guler ahmedova

Gülər Əhmədovanı hansı məmur və qrup himayə edir?

guler ahmedovaRamiz Mehdiyevin çevrəsi MTN şefi və Paşayevlərdən şübhələnir

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin sabiq deputat Gülər Əhmədova ilə bağlı rüşvət videosu ilk günlərdə hakimiyyət düşərgəsində ciddi ajiotaj yaratsa da, sonradan bir qədər sükut yarandı. Amma son iki gündə bu məsələ yenidən hakimiyyəti hərəkətə gətirib. Məsələ sabiq deputatın YAP-ın orqanı olan qəzetdə təhqir edilməsinə qədər qəlizləşib. Ilk baxışda baş verənlərin YAP-ın icraçı katibi Əli Əhmədovun Gülər Əhmədova tərəfindən təhqir edilməsilə əlaqəli olduğu görünsə də, “Azadlıq”a daxil olan məlumatlarda məsələnin kökündə hakimiyyətdaxili ziddiyyətlərin dayandığı bildirilir.
Biz hələ Prezident Administrasiyasının (PA) Ramiz Mehdiyev “Gülər Əhmədova olayı”na münasibət bildirəndən sonra yazmışdıq ki, bu məsələdən ona qarşı istifadə cəhdindən hiddətlənən PA rəhbəri yaxın çevrəsinə hücum əmri verib və yaxın günlərdə bu özünü göstərəcək.
Son baş verənlər yazdıqlarımızın əsassız olmadığını ortaya qoydu. Ramiz Mehdiyevin nəzarətində olan hakim partiyanın tanınmış simaları Əli Əhmədovu müdafiə adı altında Gülər Əhmədovaya qarşı hücuma start verdilər. Artıq iki gündür ki, Gülər Əhmədova YAP-ın hədəfindədir. Halbuki sabiq deputat məlum “Xoruz baba” statusunu zarafatyana yazdığını və heç bir sətiraltı məna daşımadığını bəyan eləmişdi. Gülər Əhmədovanı topa tutan YAP-çıların açıqlamalarında diqqət çəkən məqamlardan biri də sabiq deputatın hansısa məmurlar tərəfindən müdafiə olunması barədə iddialar idi. Hətta hakim partiyanın Idarə Heyətinin üzvü Kərim Kərimov ad çəkmədən Gülər Əhmədovanı müdafiə edən məmurlara xəbərdarlıq da  etmişdi: “Mən, eyni zamanda, Gülər Əhmədovaya havadar çıxan məmurlara xəbərdarlıq edirəm ki, belə hərəkət etməsinlər, onu himayə etməkdən çəkinsinlər. Çünki bu ayıbdır” YAP-ın icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı isə bildirib ki, Gülər Əhmədovanın özü də bu mövzunun gündəmdə qalmasında maraqlıdır. Lakin deputat sabiq həmkarının marağının nədən ibarət olmadığını açıqlamayıb.
“Azadlıq”a daxil olan məlumatlara görə, Ramiz Mehdiyevin nəzarətində olan YAP-ın Gülər Əhmədovanı hədəf seçməsi sabiq deputatın hakimiyyətdə PA rəhbərinin əleyhinə olan qüvvələrlə anlaşması ilə bağlıdır. Ramiz Mehdiyevdə və komandasında belə bir rəy yaranıb ki, Gülər Əhmədova özünü onlar tərəfdən müdafiə edilmədiyini görüb hakimiyyətdə rəqib qüvvələrin təsir dairəsinə düşüb. PA rəhbəri və komandası əsasən MTN-dən şübhələnir. Gülər Əhmədovanın MTN-nin nəzdindəki Əsir və Girovların Axtarışı üzrə Dövlət Komissiyasının üzvü olması, həmçinin onun “məndə də videolar var” bəyanatı (Gülər Əhmədova sonradan bu bəyanatını təkzib etmək məcburiyyətində qalıb) bu şübhələri bir qədər də artırır. Məlumatda bildirilir ki, Ramiz Mehdiyevin komandası Paşayevlərin nəzarətində olan MTN-nin Gülər Əhmədovadan PA rəhbərinə qarşı istifadə etmək niyyətindədir. Yeri gəlmişkən, MTN vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdən də Ramiz Mehdiyevə qarşı istifadəyə cəhd göstərib.  Bu baxımdan da PA rəhbərinin komandası Gülər Əhmədovanın həbsini tələb şəklində səsləndirməyə başlayıb. Lakin hələ ki, prokurorluq Gülər Əhmədovanı şahid qismində dindirməkdən o yana keçə bilməyib. Bu da ən yüksək səviyyədə siyasi qərarın olmaması ilə izah edilir. Məlumata görə, Ramiz Mehdiyev və komandası da ölkə başçısı Ilham Əliyevin məsələyə münasibətini səbirsizliklə gözləyir.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, iki gündür Gülər Əhmədovanı tənqid edən YAP-çı deputatlar Milli Məclisin payız sessiyasının ilk iclasında bu məsələ barədə susdular. Ehtimal olunur ki, bu susqunluq spiker Oqtay Əsədovun tapşırığı ilə olub. Qeyd edək ki, spikerin də Paşayevlərə yaxın olduğu bildirilir. Beləliklə “Gülər Əhmədova olayı” hakimiyyətdə iki güclü və rəqib qruplaşma –  Paşayevlərlə “Naxçıvan” klanı arasında yeni “müharibə” alovunun yaranmasına səbəb olub.

Namiq Cəfərli