səbəbi binanın altından irihəcmli neft və qaz borusunun keçməsidir…
“Biz məktəb binasının altında neft borusunun keçməsindən narahat deyilik”
Sözügedən məktəbin bağlanmasına etiraz əlaməti olaraq burada dərs alan şagirdlər və onların valideynlər ötən gün aksiya keçirdilər. Aksiyaçılar məktəbin yerləşdiyi binanın qarşısında toplaşmışdılar. Daha sonra Zabrat yolunu bağlamağa cəhd göstərdilər.
Hadisə yerində olarkən əraziyə çoxsaylı polis qüvvələrinin cəlb olunduğunu gördük. Təxminən 100-ə yaxın narazı şagird-valideyn birliyi ayaqda idi. Bununla belə aksiyada sayca narazılardan çox polislərə rast gəlmək olardı. Valideynlər məktəbin açılmasını tələb edirdilər. Onlar övladlarının Balaxanı kəndində yerləşən litseyə getmək istəmədiklərini bəyan etdilər.
Valideynlər deyirlər ki, bu vaxta qədər neft borusu üstündə yerləşən məktəbi bağlamaq heç kimin yadına düşməyib, indi şagirdlərin qeydinə qalmağa başlayıblar. Aksiyaçılar qeyd etdilər ki, uşaqlarının 311 saylı məktəbdə təhsil almasından narazı deyillər: “Biz məktəb binasının altında neft borusunun keçməsindən narahat deyilik”.
Yolu bağlamağa çalışan etirazçıları isə polis ərazidən uzaqlaşdırmağa çalışdı. Daha sonra polis şikayətçilərin adlarının bir-bir yazıb, onların problemlərini dinləyib müvafiq orqanlara çatdıracaqlarını söylədilər.

Valideynlər bizimlə söhbətdə elan etdilər ki, problem həll olunmasa aksiyalar davam edəcək. Şikayətçilər təklif olunan məktəblərin onları qane etmədiyini dedilər. Təhsil Nazirliyi onlara 259 və 170 saylı orta məktəbləri, o cümlədən 17 saylı peşə məktəbini təklif edib. 311 saylı məktəbin 1200 nəfər şagirdi var. Valideynlər isə adıçəkilən məktəblərin uzaqda yerləşdiyini və uşaqların hər səhər dərsə getməsi üçün xeyli məsafə qət etmək məcburiyyətində qalacaqlarını bildirdilər. Qeyd etdilər ki, onlar təklif olunan məktəblərə övladlarını göndərməyəcəklər.
Iclasda direktor məktəbin sökülüb başqa yerdə tikiləcəyinə söz veribmiş
Narazılar 311 saylı məktəbdə dərslərin davam etdirilməsini yaxud da yaxınlıqda yeni məktəb binası inşa olunmasını da şərt kimi irəli sürdülər. Polis isə aksiyaçıları bölməyə dəvət etdi. Onlara izah olundu ki, polislə birgə gedib bölmədə şikayət ərizəsi yazsınlar və məktubları aidiyyəti qurumlara çatdırılsın. Bununla razılaşmayan vətəndaşlar aksiyaların davamlı xarakter alacağını əlavə etdilər. Hələlik isə uşaqlar təhsilsiz qalıblar.

Məktəbin bağlanacağı və bu səbəbdən aksiyaların başlanacağı isə gözlənilən idi. Proses buna doğru gedirdi. Çünki ilk gündən valideynlərə bu barədə xəbərdarlıq edilmişdi. Hətta iclasda direktor valideynlərə məktəbin sökülüb başqa yerdə yeni binasının tikiləcəyinə söz vermişdi.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanov məktəbin bağlanması barədə əmr imzalayıb. Bakı Şəhəri üzrə Təhsil Idarəsinin sözçüsü Zəminə Əliqızı mətbuata açıqlamasında deyib ki, FHN mütəxəssislərinin məktəbə baxışdan sonra hansı qərarı verəcəyini gözləmək lazımdır: “Məktəb binasının sökülüb-sökülməyəcəyi FHN-nin mütəxəsislərinin rəyindən asılı olacaq. Hazırda biz həmin məktəbin müəllim və şagird heyətini başqa məktəblərə köçürmüşük”.
Idarənin tikinti şöbəsinin müdiri Mirsahib Bayramov da faktı təsdiqləyib: “Məktəbin həyətindən mazut çıxır və buna görə də orada təhsil almaq mümkünsüzdür. Ərazidə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş nazirin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov olub. Mütəxəssislər həmin məktəbin dərhal sökülməsinə qərar veriblər”.
Xatırladaq ki, 311 saylı orta məktəbi Ilham Əliyevin 27 fevral 2006-cı il tarixli sərəncamı ilə Təhsil Nazirliyi inşa edib. O zamanlar nazirlikdə tikinti işlərinə Misir Mərdanovun yaxın qohumu Allahverdi Dəmirov rəhbərlik edirdi.

Ramin DEKO